Məhkəmə qərarları › İş №2(011)-5359/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5359/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5359/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı alqı-satqı müqaviləsinin 18-ci bəndinə uyğun olaraq məbləğin iddiaçı tərəfindən olunmuş 130.000 manatın geri qaytarılması şərti ilə müqavilənin ləğv olunması və ya bazar qiymətinə uyğun olaraq əlavə pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzrə bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edilməsini və göstərilən mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ona məxsus Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 18, mənzil 12-də 62.01 kv.m. mənzil sahəsi qonşuluqda yaşayan Cavabdeh2 Oktay oğluna notarial qaydada alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Uzun illər elmi fəaliyyətlə məşğul olmuşdur. Hal-hazırda 86 yaşı var. Oğlu Moskva şəhərində yaşayır. İddiaçı hesab edir ki, alqı-satqı müqaviləsi tərtib olunan zaman fəaliyyət qabiliyyətinin olması yoxlanılmalı idi və ya tərəfindən danışıq aparılması üçün nümayəndəsi iştirak etməli idi. Eyni zamanda tərəfindən satılmış evə görə mövcud bazar qiyməti müəyyən olunmalı idi. Sonradan müəyyən etmişdir ki, o evinin dəyəri ilə bağlı aldanılmışdır. Onun yaşadığı mənzil 130.000 manata qiymətləndirilərək alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Başqa mənzili yoxdu, evdən çıxmağıda tələb olunur. Qarşı tərəfə mövcud vəziyyəti izah etməyinə baxmayaraq, 86 yaş həddinin olduğuna və uzun müddət qonşu olduqlarına baxmayaraq evi təcili boşaltmağı tələb edilir. Ahıl yaşda olmağı, yaddaş pozğunluğu olmasına rəğmən köməksiz vəziyyətdə qalmışdır. Bakı şəhərində heç bir yaxın qohumu yoxdur. Cavabdehlərin iddiaya dair etirazı: Cavabdehlər məhkəməyə yazılı etiraz ilə müraciət etməmişdirlər. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1na məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin faktiki halları: Satıcı İddiaçı alıcı Cavabdeh2 arasında ******* saylı, xx.xx.2025-ci il tarixli bağlanılmış Daşınmaz Əmlakın alqı-atqı müqaviləsinə əsasən satıcı 130.000 manat qiymətinə ümumi sahəsi 62,1 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, giriş 38, M2, m2 yerləşən mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 18 (Yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2025-ci il tarixində Cavabdeh2 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş CD-diskdə biri xanım, biri bəy olmaqla iki şəxsin səs yazıları mövcuddur. Səs yazılarında evin alqı-satqısı ilə bağlı söhbətlərin aparılması müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması 32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağla nmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 342. Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər.https://eqanun.az/framework/46944 Maddə 343. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 343.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 343.2. Bu maddənin qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin müstəqil bağlamağa hüququ çatan xırda məişət əqdlərinə şamil edilmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 45. Notariat qaydasında təsdiq edilən əqdlər Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Maddə 46. Əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh2 arasında 15 yanvar 2025-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı hallar müəyyən edilmir. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, giriş 38, M2, m2 yerləşən mənzilə dair alqı-satqı müqaviləsi bağlanılan zaman sözügedən mənzil iddiaçının tam payla mülkiyyətində olmuşdur. İddiaçının məhkəmə araşdırması zamanı verdiyi izahatlarında məlum olmuşdur ki, ona elmi araşdırmalarının davam etdirilməsi ilə bağlı xaricdən təklif daxil olmuş, o, təklifi qəbul etmişdir. Xarici ölkəyə getməklə bağlı ondan pul tələb edilmişdir və, o, tələb edilən vəsaiti əldə etmək məqsədi ilə özünə məxsus olmuş mənzili satmaq qərarına gəlmişdir. Cavabdehlə mənzilin alqı-satqısı ilə bağlı razılığa gəlməmişdən əvvəl mənzilin 120000 manata alqı-satqısı ilə bağlı üçüncü şəxslə razılaşmış, sonradan fikrini dəyişmiş və mənzilə görə cavabdehdən ilkin olaraq 10000 manat məbləğində vəsait almış, sonradan isə alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman 130000 manat qiymətinə satmışdır. Mənzilin alqı-satqısı nəticəsində əldə edilmiş vəsaiti üçüncü şəxslərə köçürmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, elmi araşdırmaların davam etdirilməsi ilə bağlı təklif yalan olmuşdur, o, aldadılmışdır. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əsl niyyəti mənzili satmaq olmuşdur, mənzilin qiyməti iddiaçı tərəfindən müəyyən edilmişdir. Mənzilin bazar qiyməti ilə bağlı cavabdehin iddiaçını aldatdığı, ona hər hansı bir formada təsir göstərdiyi öz təsdiqini tapmamışdır. Digər tərəfdən şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması yalnız məhkəmə qərarı əsasında mümkündür. Məhkəmə iddianın notarius tərəfindən iddiaçının ahıl yaşına görə fəaliyyət qabiliyyətli olub-olmadığını yoxlanılmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əsl niyyəti ünvan 1 ünvanında yerləşən mənzili satmaq olmuşdur. Mübahisələndirilən müqavilə qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin forma və məzmununa dair tələblərinə uyğun tərtib edilmiş, müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmur. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı ünvan 1 ünvanında yerləşən mənzil üzrə bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edilməsini və göstərilən mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən mənzil üzrə bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar