Məhkəmə qərarları › İş №2(011)-539/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-539/2021

16.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-539/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı – Cavabdeh ASC-də işə bərpa olunmağı, 06.04.2006-cı ildən hazırkı günə kimi ezamiyyət haqqının hesablanması və hər il məzuniyyət haqqının hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.04.2006-cı il tarixdə Cavabdeh ASC-də operator (avtoyükləyici) vəzifəsinə işə qəbul edilmişdir. Həmin ASC-də 03.09.2020-ci il tarixə kimi işləmişdir. Son vaxtlar yəni pandemiya dövründə ASC-də ona iş verilmirdi və bildirilirdi ki, könüllü olaraq ərizə yazıb işdən çıxmalıdır, o isə buna razı deyildi. Ona hər ay 550 manat civarında əmək haqqı verilirdi bu məbləğ onun ailə vəziyyətinə görə çatmırdı. Cavadeh ASC onun əmək haqlarını mənimsəyirdi belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə hər saat üçün ezamiyyət haqqı 30 manat müəyyən edilməsinə baxmayaraq mənə 2006-cı ildən 2015-ci illər müddətində hər ay üçün ümumilikdə ona 70-80 manat hər ay üçün ezamiyyət pulu verilirdi o 06.04.2006-cı ildən başlayaraq Xaçmaz rayonunda ezamiyyətdə olumuş, sonra isə Mingəçevir ərazi idarəsinə ezam edilmişdir. Cavabdeh ASC-də ezamiyyət haqqlarının düzgün hesablanmasını tələb etdikdə bildirirdilər ki, məzuniyyətə çırarkən hesablanıb ödəniləcəyinə söz verirdilər. 03.09.2020-ci ildə onu məcburi işdən azad etmişlər və ona hesablanmış yekun məbləğlə razılaşmamışdir. Belə ki, 2006-cı ildə əmək haqqlarını alarkən bildirmişlər ki, məzuniyyətdə ezamiyyət haqları hesablanacaq və bütün qalıqlar işdən azad edilərkən yekunda bütün ezamiyyət haqqı qanuna müvafiq hesablanacaq. O bütün bunu Cavabdeh ASC-nin rəhbərliyindən tələb etdikdə rəhbərlik ona hədə-qorxu gələrək o bir də ezamiyyət haqqı və əmək haqqlarına görə narahat edəcəyi təqdirdə başına oyun açacağı barədə hədə dolu sözlər demişdir. 2006-cı ildən hazırki günə kimi Xaçmaz rayonunda Mingəçevir şəhərində ezamiyyətə göndərildiyi bütün müddətlər ezamiyyət haqqları və məzuniyyət haqqları hesablanaraq ona ödənilməsini xahiş edir. İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, 2006-cı ildən 03.09.2020-ci il tarixinə kimi Cavabdeh ASC tərəfindən Xaçmaz rayonunda və Mingəçevir şəhərində ezamiyyətdə olduğu bütün müddətlər ezamiyyət haqqları ümumilikdə 6000 manat və məzuniyyət haqqlarının 2750 manat pulun hesablanaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. O izahatında göstərdi ki, onun işi müxtəlif rayon və şəhərlərə yük daşımaqdan ibarət olmuş, malları daşıyaraq orada boşaldıb, işi yollarda olmuşdur. Cavabdeh ASC-nin nümayəndəsi X4 məhkəmədə iddiaya etiraz edərək, iddia müddətini tətbiq edərək İddiaçı Cavabdeh ASC-yə qarşı tələbləri əsassız olduğundan iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə işçi İddiaçı arasında 03.04.2006-cı il tarixində bağlanılmış Əmək müqaviləsinin surətindən görünür ki, Müqaviləyə əsasən işçi "xxxx" ASC-nin Avtomobil Nəqliyyatı və X2 İdarəsinin Nəqliyyat və Xüsusi Təyinatlı Maşın və Mexanizmlər sexinin 5-ci dərəcəli traktorçu vəzifəsinə qəbul edilmişdir. İşçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının icrasını öz üzərinə götürür. İş materiallarında olan "xxxx" MMC-nin 03.04.2006-cı il tarixli 64-kş nömrəli Əmrinə əsasən, İddiaçı 03.04.2006-cı il tarixdən 1 (bir) ay sınaq müddəti ilə İstehsalat və Xidmət İdarəsi Nəqliyyat sexinə 5-ci dərəcəli traktorçu peşəsinə qəbul edilmişdir. Aylıq əmək haqqı 117 manat müəyyən edilmişdir. İş materiallarında olan 08.01.2018-ci il tarixdə təsdiq edilmiş Cavabdeh ASC-nin Avtomobil Nəqliyyatı və X2 İdarəsinin Avtoyükləyici sürücüsünün Vəzifə Təlimatının 1.3-cü maddəsinə əsasən AN və MMİ İdarəsinin Avtoyükləyici sürücüsü daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilər kateqoriyasına aiddir. 1.4-cü maddəsinə əsasən Avtoyükləyici sürücüsü əmək funksiyalarının icrasıyla əlaqədar iş yerindən kənara (respublikanın müxtəlif rayon və şəhərlərinə) hərəkət etməsi ezamiyyə hesab olunmur və ona qanunvericiliyə uyğun olaraq, ezamiyyə xərci əvəzinə əlavə vəsait ödənilir. İş materiallarında olan Cavabdeh ASC-nin 06.02.2020-ci il tarixli 07/37-m nömrəli Əmrinə əsasən Avtomobil Nəqliyyatı və X2 İdarəsinin Nəqliyyat və Xüsusi Təyinatlı Maşın və Mexanizmlər sexinin yükləyicisi İddiaçı, 03.04.2015-ci il tarixindən 02.04.2016-cı il tarixinədək işlədiyi müddət üçün 25(21+4) t.g. (staja görə) 04.02.2020-ci il tarixindən 28.02.2020-ci il tarixi daxil olmaqla əmək məzuniyyəti verilmişdir. İşçi 02.03.2020-ci il tarixindən işə başlamalıdır. İş materiallarında olan Cavabdeh ASC-nin 03.09.2020-ci il tarixli 07/56-irş nömrəli Əmrinə əsasən Avtomobil Nəqliyyatı və X2 İdarəsinin Nəqliyyat və Xüsusi Təyinatlı Maşın və Mexanizmlər sexinin 5-ci dərəcəli yükləyicisi İddiaçı əmək müqaviləsinə, 03.09.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmiş, Məzuniyyətinin istifadə olunmamış dövrü 51 (2018/2020-42, 2020-9) t.g. miqdarında qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin arayışına əsasən, İddiaçı Cavabdeh ASCnin Avtomobil Nəqliyyatı və X1 İdarəsinin Yük avtomobilləri sexində 5-ci dərəcəli sürücü işləyib və 03.09.2020-ci il tarixdə 07/56-irş əmrinə isasən işdən azad olmuşdur. İddiaçı bir günə görə əmək haqqı aşağıdakı qaydada (6900,75 manat : 12 ay : 30,4 = 18,92 manat; 18,92 manat * 51 gün = 964,92 manat) tapılaraq 51 günə görə 964 manat 92 qəpik Son haqq-hesab hesablanmışdır. İddiaçı 2 iş gününə görə 43 manat əmək haqqı və əmrə əsasən istifadə olunmamış məzuniyyət dövrü 51 günə görə 964 manat 92 qəpik Son haqq-hesab, cəmi 1007 manat 92 qəpik hesablanmışdır və həmin məbləğdən tutulmalar - 86 qəpik həmkarlar ittifaqına üzvlük haqqı, 57 manat 86 qəpik təqaüd fonduna, 5 manat 04 qəpik işsizlikdən sığorta fonduna ayırmalar – 63 manat 76 qəpik tutulduqdan sonra 04 aprel 2020-ci il tarixdə "xxxx" ASC-dəki AZ43AZEN******************** bank hesabına 944 (doqquz yüz qırx dörd) manat 16 qəpik son haqq-hesab köçürülmüşdür. İş materiallarında olan 04.09.2020-ci il tarixli 1762 nömrəli Ödəniş tapşırığına əsasən Cavabdeh ASC tərəfindən İddiaçı "xxxx" ASC-dəki AZ43AZEN******************** bank hesabına 944,16 manat son haqq-hesab köçürülmüşdür. Beləliklə, mülki iş həqiqi halları ilə müəyyən edildi ki, İddiaçı şəxsi vərəqəsinin surətinə əsasən, İddiaçı işlədiyi müddət ərzində 2006-2007-ci illər, 2007-2012-ci illər üzrə istifadə edilməyən məzuniyyət haqqına görə 16.08.2018-ci il tarixli əmrə əsasən kompensasiya ödənilib, sonuncu 2012-2013-cü illər, 2013-2014-cü illər, 2014-2015-ci illər, 2015-2016-cı illər, 2016-2017-ci illər, məzuniyyət hüququndan tam istifadə edib, 2017- 2018-ci illər üzrə 03.06.2020-ci ildə 29.06.2020-ci il tarixədək 25 gün müddətinə məzuniyyətə çıxmış 24.06.2020-ci il tarixdə məzuniyyətdən geri çağırılmışdır. İşçi İddiaçı işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günləri 2018-2019-cu iş ili üzrə 25 (21+4) təqvim günü və 2019-2020-ci iş ili üzrə 25 (21+4) təqvim günü, 2020-ci iş ili üzrə isə 9 təqvim günü, habelə 2017-2018-ci illər üzrə istifadə etdiyi lakin geri çağırıldığına görə qalan məzuniyyət günlərinə görə 5 təqvim günü hesablanmalı olduğu halda Cavabdeh ASC tərəfindən ümumilikdə 51 (2018/2020-42, 2020-9) t.g. miqdarında hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (83-cü Maddə). Həmin Məcəlləyə əsasən Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (139cu Maddə). Həmin Məcəlləyə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (140-cı Maddə). Həmin Məcəlləyə əsasən Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (143-cü Maddə). Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktının müddəalarını nəzərə alaraq, iddia tələbini məzuniyyət haqqlarının 2750 manat pulun hesablanaraq iddiaçıya ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh ASC-də işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyət günləri 64 təqvim günü olmuş, Cavabdeh ASC tərəfindən ona 51 təqvim günü hesablanaraq son haqq-hesab ödənilmişdir. Ödənilməmiş məzuniyyət günlərinin sayı 13 gün təşkil edir. Odur ki, istifadə edilməmiş məzuniyyət günlərinə görə iddiaçıya ödənilməli məzuniyyət haqqı 245,96 manat (6900,75 manat : 12 ay : 30,4 = 18,92 manat; 18,92 manat * 13 gün = 245,95 manat) müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini 2006-cı ildən 03.09.2020-ci il tarixinə kimi Cavabdeh ASC tərəfindən Xaçmaz rayonunda və Mingəçevir şəhərində ezamiyyətdə olduğu bütün müddətlər ezamiyyət haqqları ümumilikdə 6000 manat hesablanaraq iddiaçıya ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh ASC-nin 08.01.2018-ci il tarixdə təsdiq edilmiş “Avtomobil Nəqliyyatı və X2 İdarəsinin Avtoyükləyici sürücüsünün Vəzifə Təlimatı”-nın 1.3-cü maddəsinə əsasən AN və MMİ İdarəsinin Avtoyükləyici sürücüsü daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilər kateqoriyasına aiddir. Həmin Təlimatın 1.4-cü maddəsinə əsasən Avtoyükləyici sürücüsü əmək funksiyalarının icrasıyla əlaqədar iş yerindən kənara (respublikanın müxtəlif rayon və şəhərlərinə) hərəkət etməsi ezamiyyə hesab olunmur və ona qanunvericiliyə uyğun olaraq, ezamiyyə xərci əvəzinə əlavə vəsait ödənilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı vəzifə təlimatına əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilər kateqoriyasına aid olduğundan sonuncuya ezamiyyə haqqının ödənilməsi nəzərdə tutulmamış, habelə iddiaçı əmək müqaviləsi üzrə vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının icrasını öz üzərinə götürmüşdür. Odur ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh ASC-nin 03.09.2020-ci il tarixli 07/56-irş nömrəli Əmrinə əsasən İddiaçı əmək müqaviləsinə, 03.09.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmiş, son haqq-hesab ödənişi 04.09.2020-ci il tarixdə ödənilmişdir. İddiaçı məhkəməyə 23.09.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğudan qismən təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İstifadə edilməmiş məzuniyyət günlərinə görə 245,96 (iki yüz qırx beş manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar