Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5541/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları- 01.04.2008-ci il təvəllüdlü X4 və 03.06.2014-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 25 mart 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçı ünvan 2 ünvanına gəlin köçmüşdür, birgə nikahlarından 01.04.2008-ci il təvəllüdlü X4 və 03.06.2014-cü il təvəllüdlü X5 doğulmuşdur və həmin evdə də qeydiyyata alınmışlar, iddiaçı gəlin köçdüyü zaman həmin ev 1 mərtəbə, yerdən, təmirsiz, 1 zal və yataq otağından ibarət olmuşdur, daha sonra birgə nikahda olduqları müddətdə, yəni təxminən 2015-ci ildə həmin evi sökərək yerində 1 ci mərtəbəsi 1 dəhliz, qonaq otağı, mətbəx, 2-ci mərtəbəsi isə 3 yataq otağından ibarət olan iki mərtəbəli hazırkı evi tikmişlər, 4 ay müddət ərzində, yəni ev yaşayış üçün tam hazır vəziyyətə gətirilənə qədər onlar valideynlərinə məxsus evdə yaşamışlar, evin tikintisinə birgə təsərrüfat hesabına əldə edilmiş gəlirlərini sərf etmişdirlər, həmin ev onun yeganə daimi yaşayış yeri olmuşdur, qısqanclıq səbəbi ilə əri ilə aralarında davamlı olaraq mübahisə yaranmış və bu səbəblə də dəfələrlə o, iddiaçını hədələmiş, evdə daim söz-söhbət yaratmış, ona qarşı psixoloji və fiziki şiddət tətbiq etmişdir, sonuncu dəfə etdiyi təzyiq və hədələrdən sonra iddiaçını evdən qovaraq qapının kilidini dəyişdirmiş, onun evə daxil olmağına maneə törətmişdir, bütün cehiz əşyaları, o cümlədən servant, stol-stul, yataq dəsti və.s şəxsi əşyaları, iddiaçının və uşaqların geyim əşyaları hal-hazırda həmin evdədir, təxminən 1-2 aydır ki, iddiaçı atasına məxsus 1 otaqlı evdə müvəqqəti olaraq valideynləri-atası, anası və övladları ilə birlikdə yaşayır, davamlı olaraq orada yaşamaq qeyri-mümkündür, başqa yaşayış yeri yoxdur, tikilinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sözügedən mübahisəli ev onun yox, atasının evidir, atası o evi öz pulu ilə tikmişdir, 1978-ci ildən həmin mənzil var və orda hər şey atasının adınadır, öz uşaqlığı da orada keçmişdir, bunu qonşular da təsdiqləyə bilər, atasıın 5 evi var, istədiyi zaman ayrı-ayrı övladlarının evinə gedir və orda qalır, 2006-cı ilə qədər orada çox adam yaşamışdır- kirayəçilər, qaçqınlar və s. 2006-cı ildə ailə həyatı qurandan sonra isə atası evi ona vermiş, həmin mənzilə köçmüşlər, o zaman həmin evdə qaçqınlar olmuşdur, 2015-ci ildə evin bir hissəsi yenilənmişdir, o zaman qayınatasıgilə köçmüş və bir müddət orada yaşamışlar, qaynatasıgildə yaşadıqları dövrdə evin yanında olan boş hissədə 2 mərtəbəli ev tikmiş, orada yaşamağa başlamışlar, ünvanda çox adam qeydiyyatda olsa da orada yalnız o və ailəsi, yəni keşmiş həyat yoldaşı və uşaqları yaşamışdır, indi isə evin qıfılını dəyişmişdir, hal-hazırda iddiaçı ilə nikahları pozulmuş, bu barədə qətnamə qanuni qüvvəsini almış və iddiaçı evdən getmişdir, bundan sonra 1-2 dəfə özü evə gəlmiş, əşyalarını götürmüşdür, indi də qalan əşyalarını gəlib götürə bilər, buna heç bir etirazı yoxdur, sözügedən ev sənədsiz evlərdəndir, bu işin mübahisəsiz halıdır, lakin kommunal ödəniş obyektləri atasının adınadır, iddiaçı tərəf özü boşanmaq istəmiş və özü də getmişdir, hazırda aralarında münasibət yoxdur, ayrı-ayrı insanlardır, iddiaçının harada yaşamağının ona aidiyyəti yoxdur, həmçinin iddiaçı həmin evdə qeydiyyatda deyildir, Zaqatalada qeydiyyatdadır, hazırda öz atasının evində yaşayır, onun evə köçürülməsinə razı deyildir, uşaqlar isə atasının evinə qeydiyyatdadırlar. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 63 saylı tam orta məktəb tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 139 və 140 №-li arayışlardan görünür ki, X5 Bakı şəhəri, S.Həsənov adına 63 nömrəli tam orta məktəbin 2-ci sinifindəvə X4 Bakı şəhəri, S.Həsənov adına 63 nömrəli tam orta məktəbin 8-ci sinifində oxuyur. İş materiallarında olan AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, hal-hazırda Nazəni Zeynallı Bakı şəhəri 63 nömrəli tam orta məktəbin 8-ci sinifində, Selcan Zeynallı 2-ci sinifində təhsil alır, hər iki şagird ünvan 4 ünvanı üzrə qeydiyyata alınmışlar. İş materiallarında olan 11.08.2021-ci i tarixində verilmiş AR Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh 03.03.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır, həmin mənzildə qeydiyyat olan digər şəxslər X10, X2, X5, X6, X11, X7, X4, X8 və X3r. İş materiallarında olan AR Nəqliyyat, Rabitə və Yeksək Texnoloiyalar Nazirliyinin "xxxx" Telefon rabitəsi MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş 31 nömrəli, 06.08.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X1 adına 17.12.2005-ci il tarixində telefon sənədləşməsi müqaviləsi bağlanmışdır. İş materiallarında olan Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi tərəfindən Bakı şəhər Xətai rayon Məhkəməsinə ünvanlanmış 08.09.2021-ci il tarixli məktuba əlavə edilmiş ərizədən görünür ki, İddiaçı ərizə ilə 36-cı Polis bölməsinə müraciət edərək, boşanma ərəfəsində olduğu həyat yoldaşı Cavabdeh əvvəllər onunla birgə yaşadığı ünvanın giriş qapısının kilidini ondan xəbərisz olaraq dəyişdiyini, hazırda evə daxil ola bilmədiyini, hər hansı özünə aid əşyaları götürməyə icazə vermədiyini bildirmi, ünvana olan yaşama hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin rəsidi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış 08.09.2021-ci il tarixli məktubun surətində görünür ki, İddiaçı mövcud məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08.09.2021-ci il tarixli 932 nömrəli arayışın surətindən görünür ki, X6 Bakı şəhəri, Xətai rayonu, 27 saylı MKİS-in ərazisində yerləşən 2944 məəllə küçəsində, 10 №-li evdə qeydiyyatdadır, o, 1993-cü ildən göstərilən ünvanda oğlu Cavabdeh, oğlu X12, oğlu X9 ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə ünvanlanmış 21.09.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil, ünvan 8 ünvanında olmaqla, tərəflərin birgə nikah dövründə inşa edilmişdir, həmin mənzilə dair hüquq müəyyənedici sənədlər mövcud deyil, İddiaçı mübahisəli mənzilə 2006-ci ildən etibarən köçmüş və birgə nikah dövründə həmin mənzildə yaşamışdır, birgə nikahdan 01.04.2008-ci il təvəllüdlü X4 və 03.06.2014-cü il təvəllüdlü X5 doğulmuşdur, cavabdeh və uşaqlar mübahisəli mənzildə pasport qeydiyyatındadırlar, tərəflər arasında nikaha xitam verilmişdir, iddiaçı tərəflər arasında yaranmış ailə münaqişəsi zəminində öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşadığı mübahisəli mənzili məcburi tərk etmişdir, həmin ev onun daimi əsasla yeganə yaşayış yeridir, hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli mənzildə yaşamaması və mənzildən istifadə edə bilməməsi Cavabdeh yaratdığı maneələrlə əlaqədardır. İddiaçının və onun uşaqlarının mənzildən istifadə hüququnun itirilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münaqişəyə qədər mübahisəli ev iddiaçının və onun azyaşlı uşaqlarının yaşayış yeri olduğundan və tərəflərin mübahisəli tikiliyə dair hər hansı üstün hüquqları müəyyən edilmədiyindən, iddiaçının həmin yaşayış yerinə dair hüquqlarına cavabdeh tərəfindən hər hansı formada müdaxilə də qanuni hesab edilə bilməz və iddiaçının belə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Bununla belə məhkəmə qeyd edir ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun, əks halda məhrumetmə qanunsuz hesab olunmalıdır. Hazırkı iş üzrə də iddiaçının köçmək istədiyi yaşayış sahəsinə dair hər hansı bir şəxsin əmlak hüququnun olduğunu təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər, mübahisəli evə münasibətdə eyni hüquq və vəzifələrə malik şəxslərdir və onların birgə nikah dövründə inşa etməklə daimi əsaslarla uzun müddət yaşamayaraq birgə təsərrüfat apardıqları həmin ev, cavabdehin və onun uşaqlarının yeganə yaşayış yeri hesab edilir və onların həmin yerdən istifadələrinə dair heç bir hüquqi əsas olmadan “əmlaka mülkiyyət hüququnun mövcud olmaması” səbəbi ilə qoyulmuş məhdudiyyətlər, şəxsin milli və beynəlxalq hüquqla insan haqları kimi tanınan mənzil hüququna müdaxilə hesab olunur. Məhkəmə, mübahisəli hüquq münasibəti üzrə tətbiq olunmalı hüquq normasına münasibətdə qeyd edir ki, mübahisəli tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması, o cümlədən onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı hallarda mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı, azyaşlı uşaqları 01.04.2008-ci il təvəllüdlü X4 və 03.06.2014-cü il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 10 saylı evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı, 01.04.2008-ci il təvəllüdlü X4 və 03.06.2014-cü il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 10 saylı evə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5541/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5541/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver