Məhkəmə qərarları › İş №2(011)-5381/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5381/2025

07.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5381/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə q̇arşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. xx.xx.2024-cü ildə "X2" MMC şirkətində operator vəzifəsində işləməyə başlamış və oktyabr ayının sonuna qədər bu vəzifədə çalışmışdır. Şirkət kriptovalyuta ticarəti ilə bağlı bir şirkət olmuş, və qanuni olaraq çalışdığı və bütün əməliyyatlara Maliyyə Palatası tərəfindən nəzarət edildiyi bildirilmişdi. Şirkətin son aylarda vəziyyəti pisləşməyə başlamış, istifadəçilərə və işçilərə ödənişlər aylarla ödənməməyə və gecikdirilməyə başlanmışdır. Şirkətdən çıxmaq istədikdə isə bu proses uzadılır, "yeni işçi tapılmalıdır" bəhanəsi ilə işdən çıxma prosesi qəbul edilmirdi. Bununla belə digər şirkətlərə iş ilə bağlı müraciət etməyə və müsahibəyə getməyə də icazə verilməmişdir. Oktyabr ayının 24-ü şirkətdə korrupsiya halı baş verdiyini iddia edərək, şirkətin bu iddia ilə bağlı məsələsi "Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi"ndən müstəntiq Təqan Vəliyev tərəfindən araşdırmaya başlanmışdır. Təqribən 2 aydan sonra onlara şirkətdə korrupsiya hadisəsi baş vermədiyini, lakin şirkətin bütün istifadəçilərinin yatırımlarını geri qaytarılaraq şirkətin fəaliyyətinə son veriləcəyi bildirilmişdir. Şirkətin rəhbəri "Ali Aksun" tərəfindən korrupsiya idarəsinə dekabr ayının 16-sından etibarən ödənişlərin geri qaytarılması prosesinə başlanılacağı bildirilmiş, lakin dekabr ayının 16-sı şirkətin rəhbəri Ali Aksun evində ölü tapılmışdır. Şirkətdən adının işçi olaraq çıxarılması ilə bağlı dəfələrlə mühasibə, hüquqşünasa hətta müstəntiqə belə müraciət etdiyi halda heç biri köməklik göstərə bilməyəcəklərini, çünki şirkət rəhbərinin vəfat etməmişdən öncə şirkətin adına olan "Asan İmza" pinkodlarını dəyişdiyini və bu səbəbdən şirkətdən çıxarılmanın onlar tərəfdən mümkün olmadığını və adının şirkətdən işçi olaraq çıxarılmasının ancaq şirkətin hüquqi adı ləğv edildikdən sonra mümkün olacağını bildirmişdirlər. Şirkətin tam ləğvi prosesi ilə bağlı dəfələrlə müstəntiq və hüquqşünasla əlaqə saxlanılmağa çalışılsa da, heç biri tərəfindən cavab verilməmiş və geri dönüş edilməmişdir. Əmək müfəttişliyinə bununla bağlı müraciət etdikdə onlara məhkəməyə müraciət etməli olduğumuzu bildirmişdir.

2. Şirkətdə işlədiyi müddətdə son 2 ay (sentyabr-oktyabr ayları) üçün olan əmək haqqı da şirkət tərəfindən ödənilməmişdir. Lakin bunun ödənilməyəcəyini bilərək bununla bağlı tələbi yoxdur. Hal-hazırda qeyd olunan şirkətdə adı işçi olaraq qeydiyyatda olduğu üçün digər şirkətlər tərəfindən işə qəbul oluna bilmir. Adının qeydiyyatda olduğu şirkət fəaliyyət göstərmədiyi halda adının hələ də şirkətdə işçi olaraq göstərilməsinin Azərbaycan Respublikası qanunları çərçivəsində işçi hüquqlarımın pozulması olaraq qiymətləndirilir.

İddiaçının tələbi:

3. Cavabdeh kimi cəlb etdiyi "X2" MMC adı ilə mövcud olmuş şirkətlə onun arasında bağlanmış olan xxxxxxx000200 nömrəli müqavilənin şirkətin fəaliyyətinin dayandırılması səbəbilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh iddiaya heç bir münasibət bildirməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında uzun müddətdir həmin müəssədə çalışmadığını, müəssisənin oktyabr ayında bağlandığını, 10 aydır həmin şirkətlə aktiv əmək müqaviləsi olduğu üçün heç bir yerdə çalışa bilmədiyini bildirmiş və əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/2- 00306 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediassiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 (50+10) manat mediasiya xərci ödəmişdir.

10. Əmək müqaviləsi.

11. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət vərəqəsi.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1 Xidmətinin məktubuna əsasən "X2" MMC-nin ünvanlarına (AZ1025, ünvan 1, AZ1073, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 174B, Azinko binaları, bina 2, blok 2, 8-ci mərtəbə) tərəflərindən 3-17-5/2-98441/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktublar göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilməmişdir. Həmçinin tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq altsisteminə baxış keçirilərkən iddiaçı ilə "X2" MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Bildirılmışdir ki, "X2" MMC-nin rəhbərliyi tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər, eyni zamanda tərəflərindən izahat və əmək haqqı bank hesabınızdan çıxarış təqdim edildiyi təqdirdə müraciətlərinə yenidən baxılaraq cavab veriləcəkdir. Qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

13. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. 35.İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

15. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

46. 1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

69. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

296. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olubolmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. (§19)

22. Məhkəmə qeyd edir ki, AR ƏM-nin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən AR ƏM əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

23. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh ilə aralarından bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb etməsinə, eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1 Xidmətinin məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq altsistemində İddiaçı ilə "X2" MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin qüvvədədir.

24. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəf əmək müqaviləsi ilə işlədiyi müəssisənin 2024-cü ilin oktyabr ayından faktiki fəaliyyətini dayandırması səbəbindən əmək haqqı ala bilməmiş, başqa yerdə işləmək istədikdə isə əmək müqaviləsi bağladığı müəssisə ilə aktiv əmək müqaviləsi olduğu üçün heç bir yerdə işə düzələ bilmədiyi, bu vəziyyətin 10 aydan artıq müddət və hal-hazırda davam etdiyi müəyyənləşdirilmişdir.

25. Məhkəmə hesab edir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ, əmək fəaliyyətinin əvəzində əmək haqqı almaq hüququ vardır. İddiaçının cavabdehlə aktiv əmək müqaviləsinin olması onun AR Konstitusiyasının 35-ci maddəsində təsbit edilmiş hüququnu pozur.

26. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi tərəflərin könüllüyü prinsipi əsasənda bağlanılır və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla məcburi əməyə yol verilmir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbinə əsasən tərəflərdən birinin təşəbbüsü və əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarındandır. İddiaçı tərəf işəgötürənin faktiki fəaliyyət göstərməməsi səbəbindən bu hüququnu həyata keçirə bilmir.

27. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əmək hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənildiyindən iddianın qiymətinə mütənasib olaraq, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilsin.

3. Ödənilməmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar