Məhkəmə qərarları › İş №2(011)-536/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-536/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-536/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə son qoyulması və əşyaların çıxarılması tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehin ona məxsus Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, 50 saylı evin 55 saylı mənzildə (bundan sonra – Mənzil adlandırılacaq) qeydiyyatda olan cavabdehin istifadə hüququna son qoyulması barədə ilkin iddia ərizəsi, cavabdeh ilk iddianın rədd edilərək, onun iki az yaşlı övladı İddiaçı Şahin qızı və X3 ilə birlikdə Mənzilə köçürülmələri barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehə məxsus “Merenus” mebeldən yataq və qonaq dəstinin, mətbəx mebelinin, “Sony” markalı televizorun (adapter və pultu aparıb), paltaryuyan maşının (JC) –yuyucu toz tökülən qabı aparıb, “Samsung” markalı tozsoranın (zibil qapağını aparıb), 2 ədəd çılçırağın, 2 ədəd pəncərə pərdəsinin, 1 ədəd xalçanın, 1 ədəd üçü birində qab-qacaq dəstinin, 1 ədəd çaydanın, 3 ədəd tefal qazanın, 3 ədəd emla balaca qazanın, divan və 2 ədəd kreslonun, 1 dəst yotğan-döşək, 2 ədəd balışın, 1 çamadan çəngəl-qaşıq dəstinin, 3 ədəd padnosun, 1 ədəd oxlovun, 1 ədəd uşaq vannasının, ütü masasının və 1 ədəd uşaq beşiyinin ona məxsus Mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə Mənzil iddiaçının mülkiyyətindədir. Onun Mənzilə mülkiyyət hüququ 12.10.2013-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir və o, 2016-cı il tarixdə iddiaçıya məxsus Mənzilə gəlin köçmüş, 2021-ci il tarixdə cavabdehlə iddiaçının oğlunun ikahları pozulmuşdur. Cavabdeh hazırda iddiaçıya məxsus Mənzildə yaşamır. O, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Cavabdehə məxsus iddia ərizəsində qeyd edilən əşyalar hazırda Fərdi yaşayış evindədir. İddiaçı yuxarıda qeyd edilən ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsində qeyd etmişdir ki, cavabdeh onun mülkiyyətində olan Mənzildə formal qeydiyyatdadır. Mənzilin sahibi kimi o, öz mülkiyyət hüquqlarını rahat həyata keçirə bilmir. Cavabdeh onunla birgə yaşayarkən dava-dalaş etmiş, onu rahat yaşamasına maneəçilik törətmişdir. Hazırda cavabdeh qeydiyyatda olduğu ata evində yaşayır. Özünə məxsus olan bir neçə əşyanı aparsa da, bəziləri isə Mənzildə qalmışdır. Əşyaların evdə qaldığından Mənzildən sərbəst edə bilmir və mülkiyyət hüquqlarnı pozur. Cavabdeh yuxarıda qeyd edilən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının oğlu ilə ailə quraraq nikaha daxil olmuş və 2016-cı il tarixdə iddiaçıya məxsus Mənzilə gəlin köçmüşdür. Birgə nikhdan iki övladı doğulmuş və onlar həmin Mənzildə paport qeydiyatındadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları ləğv olunduqdan sonra Mənzilin bir otağında yaşasalar da, iddiaçı oğlu (onun keçmiş əri) ilə birləşərək onları Mənzildən zorla çölə atmışlar. Hazırda başqa-başqa qohumlarının evində qalırlar. Onunla qohumluq əlaqələri kəsilsə də, iki azyaşlı uşaqları iddaçının Mənzilində pasport qeydiyyatındadır və onun nəvələridir. Onların həmin yaşayış sahələrindən başqa yaşayış yerləri yoxdur. Məhkəmə iclasında iddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ilkin və qarşılıqlı iddianın dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. İlkin iddianın məzmunundan da göründüyü kimi, iddiaçının iddia tələbi cavabdehin istifadə hüququna xitam verilməsi və ona məxsus əşyaların mübahisəli Mənzildən çıxarılması ilə bağlıdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququnun 2013-cü ildə yaranması, cavabdehin Mənzilə 2016-cı il tarixdə gəlin köçməsi və onunla iddiaçının oğlunun nikahlarının məhkəmə qaydasında 2021-ci il tarixdə pozulması həm də işin mübahisəsiz hallarıdır. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını yeni Mənzil Məcələsinin 30-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması qanun 2 şərt müəyyən etmişdir. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Mülki işin mübahisəsiz hallarından və göstərilən müddəaların mənasından da aydın olur ki, cavabdeh heç bir halda iddiaçının ailə üzvü olmamışdır. Bu halda onun, hətta gəlin köçüb orada yaşadığı müddət ərzində də, Mənzildən istifadə hüququ yaranmamışdır. Habelə, cavabdeh iddiaçıya münasibətdə onun digər qohumu da hesab edilə bilməz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsi “digər qohum”un istifadə hüququnun yaranması üçün 3 şərt müəyyən edir: 1) “digər qohum”un mülkiyyətçinin himayəsində olması; 2) onların əmək qabiliyyətinin olmaması; 3) onların ailə üzvü kimi yaşayış sahəsinə köçürülmələri. “Digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən şərh edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəsli “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlanır və buraya qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı aliment öhdəliklərindən bəhs edir. Şərh edilənlərdən göründüyü kimi, cavabdehin iddiaçının “digər qohumu” olması üçün nə yuxarıda qeyd edilən şərtlər mövcud deyil, nə də iddiaçının Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəaları ilə nəzərdə tutulmuş əsaslarla cavabdeh qarşısında onu saxlamaqla bağlı aliment öhdəliyi yoxdur. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının Mənzilinə dair istifadə hüququ yaranmadığından mövcud olmayan hüququnun son qoyulmasına (xitamına) dair iddia da təmin oluna bilməz. Lakin məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə məxsus əşyaların çıxarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən müddəalardan da göründüyü kimi, mülkiyyət hüququ ən üstün hüquq olaraq qanun tərəfindən qorunur və mülkiyyət hüququnun qorunmasına dövlət təminat verir. İşin faktiki halları ilə də müəyyən edilir ki, cavabdehə məxsus əşyalar hazırda Mənzildədir. Cavabdeh də məhkəmə baxışı zamanı ona məxsus əşyaların mübahisəli Mənzildə olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin özünə məxsus əşyalarını götürməməsi və həmin əşyaların iddiaçının mülkiyyətində olan Mənzildə saxlanılması onun mülkiyyətindən sərbəst istifadə etməsinə maneə yaradır və həmin əşyaların uzun müddətə evdə saxlanılması iddiaçını qeyrimüəyyən müddətə məsuliyyət yükü altında saxlayır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehə məxsus əşyalar iddiaçının Məzilindən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh övladları ilə Mənzilə köçürülməsini 2016-cı il tarixdə iddiaçının oğlu ilə nikaha daxil olaraq gəlin köçməsi uşaqlarının həmin Mənzildə doğulması və onların orada pasport qeydiyyatlarında olmaları ilə əsaslandırır. Bu halda da, məhkəmə hesab edir iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 30-cu maddəsi təşkil edəcəkdir. Cavabdehin özünün Mənzilə köçürülməsi ilə bağlı hüquqi əsaslar, iddiaçının cavabdehə qarşı istifadə hüququna son qoyulması barədə tələbinə hüquqi qiymət verilərkən yuxarıda ətraflı çəkildə şərh olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin Mənzilə köçürülməsi tələbi ilə iddiaçının cavabdehə qarşı Mənzildən istifadə hüququna son qoyulması barədə tələbinin hüquqi əsasları eyni olduğundan təkrar olaraq cavabdehin Mənzilə köçürülməsi barədə iddiasına hüquqi qymət verməyə ehtiyac yoxdur və cavabdehin həmin tələbi Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından təmin edilə bilməz. Cavabdehin azyaşlı uşaqlarının Mənzilə köçürülməsi barədə iddiasına gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia o halda təmin edilə bilər ki, uşaqların iddiaçıya məxsus Mənzildə istifadə hüquqları yaranmış olsun. Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından, yəni uşaqlar iddiaçının nəvələri olduğundan iddia əsaslı görünə bilər. Lakin bu halda Konstitusiya Məhkəməsinin “digər qohimlar”lar ifadəsinin şərhi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi və Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində “digər qohumlar”un istifadə hüququnun yaranmasını təmin edəcək 3 şərtin olması (“digər qohum”un mülkiyyətçinin himayəsində olması, “digər qohum”un əmək qabiliyyətinin olmaması və onların ailə üzvü kimi mülkiyyətçi tərəfindən yaşayış sahəsinə köçürülmələri) mütləq diqqətə alınmalıdır. Uşaqların əmək qabiliyyətinin olmaması və iddiaçının onların nənəsi olması işin mübahisəsiz halıdır. Lakin uşaqlar iddiaçının himayəsində deyil, bundan başqa onların valideynləri sağdır və uşaqların valideynlərindən maddi yardım ala bilməmələri iş materialları ilə sübut olunmur. Çünki baba və nənənin nəvələrini saxlamaq vəzifəsini müəyyən edən Ailə Məcəlləsinin 89 maddəsi (yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir) nəvələrin aliment hüququnun yaranmasının digər əsasları ilə bərabər onların öz valideynlərindən maddi yardım ala bilməsini də nəzərdə tutmuşdur. Halbuki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4723/2021 saylı, 21.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, azyaşlı uşaqlar cavabdehin himayəsində saxlanılmaqla, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları X1 hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment tutulmuşdur. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının azyaşlı övladları – İddiaçı Şahin qızının və X2 da Mənzilə dair istifadə hüquqları yaranmadığından onların Mənzilə köçürülməsi barədə iddia təmin edilə bilməz Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdehə məxsus “Meranus” mebeldən yataq və qonaq dəsti, mətbəx mebeli, “Sony” markalı televizor (adapter və pultu aparıb), paltaryuyan maşın (JC) – yuyucu toz tökülən qabı aparıb, “Samsung” markalı tozsoran (zibil qapağını aparıb), 2 ədəd çılçıraq, 2 ədəd pəncərə pərdəsi, 1 ədəd xalça, 1 ədəd üçü birində qab-qacaq dəsti, 1 ədəd çaydan, 3 ədəd tefal qazan, 3 ədəd emal balaca qazan, divan və 2 ədəd kreslo, 1 dəst yorğan-döşək, 2 ədəd balış, 1 çamadan çəngəl-qaşıq dəsti, 3 ədəd padnos, 1 ədəd oxlov, 1 ədəd uşaq vannası, ütü masası və 1 ədəd uşaq beşiyi Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 50 saylı evin 55 saylı mənzilindən çıxarılsın. İlkin iddia digər hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar