Məhkəmə qərarları › İş №2(011)-561/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-561/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-561/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 26653 manat maddi ziyan və 170 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, o mülkiyyətində olan Hyundai Elantra markalı, **-KL-*** Dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixində notarial qaydada Rent A Car 929 MMC şirkətinə icarəyə vermişdir. xx.xx.2024-cü il tarixində Rent A Car 929 MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi mülkiyyətində olan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək günlük 60 (altmış) manat ödəmək şərtiylə icarəyə verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində Bakı-Quba yolunun 98-ci kilometrliyində qəza baş vermiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Bununla bağlı cavadbeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Mütəxəssislər tərəfindən dəymiş zərər 26653 manat məbləğində hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Bu səbəblə o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaya dair etirazın dəlilləri: Cavabdeh məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsində Mülki Məcəllənin borcla bağlı normasına istinad edilmişdir. Həmin normanın mübahisəyə aidiyyəti yoxdur. İddiaçı iddiasında Mülki Məcəllənin icarə ilə bağlı normalarına istinad edilmişdir. Onunla iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur. İddiaçı iddiasının əsası kimi icarə münasibətlərinə dair normalarına istinad etdiyinə görə, iddianı icarə müqaviləsi bağladığı şəxsə qarşı qaldırmalıdır. Əgər iddiaçı hesab edirsə ki, cavabdeh onun tələbinə cavab verməli olan şəxsdir, o zaman tələbinin öncə cavabdehin sürücü kimi mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təşkilatı hesabına təmin edilməsi tədbirləri görməlidir. Tələb edilən məbləğ dəymiş zərərə uyğun deyildir, süni, əsassız şəkildə xeyli artırılmışdır. Bunun bir neçə səbəbi var (məsələn: avtomobil 8 ildir istismar olunur və hissələri amortizasiya etmişdir, aktda qeyd edilən hissə və xidmətlər baha qiymətlərdir, həmin hissələri və xidmətləri bazarda daha ucuz əldə etmək olar və sair). Avtomobilə dəymiş zərərlə cavabdehin əməli (inzibati xəta) arasında səbəbli əlaqə yoxdur. Hadisənin baş verməsinin səbəbi inzibati xəta törədilməsi deyildir, sükanda nasazlıq yaranmasıdır. Əvvəla iddiaçının iddia ərizəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmək haqqında qərara istinad edilsə də, təqdim edilmiş sənəd qərar deyil, protokoldur. İkincisi, İXM – nin 327.1 – ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, xəta Bakı – Quba yolunun 83 – cü kilometrində törədilib. Halbuki, nəqliyyat vasitəsinə zərər həmin yolun 98 – ci kilometrində dəymişdir. "xxxx" MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.2–ci bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməlidir. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. "xxxx" MMC ilə cavabdehin arasında bağlanmış avtomobilin icarə müqaviləsinin 4.1.4 – cü bəndinə əsasən, icarəyə verən avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalamalıdır. İcarəyə verən bu öhdəliyini icra etməmişdir. Halbuki, həmin müqavilənin 5.4 – cü bəndinə əsasən, yol – qəza və şəxsi qəza hadisələri üzrə sığorta edilməli idi. Həmin bəndə əsasən, kasko və icbari sığorta ödənişə daxildir. 8. Sığortanın müqavilənin 5.4 – cü bəndində nəzərdə tutulan hallarda öz qüvvəsini itirməsi müddəasına gəlincə, əvvəl zərər həmin hala görə baş verməyib (əksini sübut etmək iddiaçının üzərinə düşür). İkincisi isə, elə olmuş olsa belə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.4-cü bəndinə əsasən sığorta müqaviləsində bu Qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz. Başqa sözlə, müqavilənin həmin şərti etibarsız şərtdir. Mübahisəli münasibətdə "xxxx" MMC uzufruktuardır. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. "xxxx" MMC öz öhdəliyini pozmuşdur və mülkiyyətçi qarşısında məsuliyyəti o daşıyır. Nəzərə alınmalıdır ki, avtomobilin icarə müqaviləsi standart müqavilədir. Qeyd edilənləri də nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdirlər. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Hyundai Elantra minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverən İddiaçı qanuni əsaslarla ona məxsus Hyundai Elantra minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə şərtlərinə görə nəqliyyat vasitəsi icarəyə verən tərəfindən tam sığortalanmamışsa, icarəyə alınmış nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına icarəçinin istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən vurulmuş ziyana görə üçüncü şəxsə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia tələbi irəli sürmək, dəymiş ziyanın məhkəmə qaydasında təmin edilməsi tələb etmək icarəçinin öhdəliyidir. Avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyəverən qarşısında maddi məsuliyyət daşımır. İcarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin xüsusi şərtlərində qeyd edilmişdir ki, icarədar icarə haqqında əlavə yol-qəza, oğurluq və şəxsi qəza hadisələri üçün nəzərdə tutulmuş depozit (franşiza) avtomobili təhvil alan gün icarəyə verənə ödəyir, əgər avtonəqliyyat vasitəsinə heç bir ziyan dəyməyibsə depozit icarəyə götürənə tam olaraq qaytarılır. İcarədar tərəfindən spirtli içki qəbul edilərsə, habelə narkotik vasitələrin təsiri altında olarsa və ya icazə verilmiş sürət həddinin aşılması, icarədarın qəsdən və ya kobud ehtiyyatsızlığı nəticəsində avtonəqliyyat vasitəsinin sıradan çıxması hallarında sığortalar öz qüvəsini itirir. İcarədar hər növ qəza vəziyyətində avtonəqliyyat vasitəsinin yerini dəyişmədən ən yaxın Yol Polis İdarəsinə müraciət edib qəzanın təstiqini və ya alkoqol test arayışını almalı, həmçinin sığorta şirkəti ilə əlaqə saxlamalıdır. Əks halda dəyən ziyanın ödənilməsi icarədarın üzərinə düşür. İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Repsublikası DİN Baş DYP İdarəsində Cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində renta car-a məxsus ** KL *** DQN avtomaşınla Bakı-Quba yolunun ödənişli yolun 98 km-də üzü Quba istiqamətində hərəkətdə olduğu zaman sükanda nasazlıq əmələ gəlib və idarəetməni itirib, yolun orta hissəsində olan betonlara dəyərək dayanıb. xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 26653 manat zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/296 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25000,00 manat olmuş 2016-cı il buraxılışlı “Hyundai Elantra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamt qalmış hissələr nəzərə alınmaqla təxminən 17500,00 (25000-30%) manat müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, İddiaçı ona məxsus Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC ilə arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncu hüquqi şəxsin istifadəsinə vermişdir. Sonuncu isə öz növbəsində mübahisəli avtomobili icarə müqaviləsi əsasında Cavabdeh istifadəsinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixində Hyundai Elantra markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti qaydaları”nı pozmuşdur. Nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə zərər dəymişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası rəyinə əsasən avtomobilə dəymiş zərərin 17500,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin məhkəmə iclasında İddiaçı etirafedici izahat verərək bildirmişdir ki, faktiki olaraq avtomobilin təmirinə 12000 manat xərcləmişdir və həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsirli qanuna zidd hərəkəti ilə iddiaçıya 12000 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçıya vurulmuş maddi zərərə görə 12000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin "xxxx" MMC tərəfindən icarə müqaviləsi üzrə avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə və texniki müayinədən keçirdikdən sonra icarədara təhvil verməsi və avtonəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş qaydada sığortalaması ilə bağlı öhdəliklərini icra etmədiyinə görə avtomobilə dəymiş zərərə görə iddiaçı qarşısında maddi məsuliyyəti məhz "xxxx" MMC-nin daşıdığı ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, avtomobil Cavabdeh xx.xx.2025-ci il tarixində təhvil verilmiş, yol nəqliyyat hadisəsi bundan sonrakı gün baş vermişdir. Hadisənin məhz nəqliyyat vasitəsinin idarə edilməsi mexanizmlərində hər hansı bir nasazlıq nəticəsində baş verdiyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu hal bir tək cavabdehin özünün YPXA-a verdiyi izahatında qeyd edilmişdir ki, bu da özü-özlüyündə yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən mülki iş materiallarından göründüyü kimi iddiaçıya məxsus avtomobilə zərər məhz cavabdehin təqsirli və qanuna ziddi hərəkətləri nəticəsində dəymişdir. Belə olan halda, hüquq pozuntusunu törədən şəxsin əmlakın sahibi qarşısında maddi məsuliyyəti yaranır. Buna görə də, "xxxx" MMC tərəfindən Cavabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə hər hansı öhdəliyinin icra edib-etməməsi hazırkı mülki mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 126 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, ekspertiza tədqiqatının dəyəri, yəni 50 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 12000 (on iki min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar