Məhkəmə qərarları › İş №2(011)-557/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-557/2024

19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-557/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 6 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi xx.xx.1962-ci ildə Azərbaycan Respublikası Qubadlı rayonu Mahmudlu kəndində doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1962-ci ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. 1993-cü ildə yaşadığı yurd-yuvasından çıxarkən sənədlərini evdən götürə bilməmişdir. Qubadlı rayonu Mahmudlu kəndindən köçən zaman ailəsinin və onun bəzi sənədləri yaşadığı evdə qalmış və sənədləri götürə bilməmişdir. 1993-cü ildə erməni işğalçıları Azərbaycan rayonlarını işğal eləməyə başlayarkən azərbaycanlıların hamısı qaçqın düşdü, artıq məlum səbəblərə doğum haqqında şəhadətnamənin sürətini ala bilmir. X1 xx.xx.2010-cu il tarixdə, anası X4 isə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişlər. O, təkrar doğum haqqında şəhadətnamə almaq istəyir, bununla bağlı 6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona imtina edilərək bildirilmişdir ki, adiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Bakı 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi mülki işin çoxluğu ilə əlaqədar işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır, anaları X4, ataları X7 olmuşdur, valideynləri vəfat etmişdir, o, bacısından yaşca 1 il balacadır, atası Telman Rüstəmov polis orqanlarında xidmət etdiyi üçün tez-tez təyinatı üzrə başqa rayonlarda işləmişdir. Bu səbədən özü Füzuli rayonunda, bacısı Ümüdə isə Qubadlı rayonunda doğulmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1961-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi qızıdır, ərizəçi yaşca ondan bir il kiçikdir, onların hər ikisi Qubadlı rayonunun Mahmudlu kəndində doğulmuşlar, uşaqlıqdan bir yerdə olublar, bir ailə kimi birlikdə yaşayıblar, sonra əmisi xidməti vəzifə ilə əlaqədar ailəsi ilə başqa rayona köçmüşlər, ərizəçi yay tətillərini Qubadlıda keçirmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı AR vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğulduğu tarix xx.xx.1962 kimi qeyd edilmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi doğulduğu yer Qubadlı rayonu, Mahmudlu kəndi, doğulduğu tarix xx.xx.1962, boyu 150, gözlərinin rəngi qəhvəyi kimi qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-R-1921/2023 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydinizin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olmadığından ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Qubadlı rayonunda Mahmudlu kəndində doğulmuşdur, onun X1, anası X3r, ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur və onun doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır, Ərizəçi doğum tarixi xx.xx.1962-ci il, doğum yeri Qubadlı rayonu, Mahmudlu kəndi, milliyyəti isə azərbaycanlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olması, anasının X4, atasının X7 olması faktı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci ildə Azərbaycan Respublikası Qubadlı rayonu Mahmudlu kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1962-ci il”, doğum yeri “Qubadlı rayonu, Mahmudlu kəndi”, ata qrafasında “X7”, milliyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar