Məhkəmə qərarları › İş №2(011)-5655/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5655/2024

05.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5655/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya əmək haqqı tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə “Azərenerjixüsustəmirsazlama” MM arasında xx.xx.2002-ci il tarixdə 1 il müddətinə, 214 nömrəli əmək müqaviləsi bağlanmış və iddiaçı həmin müssisənin EAT və S sexinin YGAT və S sahəsinin Sumqayıt qrupuna PA aavadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 20/09 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən (işin və ya göstərilən xidmətin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətiqi barədə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə ona ilkin müdiasiya sesiyasında iştirak edilməməsi barədə arayış veilmişdirş

4. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 20/09 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, 2006-cı ildən cavabdeh qurumda elektrik quraşdırıcısı vəzifəsində işləmişdir. Sonuncu ayların əmək haqqısı olaraq ayda 800 manat əmək haqqı almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş nömrəli əmri ilə onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşdən azad olunmağına yəni onunla olan əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. İşlədiyi müəssisənin rəhbərliyi onu işdən qanunsuz azad etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki iddia üzrə iddia müddətləri ötürülmüşdür.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

11. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

12. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

13. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

14. Maddə 296, 2-ci bənd. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

15. Maddə 296, 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

16. Maddə 296, 3-cü bənd. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

22. İddiaçı xx.xx.2023-cü il tarixli 20/09 saylı əmrin pozuntuya yol verilərək qəbul edildiyindən ləğv edilməsini iddia edir.

23. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olub-olmaması, ikincisi iddiaçının iddia etdiyi kimi, həqiqətən xx.xx.2023-cü il tarixli 20/09 saylı əmrin qanuni olub-olmamasının müəyyən edilməsi daxildir.

24. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda elektrik çilingəri vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə - xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

25. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Bu hüquqi dəyərləndirmənin başlanması üçün isə ən vacib şərt belə bir iddia irəli sürməkdən ötrü hüquqi imkanların tükənməməsidir.

26. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi ikinci hüquqi əsası (əmrin qanuniliyi məsələsini) araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdyünü bildirir.

27. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır.

28. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 20/09 saylı əmrin ləğvi barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə təqdim etmişdir.

29. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək kitabçası və son haqq-hesab iddiaçıya verilmişdir. İşin bu halı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı tərəfindən də təsdiq edilmişdir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə son haqqhesabı və əmrin surətini almış, xx.xx.2024-cü il tarixdə isə ona əmək kitabçasını götürməsi ilə bağlı məktub ünvanlanmışdır.

30. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

31. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar