Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5620/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:
1. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin 2 saylı çağrı xidmətinin 4-cü dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə xitam verilmişdir. Hər iki əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi göstərilir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı cavabdehin 30 iyun 2022-ci il tarixli, № SOCAR**********00040020A00166 saylı və 07 iyul 2022-ci il tarixli № SOCAR**********00070020B00176 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərinin ləğv edilməsi, onun Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və xx.xx.2022-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin 30 iyun 2022-ci il tarixli, № SOCAR**********00040020A00166 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış xx.xx.2016-cı il tarixli, 183 saylı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin 30 iyun 2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. 2016-cı ildən 2022-ci il tarixinə qədər cavabdehin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində çalışmışdır. Çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Mütəmadi olaraq müalicə alması səbəbi ilə işə gedə bilməmiş və işə çıxmamasının səbəblərini cavabdehə bildirmişdir. Cavabdeh tərəfindən onu işə çağıracaqlarını bildirsələr də, sonradan iddiaçıya işdən azad olma əmrinin verildiyi bildirilmişdir.
6. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixindən artıq işə çıxmasının mümkün olması müəyyən edilmişdi, həmin tarixdə gecə növbəsi olmuşdur, buna görə də işə gedib. xx.xx.2022-ci il tarixə qədər işə çıxıb
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
12. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
13. Maddə 70 ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
14. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
15. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
16. Maddə 72 a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
17. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
18. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
19. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
20. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
26. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
28. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin tabeliyində olan İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətinin 4-cü dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə, sonradan xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir.
29. ƏM-nin 70-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki dispozitiv şərti nəzərdə tutulmuşdur: 1) işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) Məcəllənin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrindən birinin kobud şəkildə pozulması.
30. ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmas; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması.
31. Konkret mübahisəyə gəldikdə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən iddiaçının xx.xx.2022-ci il tarixdən üzürlü səbəblər olmadan bütün iş günü işə gəlməməsini səbəb kimi göstərmişdir.
32. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Poliklinikada müalicə olunmuş və onun xəstəlik vərəqəsi xx.xx.2022-ci il tarixdən bağlanmaqla işə yazılmışdır. İddiaçı bildirir ki, növbəli iş rejiminə uyğun olaraq həmin gün onun gecə növbəsi olduğu üçün işə getmiş, növbəti iş günü isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri olmuşdur. Göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçının işə çıxmaması əsası ilə əmək müqaviləsinə xitam versə də, iddiaçı xx.xx.2022-ci il tarixə qədər sağlamlığında yaranmış problemlə əlaqədar poliklinikada müalicə aldığını, (bu hal iş materialları ilə də sübut olunur) yalnız həmin tarixdən xx.xx.2022ci il tarixə qədər iş növbəsinə uyğun olaraq işdə olmasını və həmin tarixlər üçün ona əmək haqqı verilməməsini bildirmişdir.
33. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərdə qeyd olunmuş halların yəni, iddiaçının xx.xx.2022-ci il tarixdən etibarən işə çıxmadığını, bunun səbəbinin araşdırılması məqsədilə onun yaşadığı ünvana nümayəndələrin göndərilməsini, dəfələrlə telefon əlaqəsi saxlanıldığını, iddiaçı tərəfindən onun xəstəliyi ilə bağlı təsdiqedici sənədləri təqdim edilmədiyini və digər halların aydınlaşdırılması məqsədilə cavabdeh məhkəmə iclasına çağırılsa da, nə məhkəmə iclasında iştirak etməmiş, nə də əmrdə qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
34. Bundan başqa, məhkəmə qeyd edir ki, əmrdə qeyd olunduğu kimi işçi xx.xx.2022-ci il tarixdən heç bir təsdiqedici sənəd təqdim etmədən işə çıxmadığı halda işəgötürənin (cavabdehin) 4 aydan artıq müddətdə bu barədə heç bir tədbir görməməsi və yalnız 4 ay 9 gün sonra bu barədə əmr tərtib edərək əmək münasibətlərinə xitam verməsi ağlabatan və inandırıcı deyil. Bu hal özü də əmrdə qeyd olunduğu kimi iddiaçının xx.xx.2022-ci il tarixindən işə çıxmadığını şübhə altına almış olur. Həqiqətən də iddiaçı bu qədər müddət ərzində işə gəlməmiş olsaydı, cavabdeh tərəfindən qısa müddət ərzində müvafiq tədbirlər görülər, işə gəlməməsinə görə iddiaçının izahatı alınardı.
35. Şərh edilənlərdən də göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır.
36. Bundan başqa, ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsində intizam tənbehinin aşkar edilməsindən sonra onun tətbiq edilməsi konkret müddət – 1 ay müəyyən edilmişdir. Cavabdeh isə, intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən yol verilən intizam pozuntusunu xx.xx.2022-ci il tarixdə aşkar etməsinə baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilməsi barədə inzibati tənbehi barədə əmri birinci dəfə xx.xx.2022-ci il tarixdə vermişdir. Halbuki, iddiaçı barəsində müvafiq əmələ görə intizam tənbehinin tətbiq edilməsi xx.xx.2022-ci il tarixədək verilə bilərdi. Cavabdeh isə pozuntu aşkar olunduqdan 4 ay sonra iddiaçı barədə inzibati tənbehin tətbiq edilməsinə səbəb olan halları məhkəməyə bildirməmiş və ya bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən qanunvericliyin imperativ normalarının pozulması ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilmişdir.
37. Bundan başqa, qanunvericilikdə bir intizam xətasına görə bir intizam tənbehinin verilməsini müəyyən edilsə də, iş materialları əsasında müəyyən olunur ki, iddiaçıya eyni intizam xətasına görə (üzrlü səbəblər olmadan bütün iş günü işə gəlmədiyinə görə) həm xx.xx.2022-ci il tarixində, həm də xx.xx.2022-ci il tarixində eyni əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir ( § 19).
38. Digər bir tərəfdən, iddiaçıya intizam tənbehləri verilərkən ondan izahat alınmamışdır. Məhkəmə qeyd edir ki, bu iş materialları əsasında müəyyən olunur. Qeyd edilən halların araşdırılması və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi məqsədilə cavabdehə dəfələrlə məhkəmə iclası barədə məlumat verilərək məhkəmə iclasına çağrılsalar da, səlahiyyətli nümayəndələrinin iştirakını məhkəmədə təmin etməmişlər və iş üçün əhəmiyyətli olacaq sübutlarını məhkəməyə təqdim etməmişlər (§ 17).
39. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, habelə intizam tənbehinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, bununla da cavabdehin xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı və xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00176 saylı əmrləri qanunsuz olduğundan ləğv edilməlidir.
40. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Belə bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur (§ 20).
41. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı və xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00176 saylı əmrləri ləğv edilsin və İddiaçı Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı