Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-564/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçinin vəkili X2 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, heç vaxt təhsil almamışdır. Doğulduğu vaxtdan hazırkı vaxtadək o, Bakı şəhərində anası ilə birlikdə kirayədə yaşamışdır. Ərizəçinin anası X4 08 mart 1948-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur, o, təqaüdçüdür, qızı ilə birlikdə yaşayır. Ərizəçinin atası barədə məlumatı yoxdur, onu heç vaxt görməmişdir, atasının adının Rəhman olduğunu anasından öyrənmişdir. Ərizəçi tibb müəssisəsindən kənarda doğulduğu üçün və o doğularkən anasına kömək edən həkim olmadığı üçün, anası ərizəçinin doğulması ilə bağlı sənəd almaq üçün həkimə müraciət etmədiyi üçün ərizəçinin doğum faktının qeydiyyata alınması və ona doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin 28 yaşı var. Lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Ərizəçi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsi də ala bilməmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X6 öz izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçi nənəsi Dünyaxanım Ağayevadır. Ərizəçi ona hər iki valideynləri barədə onların qəzada vəfat etdiklərini bildirmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X4 öz izahatında bildirmişdir ki, o, ərizəçinin anasıdır. Rəhman adlı şəxslə münasibətdə olmuşdur və sonra ayrılmışlar. Ərizəçi anadan olanda onun 44 yaşı olmuşdur. İmkanı olmadığı üçün o, qızını məktəbə qoymamışdır. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X5 öz izahatında bildirmişdir ki, Ərizəçi onun qızının rəfiqəsidir. Onlar təxminən 10 ildir ki, tanışdırlar. Onlar Sabunçu rayonunun E.Mehtiyev küçəsində kirayədə yaşayarkən qonşu olmuşlar. Ərizəçi Dünyaxanım xanımın qızıdır. O, təhsil almamışdır. Maraqlı şəxs Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin ərizəçinin müraciətinə əsasən onlara ünvanlanmış 23 avqust 2020-ci il tarixli məktubundan görünür ki, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmiş, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə və işdə iştirak edən şəxslərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 1992-ci il tarixdə tibb müəssisəsindən kənarda doğulmuşdur. Ərizəçinin tibb müəssisəsindən kənarda doğulması və o, doğularkən həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçinin anası X4 14 may 2021-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, qanunun tələblərinə görə məhkəmə tibb müəssisəsindən kənarda doğulan uşaqların doğum faktını müəyyən edərkən ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ərizəçinin tibb müəssisəsindən kənarda doğulması halı məhkəmə işin hər hansı halı ilə aşkarlanmamışdır. Belə ki, məhkəmə iclasında çıxış edən şahidlərin biri öz ifadəsində ərizəçinin öz anası olduğunu iddia etdiyi Dünyaxanım Ağayevanın ərizəçinin nənəsi olduğunu bildirmiş, digər şahidlər isə öz ifadələrində ərizəçini uşaqlıq illərindən tanımadıqlarını, onun doğumu ilə bağlı hər hansı məlumatlarının olmadığını bildirmişlər. Odur ki, məhkəmə şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir. Məhkəmə tərəfindən 09 fevral 2021-ci il tarixli 2(011)-564/2021 saylı qərardadla iş üzrə məhkəmə tibbi-bioloji ekspertiza təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 16 aprel 2021-ci il tarixli məktubundan görünür ki, məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi üçün təyin olunmuş gün ərzində Ərizəçi X4 ilə birlikdə şöbəyə gəlmiş, lakin ekspertizanın qrup göstəricilərinə görə aparılması üçün ərizəçinin digər valideyni tədqiqatda iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş ərizəçiyə qarşı analıq faktına aid, bioloji ekspertiza keçirməklə hər hansı bir fikir söyləmək üçün şəxsin atasının qrup göstəricilərinin tədqiqi mütləqdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, işin məhkəmə iclasında araşdırılma zamanı Ərizəçi tibb müəssisəsindən kənarda doğulması və o doğularkən həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməməsini qeyd etsə də, məhkəmə ərizəçinin dəlillərini, eyni zamanda şahidlərin ifadələrini onun tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. Belə ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl olunmadığından və ərizəçinin tələbinin əsasını təşkil edən hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədiyindən ərizə əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi-onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-564/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-564/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver