Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5398/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 saylı evin, 45 saylı mənzili İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Xətai MKTB 27 saylı MKİS tərəfindən verilmiş 09.07 2020-ci il tarixli 676 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 həmin mənzildə qeydiyyatda qalmışdır. Bundan başqa, hazırkı iddia ərizəsinə əlavə edilən cavabdehlərin notarial qaydada təsdiq olunmuş ərizələrindən göründüyü kimi, cavabdehlər həmin mənzilin özgəninkiləşdirilməsinə razı olduqlarını bildirmişlər. Bununla belə, həmin ərizə cavabdehlərin mənzildən qeydiyyatdan çıxması üçün yetərli deyil. Həmin ərizələr Xətai rayon X4 Qeydiyyat şöbəsinə təqdim olunmasına baxmayaraq, Pasport Qeydiyyat şöbəsi cavabdehlərin qeydiyyatdan çıxmasının, yalnız istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə biləcəyini qeyd edir. Cavabdehlər iddiaçının övladlarıdır, onlar başqa şəxslərlə ailə qurmasına və həmin mənzildə uzun illərdir yaşamamalarına baxmayaraq, bu günə qədər qeydiyyatdan çıxmamışlar. Nəticədə iddiaçı uzun illərdir ki, cavabdehlərin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bunun nəticəsində isə onun mülkiyyət hüququ pozulur. Odur ki, hesab edir ki, iddiaçının mülkiyyətində olan həmin mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək hazırki mülki iş üzrə ünvan 2 ünvanında yerləşən 45 nömrəli mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” MH seriyalı, ******* nömrəli Çıxarışın notarial təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2009-cu il tarixində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında Cavabdeh3 məhkəməyə verdiyi izahatında iddia tələbini etiraf etməyi və mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsini bildirmiş və cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli 676 nömrəli arayışına əsasən ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildə İddiaçı İkayədin qızı xx.xx.1985-ci il, Cavabdeh1 xx.xx.1987-ci il, Cavabdeh3 xx.xx.1987-ci il, Cavabdeh2 xx.xx.2007-ci il, Cavabdeh4 xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 notarial təsdiq olunmuş ərizələrinə əsasən, ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzil üzərində sərəncam verilməsinə, satılmasına, bağışlanmasına, dəyişməsinə, ipoteka (girov) qoyulmasına, kirayəyə verilməsinə etiraz etməmişlər. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun qaynanasıdır, o həmişə tək yaşayıb, Cavabdeh1 2008-ci ildən ailə qurub, Cavabdeh2 və Cavabdeh4 kirayə qalırlar. Cavabdehlər 10 ildən artıq müddətdir ki, həmin mənzidə yaşamırlar. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun anasıdır. O ərə gedəndən yəni, 2008-ci ildən anası tək yaşayır. Cavabdehlər 10 ildən artıq müddətdir ki, həmin mənzidə yaşamırlar. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun bacısıdır, 1986-cı ildən həmin ünvanda yaşayır. Övladları olan qızları, yəni Cavabdeh1, Mirzəyeva Xadicə. Cavabdeh3 və iddiaçının nəvəsi, Cavabdeh4 mübahisəli evdə böyüyüblər, lakin daha sonra ailə qurandan sonra həmin evdən köçmüşdürlər. İddiaçı hal-hazırda tək qalır. Cavabdehlər 10 ildən artıq müddətdir ki, həmin mənzidə yaşamırlar. Beləliklə, cavabdehlərin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən əvvəl yarandığından hazırkı mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir iddia əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildən istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5398/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5398/2020
06.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver