Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5511/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı - İddiaçı azyaşlı övladları 13.01.2006-cı il təvəllüdlü X8, 10.05.2009-cu il təvəllüdlü X6 və 05.08.2013-cü il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə köçürülməyi və iki otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 16 aprel 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı qayınatasına məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşdür. Birgə nikahlarından üç övladları 13 yanvar 2006-cı il təvəllüdlü X8, 10 may 2009-cu il təvəllüdlü X6 və 05 avqust 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçıya məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə cehiz olaraq aparmışdır və hal-hazırda cehiz əmlakları oradadır. 2005-2014-cü illər ərzində İddiaçı və övladları ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə yaşamışdır. Lakin, sonradan həmin həyətdə ikimərtəbəli fərdi yaşayış evi tikilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək yaşamış və onlarla birgə təsərrüfat aparmışlar. İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iddiaçıya və uşaqlarına orda yaşamağa imkan verməmiş və onları oradan qovmuşdur. Hazırda iddiaçı övladları ilə birlikdə atasına məxsus olan evdə çox çətinliklə yaşayır. İddiaçı ünvan 1 ünvanda yerləşən yeni tikili olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və onun övladları-13 yanvar 2006-cı il təvəllüdlü X8, 10 may 2009-cu il təvəllüdlü X6 və 05 avqust 2013-cü il təvəllüdlü X4 ünvan 2 ünvanında yerləşən yeni tikilən ikimərtəbəli yaşayış sahəsinə (evinə) köçürülmələri qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3889/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)- 356/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1663/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3889/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə 2005-2014-cü illər ərzində İddiaçı və övladlarının ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə yaşaması faktı öz əksini tapmış və sübuta yetirilmişdir. Həmçinin 13 yanvar 2006-cı il təvəllüdlü Sadıqova Ay işə Anar qızı, 10 may 2009-cu il təvəllüdlü X6 və 05 avqust 2013-cü il təvəllüdlü X9 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. İddiaçı və onun nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2019 nömrəli 04.09.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2005-ci il tarixli nikah qeydi pozulması, birgə nikahdan olan 13 yanvar 2006-cı il təvəllüdlü X8, 10 may 2009-cu il təvəllüdlü X6 və 05 avqust 2013-cü il təvəllüdlü X9 İddiaçı yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh2 05.08.2019-cu il tarixdən başlayaraq, İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə üç uşağa görə 360 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-356/2020 nömrəli 07.01.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və onun övladları 13 yanvar 2006-cı il təvəllüdlü X8, 10 may 2009-cu il təvəllüdlü X6 və 05 avqust 2013-cü il təvəllüdlü X9 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi, 12/1 ünvanında yerləşən yeni tikilən ikimərtəbəli yaşayış sahəsinə (evinə) köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli 08.09.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1663/21 nömrəli 26.04.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, yaşayış evində iki otaq və kiçik mətbəxdən ibarət ayrı girişi olan bir mənzil və iki otaq və kiçik mətbəxdən ibarət ayrı girişi olan ikinci mənzil yerləşir, həyətdə bir ədəd sanitar qovşaq mövcuddur, bir mənzildə kirayəçi qalır. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh2 16 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 13 yanvar 2006-cı il təvəllüdlü X8, 10 may 2009-cu il təvəllüdlü X6 və 05 avqust 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra qayınatasına məxsus ünvan 2 saylı evə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəyə analogiya üzrə yaşayış sahəsindən istifadə hüququ ilə bağlı qanunvericiliyin müvafiq normalarını tədbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4 və 13.5-ci maddələrinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Qanunun analogiyası üzrə hazırkı mübahisəyə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evin sahibi ilə arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair müvafiq qaydada rəsmiləşdirilmiş razılaşma mövcud olmadığından, iddiaçının mübahisəli evdən istifadə hüququ yarana bilməzdir. Odur ki, iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və bundan irəli gələn evə köçürülmə tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun olaraq əsassız hesab edilməli və rədd edilməlidir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzildən istifadə hüququ yaranmadığına görə, yaranmayan istifadə hüququ üzrə istifadə qaydaları da məhkəmə tərəfindən müəyyən edilə bilməz. Buna görə də iddia tələbi iki otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi hissəsində də rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddianın İddiaçı azyaşlı övladları 13.01.2006-cı il təvəllüdlü X8, 10.05.2009-cu il təvəllüdlü X6 və 05.08.2013-cü il təvəllüdlü X1 mənzilə köçürülməyi və istifadə qaydalarının müəyyən edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdehin birgə nikahlarından 13.01.2006-cı il təvəllüdlü X8, 10.05.2009-cu il təvəllüdlü X6 və 05.08.2013cü il təvəllüdlü X9 anası İddiaçı yanında qalır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə 13.01.2006-cı il təvəllüdlü X8, 10.05.2009-cu il təvəllüdlü X6 və 05.08.2013-cü il təvəllüdlü X9 anası İddiaçı yanında qaldığından, uşaqların yaşayış yeri valideynin yaşayır yeridir. Odur ki iddia tələbi bu hissədə də təmin edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki-prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı - İddiaçı azyaşlı övladları 13.01.2006-cı il təvəllüdlü X8, 10.05.2009-cu il təvəllüdlü X6 və 05.08.2013-cü il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə köçürülməyi və iki otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5511/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5511/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver