Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-542/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ilə cavabdeh "ERDE X2" MMC arasında 20 iyun 2023-cü il tarixdə xx.xx.2019-cü il təvəllüdlü X1 təyin olunan psixoloji xidmətlərin göstərilməsinə dair 011 saylı müqavilə bağlanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən 80 günlük xidmətlərə görə 1650 AZN (bir min altı yüz əlli manat) tam ödənilməli idi. Müqavilə şərtinə uyğun olaraq iddiaçı tərəfindən öhdəliklərə əməl edilmiş və 1650 manat (bir min altı yüz əlli manat) məbləğində pul cavabdehə verilmişdir. Lakin ödəniş etməyimə baxamayaraq cavabdeh tərəfindən övladıma heç bir xidmət göstərilməmişdir.
2. Qeyd edilən müqavilənin cavabdeh "ERDE X2" MMC öhdəliklərini ehtiva edən bəndlərinə uyğun olaraq, o, zəruri xidmətləri göstərməlidir. Lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etməmişdir. Həmin müqavilənin .3.2.1-ci bəndinə əsasən cavabdeh Müqavilədə nəzərdə tutulmuş xidmətlərin dəqiq, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Lakin cavabdeh müqavilənin bu bəndi üzrə öhdəliklərini icra etməmişdir və iddiaçıdan alınmış vəsait geri qaytarılmamışdır.
İddiaçının tələbi:
3. Cavabdeh "ERDE X2" MMC arasında 20 iyun 2023-cü il tarixdə xx.xx.2019-cü il təvəllüdlü X1 təyin olunan psixoloji xidmətlərin göstərilməsinə dair 011 saylı müqavilə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq ödənilmiş 1650 manat pulun cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək cavabdeh "ERDE X2" MMC arasında 20 iyun 2023-cü il tarixdə xx.xx.2019-cü il təvəllüdlü X1 təyin olunan psixoloji xidmətlərin göstərilməsinə dair 011 saylı müqavilə öhdəliklərin cavabdeh şirkətdən və vətəndaş Cavabdeh2 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı:
6. xx.xx.2024-cü il tariixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, son hazırlıq iclasında "ERDE X2" MMC-nin rəhbərinin də cavabdeh qismində cəlb edilməsi ilə bağlı ərizə verilmiş bundan sonra iddia tələbində dəqiqləşmə etmişdirlər. Cavabdehlərin məhkəmənin gedişindən xəbərləri var, lakin məhkəməyə gəlməkdən yayınırlar. İddianı müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. 20 iyun 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında 011 №-li müqaviləyə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə bağlı “Mərkəz” lə "Valideyn" (bundan sonra "Tərəflər" adlandırılacaq) arasındakı münasibətləri tənzimləyir. Müqavilə xidmət(lər)in Müqavilənin 4.4. bəndində göstərilmiş dəyəri "Valideyn" tərəfindən tam şəkildə "Mərkəzə ödənildikdən sonra bağlanılır. Müqaviləyə əsasən “Mərkəz” Müqavilənin şərtlərinə uyğun olaraq "Valideyn" in övladına xidmətlər zərfinə daxil olan xidmət(lər) göstərməyi, "Valideyn" isə Müqavilə ilə müəyyən olunmuş qaydada qabaqcadan razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən xidmətlərin sayı (həcmi) və müddəti, başlama və qurtarma vaxtı tərəflərin razılaşması ilə müəyyən edilir və Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilir.
9. Xidmətlərin göstərilməsi haqqında 011 №-li müqaviləyə 1 №-li əlavəyə əsasən, seanslar həftə içi 6 gün olmaqla (hər gün 5 terapiya), hazırki ödəniş 60 seans, hədiyyə 20 seans müəyyən edilmişdir. 850 manat ödənilib, xx.xx.2023-cü il tarixinədək ödəniləcək.
10. “mpay” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, 416973******8044 nömrəli karta 850 manat mədaxil edilmişdir.
11. “mpay” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, 416973******8044 nömrəli karta 800 manat mədaxil edilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli, 3-21/2-572/2024 nömrəli müraciətə baxılması barədə məlumata əsasən, Cavabdeh1 MMC-yə lisenziyanın verilməsinə dair lisenziyaların və icazələrin vahid reyestrində məlumat qeydə alınmamışdır.
13. İddiaçı nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 digər cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********497700 №-li müraciətə baxılması barədə məlumata əsasən, Cavabdeh1 MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi 10 manat, 100 % pay hüququ ilə Cavabdeh2dur.
15. İddiaçı nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
20. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər iddiaçı ilə müqavilə bağlamış və müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının övladına xidmətlər zərfinə daxil olan xidmətlər göstərməyi, iddiaçı isə müqavilə ilə müəyyən olunmuş qabaqcadan razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəf Müqavilənin 4.4.cü bəndində nəzərdə tutulmuş xidmət haqqını tam ödəmişdir. Lakin cavabdehlər vəzifələrini yerinə yetirməmiş, müqavilə üzrə öhdəliklərini icra etməmişdirlər. Buna görə də iddiaçı ödədiyi pul məbləğini geri tələb etməkdə haqlıdır.
21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada ödənilmiş 1650 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddiaçı iddia ərizəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
24. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 1650 manat pul məbləği tutularaq İddiaçı ödənilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid esilsin.
4. Cavabdehlər qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilərlər.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova