Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5364/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneəçilik törətməmək vəzifəsinin həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 254 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və iddiaçıya məxsus 0,3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsi üçün mütəxəssislərin torpaq sahəsinə (həyətə) daxil olmasına maneəçilik törətməmək vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 254 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0,3 sot torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı həmin ilin sonlarından tikinti işləri aparmağa başlamış, hələ tikinti başa çatmazdan əvvəl, 2000-ci ilin ortalarından ailəsi ilə birlikdə köçüb orada yaşamağa başlamışdır. Torpaq sahəsinin əldə olunmasında və tikinti işlərinin aparılmasında cavabdehin heç bir rolu və vəsaiti olmamış, o, həmin illərdə orta məktəbdə oxumuşdur. 2012-ci ilin avqust ayında yeni ailə qurduqdan sonra cavabdeh bunu həzm edə bilməmiş, aralarında münasibət soyumağa başlamış, münasibətlərin pozulmaması üçün iddiaçı oranı tərk etmək məcburiyyətində qalmışdır. O, hazırda Nizami rayonu, M.Şərifli küçəsi, 2593-cü məhəllə, 1B saylı evin 5-ci mənzilində kirayədə yaşayır, yaşamağa başqa mənzili yoxdur. xx xxxx 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına Xətai rayonu İcra Hakimiyyəti başçısının xx xxxx 1998ci il tarixli, 254 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda adı çəkilən fərdi yaşayış evinin tikintisi tam başa çatdırılmış, birinci mərtəbə yarı zirzəmi, ikinci mərtəbə isə köməkçi sahələr daxil olmaqla üç yaşayış otağı, bir böyük zaldan ibarət olmaqla fərdi yaşayış evi istismara tam yararlı vəziyyətdə olmuşdur. İddiaçı hazırda evi öz adına hüquqi qeydiyyata salmaq və dövlət reyestrindən çıxarış almaq istəyir. Bunun üçün adı çəkilən fərdi yaşayış evinin tikintisi yenidən layihələşdirilməlidir, lakin layihənin tərtib olunması üçün cavabdeh mütəxəssisləri torpaq sahəsinə buraxmır, evin layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməklə iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Xətai rayonu İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 254 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0,3 sot torpaq sahəsi ayrılmışdır. xx xxxx 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh həmin fərdi yaşayış evində 2012-ci il tarixdən qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın XXXX-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X3 Hüquqları Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə 7 nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbini əsasını fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməmək vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi hazırkı iş üzrə iddiaçıya məxsusdur. İddiaçıya xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reystri tərəfindən Çıxarış verilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. O, fərdi yaşayış evi ilə bağlı öz hüquqlarını rəsmiləşdirmək istəsə də, cavabdeh tərəfindən evin layihələşdirilməsinin həyata keçirilməsinə qanunsuz maneə törədilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və iddiaçıya məxsus 0,3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməmək öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 10 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və iddiaçıya məxsus 0,3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməmək öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri XətaiRayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5364/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5364/2020
03.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver