Məhkəmə qərarları › İş №2(011)-550/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-550/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-550/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair kommunal məsələlərin həllinin-qaz, işıq, su xətti çəkmək işlərinin Cavabdeh həvalə edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 2 ünvanında mənzili vardır. İddiaçı həmin mənzili cavabdehdən 19.000 manata almışdır. Cavabdeh həmin mənzili iddiaçıya satanda ona bildirmişdir ki, gələcəkdə bu mənzilə dair bütün kommunal məsələlərin həllini öz öhdəsinə götürür. Lakin cavabdeh indiyə kimi öhdəsinə götürdüyü kommunal məsələlərin həllini təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inşa etdirdiyi fərdi ev olan qanunsuz tikilini iddiaçı ilə aralarında olan razılaşma əsasında ona satmışdır. Alğısatqı qiyməti kimi 19.000 manat müəyyən edilmişdir. İddiaçı 4 ildən artıqdır ki, həmin qanunsuz tikilidən istifadə edir. İddiaçı məhkəmə araşdırması zamanı bildirmişdir ki, cavabdeh evi satdığı zaman evdə qaz, su, işıq sayğacları mövcud olmamışdır. İddiaçının istinadına əsasən cavabdeh alğı-satqıdan sonra həmin cihazların quraşdırılması üçün iddiaçıya köməklik edəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı izahatı alınan cavabdeh bildirmişdir ki, sayğacların quraşdırılması üçün o, aidiyyəti qurumlara iddiaçı ilə bərabər gedərək müraciətlər etmişdir. Lakin iddiaçı sayğacların quraşdırılması üçün zəruri olan vəsaiti ödəməkdən imtina etdiyindən ev bugün sayğaclarla təchiz edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özü su sayğacının quraşdırılmasına nail olmuşdur. Məhkəmədə izahat verən iddiaçı bildirmişdir ki, cavabdeh sayğacların quraşdırılması ilə bağlı öhdəlik götürmüş, və bununla bağlı mənzil kommunal istismar idarəsinə yazılı ərizə vermişdir. Məhkəmə tərəfindən istinad olunan halın araşdırılması üçün Bakı şəhəri Xətai rayon MKTB-nin 2 saylı Mənzil Kommunal İstismar Sahəsinə sorğu verilmiş və 13 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzilin kommunal xidmətlərin həll edilməsi ilə əlaqədar Cavabdeh İddiaçı qarşısında əlavə öhdəlik götürməmiş və əlavə öhdəliklə bağlı Cavabdeh onlara heç bir müraciəti olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının tələbi öhdəliyin icrası ilə bağlıdır. Qanunvericiliyə əsasən (AR MM-in 386.1-ci maddəsi) öhdəliyin yaranma əsasları yuxarıda qeyd edilmişdir. Hazırkı maddənin tələblərini sözügedən işə tətbiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranması halı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin öhdəliyini icra etməməsini qeyd etsə də, cavabdehin sayğacların quraşdırılmasına aid xərcləri öz öhdəsinə götürməsi ilə bağlı halları məhkəmədə sübuta yetirə bilməmişdir və işin hər hansı halı ilə bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - ünvan 1 ünvanında yerləşən mənzilə dair kommunal məsələlərin həllinin-qaz, işıq, su xətti çəkmək işlərinin Cavabdeh həvalə edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar