Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5216/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğvi, yeni müqavilə bağlanması və maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh MMC-yə qarşı – tərəflər arasında bağlanmış 14.11.2018-ci il tarixdə “İcarə” müqaviləsinə əlavə sazişin ləğv edilməsi, dəymiş maddi ziyan 65000 manat cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməsi, cavabdeh təşkilatı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, bina 7, səviyyə 1-də və ona birləşik (bina 8-ə baxan tərəfdən) ümumilikdə 880.0+30 kv.metr qeyri-yaşayış sahəsinə dair 1 kv.metr 16-18 manat olmaqla yeni müqavilə bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılmağa məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 30.05.2017-ci il tarixli İcarə Müqaviləsinə əsasən İcarəyə verən ünvan 1 ünvanında yerləşən, bina 7, səviyyə 1-də və ona birləşik (bina 8-ə baxan tərəfdən) ümumilikdı 880.0 kv.m qeyri-yaşayış sahəsinin tam hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Müli-Prosessual Məcəlləsinin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında mübahisə tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi zaman əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar yaranmışdır. Odur ki, hazırki iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilən normativ hüquqi aktların müddəalarına əsasən və mülki iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğvi, yeni müqavilə bağlanması və maddi ziyan tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5216/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5216/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver