Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5488/2025 26.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat əsas məbləğin, 1000 manat mənəvi ziyanın, 150 manat vəkilə hüquqi yardım üçün ödənilmiş pulun, 17,25 manat etibarnamə üçün ödənilmiş pulun, 70 manat dövlət rüsumunun, cəmi, 5237,25 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMCnin rəhbərliyi ilə müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən, o, Kanada dövlətində təhsil almalı idi. Bütün bunlarla əlaqədar o, müqavilədə göstərilən və müqavilə üzrə xidmət haqqı sayılan 500 və 945 manatı ödəmişdir. Lakin, Cavabdeh MMC-nin rəhbərliyi ona zəng edərək, təcili olaraq 4000 manat pulun onlara çatdırılmasının zəruriliyini bildirmiş, əks təqdirdə müqavilənin baş tutmayacağını demişdir. O, MMC-nin rəhbərliyinə inanmış, borc-xərc edib təcili olaraq 4000 manat pulu çatdırmışdır. Lakin, sonralar müəyyən səbəblərdən onun Kanada dövlətində təhsil almaq imkanları aşağı düşmüş, o, müqavilə üzrə ödədiyi və xidmət haqqı sayılan 500 manat və 945 manat vəsaitin geri qaytarılmasının mümkün olmadığını dərk edərək, yalnız MMC rəhbərliyinin müqavilədən kənar aldığı 4000 manat pulun geri qaytarılmasını xahiş etmiş, lakin rədd cavabı almışdır. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmış, ona 1000 manatdan çox mənəvi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sifarişçi- İddiaçı ilə icraçı- Cavabdeh MMC arasında xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi Kanadada yerləşən kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, təhsil alınan ölkədə təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar sifarişçiyə məsləhət xidmətlərinin göstərilməsi, həmçinin, həmin təhsil müəssisəsində sifarişçi üçün müvafiq proqrama müraciətin edilməsi, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə müqavilədə müəyyən edilən qaydalar əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı sifarişçinin təhsil və iş materiallarına əsasən təhsil proqramlarından birinə müraciət edilməsi üçün xidmətlər göstərir: dil kursları, orta təhsil, peşə təhsili, universitet hazırlığı, ali təhsil, tətil proqramları. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilməyən bütün digər xidmətlərə görə əlavə xərclər sifarişçi tərəfindən müstəqil olaraq bu xidmətlər göstərilən zaman ödənilir. Müqavilənin 7-ci bəndindən və mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat ilkin xidmət haqqının birinci hissəsi, xx.xx.2023-cü il tarixdə 945 manat ilkin xidmət haqqının ikinci hissəsi Cavabdeh MMC-yə ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 4000 manat ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, 6 saylı Vəkil Bürosuna 200 manat ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı:
75. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar...Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xaricdə təhsil alınması ilə əlaqədar xidmətlərin göstərilməsinə dair müqavilə münasibətləri mövcud olmuş, ilkin xidmət haqqı kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 945 manat xidmət haqqı ödənilmişdir. Müqavilənin 1.4-cü maddəsinə əsasən müəyyən edilmişdir ki, digər xidmətlərə görə əlavə xərclər sifarişçi tərəfindən müstəqil olaraq bu xidmətlər göstərilən zaman ödənilir. Lakin sifarişçi-iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə 4000 manat ödənilməsinə baxmayaraq, həmin məbləğ müqabilində iddiaçıya heç bir xidmət göstərilməmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 4000 manat pulun İddiaçı göstərilmiş hansı xidmət üçün istifadə edilməsi barədə məlumatı və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməsi barədə sorğu verilsə də, cavabdeh tərəfindən sorğuya cavab verilməmişdir. Eləcə də, cavabdeh məhkəmə iclaslarının vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etmiş, 4000 manat pul vəsaitinin İddiaçı göstərilmiş hansı xidmətlər üçün istifadə edildiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında mövcud olan öhdəlik münasibətlərini pozduğu üçün iddiaçı 4000 manat pulun cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, pul tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 150 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan, iddia tələbi vəkil xərcinə aid hissədə, eləcə də etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manatın ödənilməsi hissədində də təmin edilməlidir. Mənəvi zərərlə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hər hansı mənəvi iztirab (sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi) yaşaması barədə sübutlar təqdim edilməmişdir. Mənəvi sarsıntıya (ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması) görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün isə həmin pozuntu müəyyən mənəvi dəyərlərə, şəxsin sağlamlıq vəziyyətinə, cəmiyyətdəki statusuna və ya şəxsi həyatına mənfi təsir göstərməli, bu təsirin müəyyən real nəticələri olmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4000 manat tutularaq İddiaçı ödənilsin. 150 manat vəkil xərcinin, 17,25 manat etibarnamə verilməsi üçün çəkilmiş xərcin və 60 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli