Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5200/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Ərizəçi “faktın tanınması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixində xxxxxxx000100 nömrəli bildiriş ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktını tanınmasını və bildirişin elektron informasiya sistemində silinməsi hüququnun DƏMX-ə həvalə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru olaraq yarandığı tarixdən yəni ki, xx.xx.2019-cu ildə əmək müqaviləsi bağlamışdır. "xxxx" MMC yarandıqdan sonra gəlir qazana bilmədiyindən bir müdət sonra Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv etmək qərarına gəlmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olaraq 29 dekabr 2019-cu il tarixindı "xxxx" MMC-nin VÖEN (VÖEN**********) ləğv edilməsi, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilməsi, Ərizəçi təsviyyəçi təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətləri həvalə etməyi qərara almışdır. Həmçinin müvafiq qərara əsasən, təsviyyəçi 10 gün müddətində müvafiq mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilkin məlumat dərc edilməyi və təsviyyəçi tərəfindən 15 gün ərzində, cəmiyyətin ləğv prossesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində daxil edilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara almışdır. Ərizəçi bildirir ki, direktor vəzifəsindən azad olunması və hüquqi şəxsin ləğv edilməsi, həmçinin digər nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsinə baxmayaraq, əmək müqaviləsi xitam verilmədiyindən yeni iş ilə təmin oluna bilmir. MMC fəaliyyət göstərmədiyindən və ləğv olunduğundan MMC-ilə aralarında olan əmək müqaviləsinə xitam verilməsi qeyri-mümkün hala çevrilmişdir. Bundan savayı, əmək müqaviləsinə xitam verilməsi üçün X1 müraciət olunmuşdur. Lakin nəticəyə nail olunmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixindən ərizəçiyə göndərilmiş cavaba əsasən, X3 tərəfindən sözügedən məsələnin səlahiyyətlərinin imkan xaricində olduğu bildirilmişdir. Həmçinin əmək xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötrənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümükün deyildirsə, bu barədə əsaslandırılmış qayda da rayon (şəhər) məhkəməsinə müracət edilməli, bu məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən maraqlı şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüquqi X4 Xidmətinə həvalə edilməli olduğu bildirilmişdir. Belə olan halda ərizəçinin hüquqları kobud surətdə pozulur, onun konstitusion hüquqlarının realizə edilməsində məhdudiyyət yaradır. Məhz bu səbəbdən "ƏRAF” MMC ilə xx.xx.2019-cu il tarixində aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün məsələnin məhkəmədən kənar həll edilməsi üçün əmək mübahisələri üzrə meditora müraciət etsə də, mübahisənin həllinə nail olmamış, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2023-00535 saylı, xx.xx.2023-cü il tarixli Arayış da ərizəçiyə təqdim edilmişdir. Ərizəçi qeyd edir ki, hal-hazırda "xxxx" MMC ilə aralarında bağlanılmış əmək müqaviləsinə əsasən özünə başqa iş yeri tapmaqda çətinlik çəkir. Başqa əmək fəaliyyəti ilə məşğul ola bilmir. Əmək münasibətlərinə xitam verilmədiyindən də ərizəçi başqa idarədə çalışa bilmir, aylıq gəlir əldə edə bilmir, ailəsinin dolanışığı üçün çalışa bilmir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 27 fevral 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirmişlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Ərizəçi məxsus ********** nömrəli VÖEN-lə "xxxx" MMC-də həm direktor, həm də təsisçi vəzifəsində fəaliyyət göstərir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********66 nömrəli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2022-ci il tarixində ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilən “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görnünür ki, Ərizəçi iştirak etmiş və 50 manat mediasiya və 5 manat poçt-kargüzarlıq xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” – ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi özünün təsis etdiyi müəssisədə əmək müqaviləsi əsasında direktor vəzifəsində çalımışdır. Hazırda həmin müəssisə ləğv edilmiş, lakin ərizəçinin əmək müqaviləsinə xitam verilməmişdir. Müəssisə ləğv edildiyindən əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin işləmədiyi halda ləğv edilmiş müəssisənin direktoru vəzifəsində çalışması barədə əmək və məşğulluq alt sistemində işçi olaraq qeyd edilməsi onun konstitusion hüquqlarını pozur. Belə ki, həmin əmək müqaviləsi ləğv edilmədən ərizəçi başqa müəssisədə işləyə bilmir. Göründüyü kimi ərizəçi ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinin başqa qaydada ləğvi mümkün deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi ilə "xxxx" MMC arasında xx.xx.2019cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktı tanınmalıdır Həmçinin məhkəmə qeyd edir ki, nəzərə alınsa ki, ərizəçinin əmək münasibətlərində olduğu şirkət ləğv edilib, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi ilə bağlı qətnamənin icrası zamanı çətinliklər törənə bilər. Odur ki, qətnamənin icrasız qalmaması üçün məhkəmə qətnamənin icrası qaydasını müəyyən edərək müqaviləyə xitam verilməsi ilə bağlı sənədləşmənin aparılmasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsini ağlabatan hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi faktı tanınsın. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5200/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5200/2023
10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver