Məhkəmə qərarları › İş №2(011)-5271/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5271/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5271/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – iddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı Asan Xidmət X1 06 may 2023-cü il tarixdə, 1386 saylı ilə qeydə alınaraq bağlanmış saxta nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı daha əvvəldən tanıdığı Cavabdeh ilə aralarında 06 may 2023-cü ildə saxta nikah bağlamışdırlar. İddiaçı bildirir ki, cavabdeh ilə daha əvvəldən aralarında olan razılığa əsasən saxta nikahdan heç kimin xəbəri olmayacaq. Bu nikah ailə qurmaq niyəti ilə yox, yalnız onların formal olaraq lazımı işlərini görmək üçün bağlanmışdır. Lakin daha sonra onların saxta nikahı üzrə evli qalmaları zərurəti aradan qalxmışdır. İddiaçı qeyd edir ki, nə onun nə də cavabdehin heç bir vaxt həqiqətən ailə qurmaq niyyəti olmamış, aralarında adət ənənələrə uyğun heç bir tədbir görülməmişdir. Buna görə də hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, aralarında saxta bağlanmış bu nikahın etibarsız sayılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdiki, iddiaçı onun bacısıdır, digər tərəfi tanımırlar sadəcə adını soyadını bilirlər, onlardan xəbərsiz sadəcə formal nikah bağlayıblar. Tərəflər arasında el adəti ilə elçilik, nişan olmamışdır. Gənc ailələrə güzəştli şərtlərlə ipoteka müqaviləsi əsasında mənzil verildiyinə görə cavabdeh bacısına nikaha girməyi təklif etmiş, bacısı da razılaşmışdır. Sonradan cavabdeh ipoteka ilə mənzili də ala bilməmişdir. Onlar arasında nikah münasibətləri olmamışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizəyə ilə müraciət edərək iddiaçının tələbi ilə razı olduğunu, nikahın etibarsızlığına dair qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə prosesində iştirakının üzrlü səbəbdən mümkün olmayacağını bildirmişdir. İş materiallarında olan: İş materiallarından olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixində 1386 nömrəli aktla 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli MŞB/9-/2023-01226 nömrəli Bakı şəhər 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 34, l hissə. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Maddə 34, İİ hissə. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Maddə 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Maddə 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu növ mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də güzəştli şərtlərlə ipoteka müqaviləsi əsasında mənzil almaq niyyətinin olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Hazırkı halda nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun düşünülmüş şəkildə hərəkət etmiş, onların hazırkı mövqeləri də tam eyniyyət təşkil edir, nikah isə qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyri-müəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi faktdır. Belə olan halda, həmin nikahın etibarsız hesab edilməsi üçün iddiaçı istinad etdiyi hallara dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübut verməlidir. İddiaçının isə belə sübutları yoxdur. Məhkəmə, cavabdehin iddia tələbi ilə razı olması barədə ərizəsinin etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd etmişdir ki, əvvəla, ailənin cəmiyyətin özəyi kimi, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən nəzərə alınmasını mümkünsüz edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar əlavə etməmişlər ki, bu da cavabdehin ərizəsinin etiraf kimi təsdiq edilməsini istisna edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” barədə iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar