Məhkəmə qərarları › İş №2(011)-5429/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5429/2025

16.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5429/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər 30 nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 aprel 2025-ci il tarixli, 46 №-li əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin nəzdində olan 30 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi onunarasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır, həmin müəssisəyə müəllim vəzifəsinə qəbul olunmuşdur. 30 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 46 nömrəli əmr əsasında onunla həmin müəssisə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun işdən azad edilməsinə dair cavabdeh tərəfindən əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələbləri pozulmuşdur. O, əmrlə razılaşmamış və xx.xx.2025 il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təkilf göndərmiş və cavab almadığından xx.xx.2025 il tarixdə isə 16 saylı Mediasiya təşkilatına müracət etmişdir.xx.xx.2025 tarixdə keçirilmiş mediasiya içlasında cavabdeh təşkilat iştirak etmədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müaciət edərək, attestasiya komissiyasının 12 mart 2025-ci il tarixli qərarı və İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 46 nömrəli əmri ləğv edilməsi, İddiaçı 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə 07 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan əmək müqaviləsindən də məlum olduğu kimi iddiaçı ilə əmək müqaviləsi işəgötürən kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında imzalandığını, iddiaçıya münasibətdə işəgötürənin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin olduğunu, belə olan halda da işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyasının Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən yaradıldığını, lakin iş materiallarında olan “30 saylı Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” xx.xx.2024-cü il tarixli 79 nömrəli əmr işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən deyil, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verildiyini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-4988/2023 saylı qətnaməsi ilə hazırki İddiaçı ilə X4 arasında bağlanmış nikah pozulduğunu və tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanıldığını, bundan əlavə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış digər övladı X2 da İddiaçı ilə birlikdə yaşadığını, hər iki uşağın hazırda da anaları ilə birlikdə yaşamaqla ödənişli əsaslarla ali təhsil aldığlarını və onların həm təhsil xərcləri, həm də bütün digər ehtiyaclarının tək valideyn kimi hazırki iş üzrə İddiaçı tərəfindən qarşılanmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, iddiaçının vəkili-nümayəndəsi izahatlarında bildirmişlər ki, iddiaçı attestasiya zamanı demək olar bütün suallara qismən də olsa cavab vermiş, həmçinin musiqi parçalarını ifa etmişdir. İfada müəyyən qüsurların olması fortepianonun saz vəziyyətdə olmaması səbəbindən olmuşdur. İddiaçının imtahanda müəyyən həyəcanının olduğunu, əmək stajını və təcrübəsini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər 30 nömrəli Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Səlahiyyətlərin verilməsinə dair bildirişdən görünür ki, 30 saylı uşaq musiqi məktəbində bütün işəgötürən səlahiyyətləri Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X1 verilmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 79 nömrəli əmrindən görünür ki, 30 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq 2025-ci ilin fevralın 5-dən iyunun 5-dək müəllimlərin attestasiyasını keçirməyi qərara almışdır. 37 saylı xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə bildirişi xx.xx.2024-cü il tarixdə imzalayıb təhvil almışdır. xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsində İddiaçı attestasiya zamanı verilən suallar və cavablar, eləcə də komissiya üzvlərinin səsləri (lehinə 1, əleyhinə 4 səs) əks olunmuşdur. Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 46 №-li əmrindən görünür ki, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 3 nömrəli protokol olmuşdur. CD diskdə xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntü əks olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

11. 1.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, əxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2018-2025-ci il tarixlərində 30 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiyanın nəticəsi olaraq həmin vəzifəyə uyğun hesab edilməmiş, 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmk müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı komissiyanın düzgün qiymətləndirmə aparmadığına istinad edərək, attestasiya komissiyasının qərarının ləğv edilməsini və işə bərpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olubolmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar, eləcə də, iddiaçının ifası komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, attestasiya vərəqi stenoqram olmamaqla bütün iclası əks etdirə bilməz, lakin, məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, attestasiya vərəqəsində iddiaçıya verilmiş suallar və iddiaçının cavabları düzgün qeyd edilmişdir. Eyni zamanda videogörüntüdən görünür ki, İddiaçı ifasında müəyyən nöqsanlar olmuş, iddiaçının üzdən oxuması çox zəif olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyən olunmuşdur ki, İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsində sadalanan attestasiyadan keçirilməyən işçilər kateqoriyasına daxil olmamışdır. Attestasiya komissiyası haqqında əmrin Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən deyil, 30 saylı musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilməsi səbəbindən əmrin hüquqi qüvvəsinin olmaması ilə bağlı iddianın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, 30 saylı musiqi məktəbində işəgötürən səlahiyyətləri Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X1 verilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi də 30 saylı musiqi məktəbində bütün işəgötürən səlahiyyətlərinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X1 verildiyini təsdiq etmiş və attestasiya keçirilməsi səlahiyyətinin ayrıca qeyd edilməməsinin ƏMAS sistemində olan texniki imkanlarla əlaqədar olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Odur ki, iddiaçının işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi barədə iddiası təmin edilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qətetdi:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar