Məhkəmə qərarları › İş №2(011)-548/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-548/2025

21.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-548/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda alınmış xəsarətləri nəzərə alaraq 4 il ərzində həm ambulator, həm də stasionar müalicə, eləcə də dərman preparatlarının xərci 100 (bir yüz min) manat pul məbləğinin Cavabdehndən kompensasiya şəklində tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdehndə 3-cü dərəcəli nəzarətçi, 3-cü dərəcəli çilingər, qəza bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, qəza dispeçeri xidmətinin 10-cu dərəcəli ustası, qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingər, sayğacların müayinəsi laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər vəzifələrində çalışmışdır. 26 iyun 2018-ci il tarixdə gecə saatlarında vəzifəsini icra etdiyi zaman abonentin yaşayış evinin qaz sızmasını aradan qaldırarkən yıxılmışdır. Nəticədə çox ciddi və çoxsaylı kəllə beyin və bədən xəsarətləri almış və ona İİ qrup əlillik təyin olunmuşdur. 2019-cu il tarixdən səhhətilə bağlı Cavabdeh X1 Departamentinin sayğacların müayinəsi laboratoriyasına keçirilmişdir. Səhhətilə əlaqədar olaraq, mütəmadi müalicə və müayinə olunmağına zərurət olmuşdur. İşəgötürən xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq onu xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad etmişdir. İdidaçı şikayətlə əmək müfəttişliyi xidmətinə müraciət etmiş, həmin qurumun araşdırması vaxt aparmışdır, daha sonra iddiaçı məhkəmədə cavabdehə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi ilə iddia qaldırmışdır. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının xeyrinə (işə bərpa edilməyinə dair) qətnamə qəbul etmişdir. Lakin Ali Məhkəmə instansiyası iddia müddətinin ötürülməsinə görə əvvəlki instansiyalarda iddiaçının xeyrinə qəbul edilmiş qərarları ləğv etmişdir. Hesab edir ki, Ali Məhkəmə iddiaçının əleyhinə qərar qəbul edərkən, misli görülməmiş ədalətsizliyə yol vermişdir. Belə ki, iddiaçının himayəsində 3 azyaşlı uşaqları var. Özü daimi həkim nəzarətində olmaqla, çətinliklə çəlik vasitəsi ilə hərəkət edir və daimi bahalı dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində iddiaçı əmək qabiliyyətinin 70 faizini itirmişdir. Maddi durumu olduqca kritik vəziyyətdədir. Ona görə də qərara gəlmişdir ki, məcburi iş buraxmağa görə 4 illik kompensasiya tələbi ilə məhkəməyə müraciət etsin. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əlavə xərclərin ödənilməsi üçün 30.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və onun vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı 30 mart 2010-cu ildə Cavabdeh İB-də əmək fəaliyyətinə başlamışdır. İşəgötürənin 02 noyabr 2020ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funskiyasını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, iddiaçıya 10 iyun 2020-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir (diaqnoz: Kəllədaxili travmaların nəticələri, QKBT. Baş beynin sağ yarımkürəsinin alın payının əzilməsi. Sağ mil bilək oynağının sınıq-çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Oynaqların kontrakturası, Sağ diz və mil bilək oynağının postravmatik kontrakturası. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, İV dərəcəli karlıq. Eşitmə sinirinin travması, Sol tərəfli postravmatik koxlear nevrit. Postravmatik ensefalopatiya. Ağ ciyərin digər travmaları, Ağ ciyərlərin sıxılması. Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü cisminin bitişmiş sınığı. Sağ bud sümüyü cisminin bitişmiş sınığı. Birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Sağ bud sümüyünün intramedulyar osteosintez və skafoid osteosintezi əməliyyatlarından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarının və alın cibinin alt divarının bitişmiş sınığı. OU- Miopiya. Vis OD=0.VİS OS=1.0 Digər ensefalit, mielit va ensefalomielit, Postravmatik stress, asteno-depressiv təzahürlər, vegetativ disfunksiya). Əlillik səbəbi olaraq istehsalat zədəsi, əmək qabiliyyətinin isə 70% itirildiyi qeyd edilmişdir. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ tərəfindən verilmiş ambulator xəstənin tibb vərəqindən görünür ki, iddiaçıya nevrozabənzər sindrom diaqnozu qoyulmuş, xəstəyə psixiatr nəzarəti məsləhət görülmüşdür. İddiaçı cavabdeh birliyə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(011)-2223/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5505/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdehnə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5185/2024 saylı 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun Cavabdehndə iş yeri ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı hazırkı iddia ilə cavabdehin təqsiri nəticəsində onun səhhətinə ziyan vurulmasını və nəticədə səhhətinin pisləşdiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddiasının əsası kimi onu göstərmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, onun himayəsində 3 övladı qalmışdır. Həmçinin, iddiaçının İİ qrup əlil olmasını və davamlı olaraq müalicəyə ehtiyacı olmasını göstərmiş, istinad olunan halların isə iddiaçının əlavə xərclər çəkməsi ilə nəticələndiyini bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində xərc çəkmişsə, onun əvəzini cavabdehdən tələb etmək kimi hüququ var. Lakin əlavə xərclərin nədə ehtiva olunması, çəkilmiş məsrəflərin hansı miqdarda və nəyə sərf olunması hazırkı iş üzrə əlavə xərc olaraq səhhətinin bərpasına çəkilən xərclərin olmasına istinad olunsa da iddia ərizəsində bu xərclərin konkret olaraq nədən ibarət olması, hansı tibbi prosedur üçün hansı məbləğin tələb edilməsi əsaslandırılmamışdır. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı İİ qrup əlildir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı qanunla dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı - Cavabdehndən əlavə xərclərin ödənilməsi üçün 30.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar