Məhkəmə qərarları › İş №2(011)-5651/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5651/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5651/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliklərin icra edilməməsi nəticəsində qanundan irəli gələn dəbbə pulu məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı – cavabdeh ”Toyota-Bakı Mərkəzi” MMC-dən İddiaçı xeyrinə 20250 (iyirmi min iki yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulunun və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 11.12.2019-cu il tarixdə “X5“ MMCnin Bakı-Sumqayıt şossesində yerləşən satış ofisindən zəmanətlə **-VD-*** dövlət qeydiyyatı nişanlı “Toyota RAV4“ markalı minik nəqliyyat vasitəsini əldə etmişdir. Avtomobil zəmanət şərtlərini və müddətlərini müəyyən edən və 11.12.2019-cu il tarixli zəmanət qeydiyyatı kartını özündə əks etdirən “Zəmanət və Servis kitabçası“ ilə birlikdə təhvil verilmişdir. Həmin kitabçanın şərtlərinə (14-cü səhifə) uyğun olaraq, Avtomobilin və onun orijinal ehtiyat hissələrinin zəmanət dövrü Cavabdeh şirkətinin zəmanət şərtlərinə uyğun olaraq Avtomobilin sahibinə təqdim edildiyi andan 3 (üç) il və ya 100.000 km (hansı daha tez baş verərsə) yürüş məsafəsi təşkil edir. 11.01.2021-ci il tarixdə Avtomobili əyləc sistemində qüsurlar aşkar etdiyinə görə bu qüsurların zəmanət şərtləri çərçivəsində aradan qaldırılması üçün "xxxx" MMC-nin servis xidmətinə təhvil vermişdir. Avtomobilin iddiaçının mülkiyyətində olduğu andan zəmanət şərtləri çərçivəsində dövri texniki xidməti də “Zəmanət və Servis kitabçası”-ndan da göründüyü kimi məhz "xxxx" MMC-nin servis xidməti tərəfindən həyata keçirilmişdir. “Toyota Bakı Mərkəzi“ MMC-nin servis xidmətinin əməkdaşları Avtomobili təhvil alarkən, ilk öncə, ona baxış keçirmiş və yaranan problemin həmin mərkəzdə zəmanət şərtləri çərçivəsində aradan qaldırılacağını bildirmişdir. Bir müddət sonra, “Toyota Bakı Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən Avtomobilin zəmanət şərtləri çərçivəsində təmiri üçün zəruri olan müvafiq detalların ölkədə olmadığı və bu çatışmazlığın aradan qaldırılması üçün 2 (iki) ay vaxt tələb olunduğu bildirilmişdir. İddiaçı həmin əməkdaşlara bu şərtlə razılaşmadığını bildirərək “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq Avtomobilin 14 gün ərzində zəmanət şərtlərinə uyğun olaraq təmir edilərək ona təhvil verilməsini tələb etmişdir. Bu tələb vaxtında yerinə yetirilmədiyinə görə isə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şikayəti üzrə aparılan araşdırma çərçivəsində həm “X5” MMC-nin, həm də “Toyota Bakı Mərkəzi" MMC-nin cavab məktubları alınmışdır. Həmin məktublardan aydın olur ki, “X2”-nı və “Toyota Caucasus“ LLC-ni təmsil edən və rəsmi diller statusuna malik bu iki mərkəz məsələni mahiyyəti üzrə həll etmək əvəzinə öhdəliklərini bir birinə ötürərək məsuliyyətdən qaçmağa çalışırlar. Halbuki, “Toyota Bakı Mərkəzi'’ MMC “X2”-nın və "xxxx" LLC-nin rəsmi dilleri statusuna malik olmaqla servis xidmətinə təqdim edilmiş zəmanətdə olan avtomobillərin zəmanət şərtlərinə uyğun olaraq təmir etmək öhdəliyini daşıyır. "xxxx" MMC-nin yuxarıda qeyd edilən məktubunda Avtomobilin servisə təqdim edildiyi zaman əməkdaşlar tərəfindən onların “X5” MMC-yə müraciət etməli olduğu bildirildiyi, onun buna razı olmadığına görə Avtomobilin mərkəzdə təmir ediləcəyi və təmirin bir neçə ay çəkəcəyinə razılaşdığı qeyd edilmişdir. İddiaçıya “X5” MMC-yə müraciət etməli olduğu barədə hər hansı məlumat verilməmiş, əksinə Avtomobilin zəmanət şərtləri çərçivəsində təmir ediləcəyinə dair vəd verilmiş, bir müddət sonra isə təmirin müvafiq detalların ölkədə olmadığına görə uzanacağı bildirilmişdir. Onlar isə təmirin müddətinin uzadılmasına razı olmadını bildirərək AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq şikayəti ünvanlamışdır. “Toyota Bakı Mərkəzi" MMC-nin əməkdaşlarını öhdəliklərini vaxtında icra etməkdən boyun qaçırmaq məqsədilə faktların təhrif edilməsi ilə məşğuldur. “Toyota Bakı Mərkəzi" MMC-nin məktubunda Avtomobilin qüsurlu mal olduğu faktı (bu fakt məktubda bir neçə dəfə təkrar edilir) Mərkəz tərəfindən təsdiqlənmiş və Avtomobildə yaranan problemlərin zəmanət şərtləri çərçivəsində aradan qaldırılmasının bir neçə ay çəkəcəyi göstərilmişdir. Həmçinin, "xxxx" MMC-nin əməkdaşları telefon vasitəsilə həyat yoldaşını X3 ilə əlaqə saxlayaraq detallar çatan kimi Avtomobilin təmir olunacağı da bildirilmişdir. Lakin “Toyota Bakı Mərkəzi" MMC 2021-ci ilin mart ayının ortalarından Avtomobilin təmir edilməsindən müxtəlif bəhanələr gətirərək boyun qaçırmış və 10 aprel 2021-ci il tarixdə Avtomobili təmirsiz vəziyyətdə həmin tarixli Təhvil-Qəbul Aktı əsasında ona təhvil vermişdir. Həmin Təhvil-Qəbul Aktında "xxxx" MMC tərəfindən göstərilmiş aşağıdakı xüsusi qeydi nəzərinizə çatdırır: “Mərkəz tərəfindən xüsusi qeyd: Sifarişçinin qeydləri ilə razı deyilik və tamamilə əsassızdır belə ki, avtomobilin zəmanət şərtlərinə uyğun təmir otunub-olunmamasınm müəyyənləşdirilməsi üçün qəbul edilmiş aktın proses zamanı zəmanət şərtləri ilə təmir olunmasının mümkün olmaması müəyyənləşdirilmişdir.” Bu qeyddən “Toyota Bakı Mərkəzi" MMC-nin Avtomobili sırf zəmanət şərtləri çərçivəsində təmir edilməsi üçün qəbul etdiyi açıq aydın görünür. Beləliklə, “Toyota Bakı Morkəzi" MMC heç bir halda bu öhdəliyi satıcı qismində çıxış edən “X5“ MMCnin üzərinə ataraq məsuliyyətdən yayına bilməz və bu halda istehsalçının nümayəndəsi kimi Avtomobili zəmanət şərtləri çərçivəsində təmir etmək öhdəliyinin icraçısı qismində çıxış edir. Avtomobil 11 yanvar 2021-ci il tarixdə təhvil verildiyinə və 10 aprel 2021-ci il tarixdə təhvil alındığına görə "xxxx" MMC-nin servis xidmətində 89 (səksən doqquz) gün müddətində qalmışdır. Beləlikə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq “Toyota Bakı Mərkəzi" MMC 75 gün üçün Avtomobilin satış qiymətinin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəməlidir. Həm alqı-satqı zamanı, həm də sonradan etdiyi müraciətlərə baxmayaraq “X5” MMC tərəfindən Avtomobilin satış qiymətilə (təxminən 30 000 ABŞ dolları) bağlı hər hansı sənəd təqdim edilmədiyinə görə dəbbə pulunu satış qiymətindən kifayət qədər aşağı olan cari bazar dəyərini əsas götürməklə hesablamağa məcbur qalmışdır. Avtomobillərin satışını həyata keçirən ölkə üzrə ən çox istifadə edilən elektron platformalara əsasən 2019-cu il istehsalı olan eyni növlü və markalı avtomobillərin cari tarixə minimum qiyməti 27000 (iyirmi yeddi min) ABŞ dolları təşkil edir. Bu isə o deməkdir ki, bir gün üçün hesablanmalı olan dəbbə pulunun məbləği 270 (iki yüz yelmiş) ABŞ dolları (27 000 ABŞ dollarının 1 faizi) təşkil edir. Beləliklə, “X5” MMC-nin ödəməli olduğu cəmi dəbbə pulunun məbləği 20250 (270*75) ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1, məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin xahiş etmişdir, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Zəmanət və Servis Kitabçasından görünür ki, “Toyota RAV4” markalı avtomobilin "xxxx" LLC-nin “X5” dileri tərəfindən 11.12.2019-cu il tarixdə İddiaçı satılmışdır. Həmin kitabçanın şərtlərinə (4-cü bənd) uyğun olaraq, Avtomobilin zəmanət dövrü, Zəmanət və Servis Kitabçasının şərtləri nəzərə almaqla, Avtomobilin sahibinə təqdim edildiyi tarixdən etibarən 3 (üç) il və ya 100.000 km (hansı daha tez baş verərsə) təşkil edir. Avtomobilin original ehtiyyat hissələri və aksesuarlara zəmanət dövrü, Zəmanət və Servis Kitabçasının şərtlərini nəzərə almaqla, satış tarixindən etibarən, 1 (bir) il və ya avtomobil zəmanətinin sonuna qədərdir (hansı interval daha gec baş verərsə). AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Fərhad Mirzəyevə onun müraciəti əsasında ünvanladığı 01.03.2021-ci il tarixli məktubuna əsasən, “X5” MMC tərəfindən təmir müddəti ərzində müvəqqəti avtomobil ilə təmin edilməməyi haqqında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş 18 01.2021-ci il tarixli müraciətinə (daxilolma qeydiyyatı: İN-D/Y-1687/2021, 18.01.2021-ci il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı “X5" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda avtomobilin “X5” MMC-yə məxsus servisə təhvil verilmədiyi, təmir “Bakı Toyota Mərkəzi" MMC-də həyata keçirildiyindən hər hansı tədbirin görülməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda avtomobilin "xxxx" MMC tərəfindən satılmadığı, müraciət etdiyi zaman ona “X5" MMC-yə müraciət etmək hüququn olduğu barədə məlumat verilsə də, avtomobilin qüsurunun "xxxx" MMC-də aradan qaldırılmasını tələb etdiyi, zəmanətdə olan avtomobilin yalnız təmir üçün qəbul edildiyi, problemin aradan qaldırılmasının bir neçə ay çəkəcəyi barədə ona məlumat verildiyi və bununla razılaşdığı bildirilmişdir. "X5" MMC və "xxxx" MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. “X5” MMC-nin AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 15.02.2021-ci il tarixli 021-TAC-15/21 nömrəli məktubuna əsasən, **-VD-*** dövlət qeydiyyat nişanlı Cavabdeh markalı avtomobil digər şəxs tərəfindən Cəmiyyətə məxsus Bakı-Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən satış mərkəzindən alınsa da, servis xidməti "xxxx"-ndə həyaa keçmişdir. "xxxx" digər hüquqi şəxsdir və Cəmiyyət həmin şəxsin xidmətinə cavabdehlik daşımır. "xxxx" MMC-nin AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 03.02.2021-ci il tarixli məktubuna əsasən 22 yanvar 2021-ci il tarixli və AİBNDX - 08/01 - 5/263_nömrəli yazılı müraciətinə cavab olaraq, vətəndaş Fərhad Mirzəyevin müraciətində qeyd etdikləri yalan olmaqla tam olaraq həqiqəti əks etdirmir. Belə ki, vətandaşın müraciətində göstərilən nəqliyyat vasitəsinin satıcısı "xxxx" deyildir və həmin qüsurlu mala görə məsuliyyəti onlar daşımır. Həmin qüsurlu mal “X4” tərəfindən satılmışdır və müvafiq olaraq zəmanət kitabçası da həmin şirkət tərəfindən verilmişdir. Bunu təsdiq edən kitabçanın surəti əlavə olunur. Vətəndaş nəqliyyat vasitəsi və zəmanət kitabçası ilə "xxxx"nə yaxınlaşdıqda əməkdaşları tərəfindən müvafiq olaraq “X4”nə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Lakin, vətəndaş israrla zəmanət şərtləri daxilində yaranmış qüsurun onların mərkəzi tərəfindən aradan qaldırılmasını tələb etmişdir. “X1 müştəri məmnuniyyəti siyasətinə uyğun olaraq rəsmi diller tərəfindən satılmış və zəmanət kitabçası olan nəqliyyat vasitəsinə xidmət göstərilməlidir. Bu siyasət çərçivəsində zəmanətdə olan nəqliyyat vasitəsi tərəfindən yalnız təmir üçün qəbul ediləcəyi və problemin aradan qaldırılmasının bir neçə ay çəkəcəyi vətəndaşa bildirilmişdir. Vətəndaş bu şərtləri qəbul etmişdir. Vətəndaşın bu cür yalanlarla qüsurlu mala görə Mərkəzə münasibətdə ona oxşar mal vermək, dəbbə pulu ödəməklə bağlı müraciəti və tələbi tamamilə əsassız və qanunsuzdur. Vətəndaşın qüsurlu mala görə hər hansı tələbi və pretenziyası varsa, müvafiq olaraq satıcı olan “X4”nə və ya istehsalçı olan “X2”-na müraciət etməlidir. 10.04.2021-ci il tarixli Təhvil-qəbul aktına əsasən İddiaçı Hacıağa qızına məxsus X3 (sifarişçi) tərəfindən idarə edilən Toyota RAV-4 markalı **-VD-*** dövlət qeydiyyat nişanlı (ban:JTMW43FV80D022999) avtomobilin əyləc sistemində yaranmış problemlə bağlı 11 yanvar 2021-ci il tarixində Toyota Bakı Mərkəzinə (bundan sonra Mərkəz) müraciət etmişdir. Müayinələr keçirilərək problemin əyləc sistemindəki "vakum yaradıcı" mexanizmdə olduğu təyin edilmişdir. Lakin Mərkəzin anbarında "vakum yaradıcı" mexanizm və onun dəyişilməsi üçün lazım olan sərf materiallar olmadığından sifarişçinin razılığı ilə həmin ehtiyat hissələri xaricdən sifariş verilmişdir. 17 fevral 2021-ci il tarixində sifariş olunmuş ehtiyyat hissələri Mərkəzin anbarına daxil olmuş və avtomobildə təmir işlərinə start verilmişdir. Detalın demontajı zamanı detalın istehsalçı qüsuru olmadığı, sifarişçinin (istehlakçının) kənar müdaxilə nəticəsində (o cümlədən əlavə videoqeydiyyat avadanlığın qoşulması ilə) detalın sıradan çıxarıldığı aşkar olunmuşdur. Buna baxmayaraq sifarişçi təmirin zəmanət şərtləri çərçivəsində təmir edilməsini tələb edir. Mərkəz tərəfindən bu tələbin təmin edilməsinin mümkün olmaması və təmir xərclərinin ödənilməsi tələb edilir. Sifarişçi bununla razılaşmadığından və onun istəyinə uyğun olaraq avtomobil mövcud vəziyyətdə, yəni nasaz avtomobil və ondan demontaj edilmiş "vakum yaradıcı" mexanizmi və sərf materilları ilə birlikdə Mərkəz tərəfindən sifarişçiyə təhvil verilir, sifarişçi tərəfindən isə qəbul edilir. Yuxarıda göstərilənlərdən başqa avtomobildə hər-hansı qüsurun və çatışmazlığın olmamasını sifarişçi aşağıdakı imzası ilə təsdiq edir. Tərəflərin xüsusi qeydləri: Sifarişçi tərəfindən xüsusi qeyd: “"xxxx" MMC-nin əməkdaşları tərəfindən yuxarıda qeyd edilən hallarla razı deyiləm. 11 yanvar 2021-ci il tarixdə sözügedən avtomobili zəmanət şərtləri çərçivəsində təmir edilməsi üçün Toyota Bakı Mərkəzinə təhvil vermişəm. Mərkəzin əməkdaşları həmin avtomobili zəmanət şərtləri çərçivəsində təmir edəcəklərini bildirməklərinə baxmayaraq bugünə qədər vədlərini yerinə yetirmirlər. Uzun müddət avtomobilsiz qaldığıma görə avtomobili nasaz vəziyyətdə təhvil almaq məcburiyyətindəyəm. "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarımın bərpası məqsədilə müvafiq hüquqi addımların atılmasına davam edəcəm.” Mərkəz tərəfindən xüsusi qeyd: “Sifarişçinin qeydləri ilə razı deyilik və tamamilə əsassızdır belə ki, avtomobilin zəmanət şərtlərinə uyğun təmir olunub-olunmaması müəyyənləşdirilməsi üçün qəbul edilmiş, lakin proses zamanı zəmanət şərtləri ilə təmir olunmasının mümkün olmaması müəyyənləşdirilmişdir. Mərkəz bunlarla bağlı heç bir məsuliyyət daşımır.” Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Toyota RAV4” markalı avtomobilini "xxxx" LLC-nin “X5” dilerindən 11.12.2019-cu il tarixdə almış, həmin avtomobilə dair Zəmanət və Servis Kitabçası təqdim edilmişdir. 11.01.2021-ci il tarixdə avtomobilin əyləc sistemində qüsurlar aşkar etdiyinə görə bu qüsurların zəmanət şərtləri çərçivəsində aradan qaldırılması üçün "xxxx" MMC-nin servis xidmətinə təhvil vermişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci və 15-ci maddələrinə istinad edərək, cavabdeh ”Toyota-Bakı Mərkəzi” MMC-dən İddiaçı xeyrinə 20250 (iyirmi min iki yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələbi təmin edilməməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 6-cı hissəsinə əsasən İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən dəbbə pulunun tutulmasını tələb etsə də, malın satış qiymətini müəyyən edən hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş və tələb edilən 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh ”Toyota-Bakı Mərkəzi” MMC-dən İddiaçı xeyrinə 20250 (iyirmi min iki yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulunun və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması barədə iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh ”Toyota-Bakı Mərkəzi” MMC-dən İddiaçı xeyrinə 20250 (iyirmi min iki yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulunun və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar