Məhkəmə qərarları › İş №2(011)-529/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-529/2022

10.01.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-529/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında avtomobilin şifahi alqı-satqı müqaviləsinin tanınması, bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 21.08.2017-ci ildə 31200 manat ödəməklə cavabdehdən Mercedes Benz S350 markalı avtomobili almışdır, maddi vəsaiti olmadığı üçün avtomaşını adına rəsmiləşdirə bilmir, buna görə etibarnamə əsasında idarə edir, etibarnamənin müddəti hər dəfə keçəndə cavabdeh ona yeni etibarnamə verir, son zamanlarda avtomobilin öz adına qeydiyyatına aldırmağı cavabdehdən tələb etsə də, cavabdeh qeydiyyat üçün zəruri işlərin görülməsi ilə bağlı üzərinə düşən öhdəlikləri müxtəlif bəhanələrlə icra etməkdən yayınır, “vaxtım yoxdur” deyərək işi gecikdirir, hazırda cavabdehin səhlənkar və qərəzli mövqeyi nəticəsində avtomobili öz adına keçirə bilmir, avtomobilin dəyərini ödəməsinə baxmayaraq cavabdeh avtomobilin öz adında qalmasını istəyir, ona verilmiş etibarnamənin müddəti yaxın günlərdə bitir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, mübahisəli maşının iddiaçıya verilməsi barədə razılaşma cavabdehlə deyil, cavabdehin atası ilə iddiaçı arasında olmuşdur, cavabdehin atası vəfat etmişdir, onun vəfatından sonra cavabdeh iddiaçıya müqavilə bağlanması barədə müraciət etsə də, iddiaçı maddi vəziyyəti yaxşı olmadığı üçün bununla razılaşmamışdır, hazırda cavabdeh müqavilə bağlanmasına razı deyildir. Sonda Vəkil qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan AB № 992174 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz S350 minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı qara metal rəngli avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan ƏN-İV seriyalı 228743 nömrəli 21.08.2017-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Hüseynov X1 S350 minik markalı 90VH191 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı 07.07.2021-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan ƏN-V seriyalı 896954 nömrəli 25.09.2017-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Hüseynov X1 S350 minik markalı 90VH191 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, tapşırıqları yerinə yetirilməsi üçün adından ərizə vermək üçün İddiaçı 25.09.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan ƏN-Vİ seriyalı 464640 nömrəli 12.09.2018-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Hüseynov X1 S350 minik markalı 90VH191 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, tapşırıqları yerinə yetirilməsi üçün adından ərizə vermək üçün İddiaçı 12.09.2019-cu il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan ƏN-Vİİ seriyalı 045811 nömrəli 30.10.2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Hüseynov X1 S350 minik markalı 90VH191 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, tapşırıqları yerinə yetirilməsi üçün adından ərizə vermək üçün İddiaçı 30.10.2020-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan ƏN-Vİİ seriyalı 575330 nömrəli 30.01.2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Hüseynov X1 S350 minik markalı 90VH191 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, tapşırıqları yerinə yetirilməsi üçün adından ərizə vermək üçün İddiaçı 30.01.2022-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Mercedes Benz S350 minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır, cavabdeh tərəfindən 25.09.2017-ci il, 12.09.2018-ci il, 30.10.2019cu il və 30.01.2021-ci il tarixlərdə iddiaçıya həmin avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verilməsini nəzərdə tutan etibarnamələr verilmişdir. Bununla belə, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasına əsas verən, habelə cavabdehi müqavilə bağlamağa məcburetməyə yol verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, iddiaçı cavabdehlə arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, İddiaçı və Cavabdeh arasında belə bir müqavilə (şifahi və ya yazılı) bağlanması iş materialları və tərəflərin izahatları ilə sübut olunmur. İkincisi, mülki qanunvericiliyə əsasən, müqavilə azadlığı prinsipi müqavilələrin hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi ilə azad surətdə bağlanmasını nəzərdə tutduğundan, həmçinin avtomobil rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak növlərinə aid olduğundan ona dair alqı-satqının yalnız daşınmaz əmlakın alqı-satqısı tələblərə uyğun həyata keçirilməsi nəzərdə tutulduğundan, bundan başqa etibarnamə mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmamaqla, yalnız üçüncü şəxslər qarşısında təmsilçiliyi nəzərdə tutduğundan, tərəflər arasında avtomobilə dair alqı-satqının məhkəmə qaydasında məcburi formada tanınması mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsin əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən, nəqliyyat vasitəsələri dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh ilə arasında avtomobilin şifahi alqı-satqı müqaviləsinin tanınması, bağlanmış hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə arasında avtomobilin şifahi alqı-satqı müqaviləsinin tanınması, bağlanmış hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar