Məhkəmə qərarları › İş №2(011)-5656/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5656/2024

06.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5656/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştiraklar ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" ASC-nin İdarə Heyətinin sədri Pərviz Hacıyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2006-cı ildən "xxxx" ASC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir, sonuncu ayların əmək haqqısı olaraq ayda 800 (səkkiz yüz) manat əmək haqqı almışdır, "xxxx" ASC İdarə Heyyətinin sədri Pərviz Hacıyevin xx.xx.2023-cü il tarixli 20/09 “əhvəirş” nömrəli əmri ilə onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinə xx.xx.2023cü il tarixdən xitam verilmişdir, işdən azad olunmağına, yəni onun olan əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır, işlədiyi müəssisənin rəhbərliyi onu işdən qanunsuz azad etmişdir, ona görə də Pərviz Hacıyevin xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş nömrəli əmri ilə onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinə, xx.xx.2023-cü il tarixdən xitam verilmişdir, onunla əmək müqaviləsinin pozulması barədə verilmiş əmrdə göstərilir ki, “1 saylı Tikinti Quraşdırma bölməsinin elektrik qaynaqçısının əmək müqaviləsinə, onunla bağlanmış əmək müqviləsinin 9.1-ci bəndini əsas götürərək, AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndini rəhbər tutaraq, (işin və ya göstərilən xidmətlərin həcminin çoxalacağı təqdirdə işə götürən tərəfindən işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlanacağı şərtilə) xx.xx.2023-cü il tarixdən xitam verilsin. Məzunuyyətinin istifadə olunmamış dövrü 26 təqvim günü (2022-2023-cü illər 21 təqvim günü, 2023-cü il 5 təqvim günü) miqdarında ödənilsin. Əsas: Əmək müqaviləsinin xitama verilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş”. İşdən azad olunmağına dair verilmiş əmr, düzgün tərtib olunmamışdır, ona təqdim olunmuş əmrdən çıxarışda əmrin verildiyi müəssisə, təşkilatın adı əks olunmayıb. Əmr qanunvericiliyin tələblərinə uyğun deyildir, əsassızdır, məzmunu həqiqəti əks etdirmir və nəhayət ədalətsizdir. Belə ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur, ailəlidir, himayəsində üç uşağı və həyat yoldaşı var. Uşaqlardan heç biri işləmir. Ailədə qazanc gətirən yeganə şəxs odur, işlədiyi dövrdə işdə heç bir nöqsana yol verməmiş, verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmişdir, 6-cı dərəcəli qaynaqçıdır, fiziki cəhətdən istənilən ağır işin öhdəsindən gəlməyə qadirdir, yaşı da hazırda müəssisədə işləyən şəxslərin 70 faizindən azdır. Cəmiyyətin rəhbərliyi vermiş olduğu əmri əsaslandırmamışdır, məzmunu anlaşılmır. Bu əmr qanunsuz və əsassız əmr kimi ləğv edilməli və o, işinə bərpa olunmalıdır, onun işdən azad olunmağı barədə əmrdə AR Əmək Məcəlləsinin AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə istinad edilir. Həmən bənddə deyilir ki, işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; işçi ilə birtərəfli qaydada müqaviləyə xitam verilə bilər. Müvafiq halda cavabdehin bu bəndə istinad etməsi bəhanədir. Şirkət rəhbərliyinin onu işə qaytarmaq fikirləri yoxdur, müdiriyyət onların qarşısında hər hansı yazılı öhdəlik də götürməmişdir. Hansı ki, qanunvericilik bunu tələb edir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Cavabdeh Mediasiya qurumuna gəlməkdən də boyun qaçırmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi birmənalı şəkildə, işçini işəgötürənin özbaşnalığından qorumaq məqsədi daşıyır. Əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının Konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. O da müvafiq iddianı irəli sürməklə buna əminliyini ifadə edir, işlədiyi dövrdə zəruri və bacarıqlı işçi kimi tanınmışdır, 65 yaşı tamam olsada, indi də, işləməyə fiziki imkanı kifayət qədərdir, onun yaşından daha yüksək yaş həddinə çatmış işçilərin işdə saxlayıb, onu işdən azad edilməyini başa düşə bilmir, iş prosesində müdiriyyətdən daim əmək qanunvericiliyinin tələblərinə əməl olunmasını tələb etdiyindən ona qarşı qərəzli mövqe sərgilənmişdir. İşdən çıxarılmağına dair əmrin surəti ardıcıl müraciətlərdən sonra ona yalnız 19 fevral 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Mediasiya qurumuna müraciət etmişdir, lakin cavabdeh işin məhkəmədənkənar həll edilməsindən yayınmışdır. Bu barədə ona 2 saylı mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli Arayışı təqdim edilmişdir. Hazırda şirkət rəhbərliyi və onun hüquqşünasları qeyd edir ki, o, məhkəməyə müraciət etmək üçün müddəti ötürmüşdür, lakin o, müddəti ötürməmiş, öz hüquqlarının müdafiəsi üçün vaxtında müraciət etmişdir, belə ki, ilk dəfə məhkəməyə müraciət etdikdən sonra yenidən şirkət rəhbərliyinə müraciət etmiş, lakin şirkət onun tələbinə məhəl qoymamış, hüquqlarını pozmaqda davam etmiş, mediasiya prosesində də iştirak etməmişdir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınaraq, iddiasının təmin edilməsini və işə bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ramin İsayev iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun izahat verərək və iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2(011)-5656/2024 saylı iş üzrə İddiaçı, Cavabdeh ASC-yə qarşı işə bərpa və əmək haqqı tələb ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iddia üzrə iddia müddətləri ötürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd edilir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM 296.3-ci maddəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. ƏM 296.5-ci maddəsinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. X3 iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2006cı il tarixdə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bildirişdən görünür ki, "xxxx" ASC İddiaçı Əmək müqaviləsinə xitam verilməsi barədə Bildiriş göndərərək, aralarında bağlanmış xx.xx.2006-cı il tarixli №200 saylı əmək müqaviləsinin 9.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə birtərəfli qaydada xitam vermək hüquqlarının olduğu, xx.xx.2006-cı il tarixli №200 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin müddəalarını rəhbər tutaraq, xx.xx.2023-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş №-li Əmrindən görünür ki, "xxxx" ASC-də elektrik qaynaqçısı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə ƏM-nin 75-ci maddəsinin ç) bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmiş, işçinin istifadə etmədiyi 26 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, son haqqın məbləği 2220,79 manatdır. İş materiallarından görünür ki, İddiaçı ödənilməli olan məbləğ 1004,18 manat təşkil edir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ASC mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək, 50 manat mediasiya xərcini və poçt xərcini ödəmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024cü il tarixdə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ASC İddiaçı müraciətlər ünvanlayaraq əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin götürülməsi xahiş edilmişdir. İş materiallarında olan X2 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azenco" ASC-nin ünvanına (AZ1026, ünvan 16361/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, məktub işəgötürənə xx.xx.2023-cü il tarixində çatdırılmış, lakin sənədlər təqdim olunmadığından müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Əliapşa Əliyevin müraciəti ilə əlaqədar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" alt sisteminə Xidmət tərəfindən baxış keçirilərkən İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç" bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) əsasən qüvvədən düşdüyü məlum olmuşdur. Həmçinin, İddiaçı tərəfindən təqdim olunan əmək haqqına dair bank çıxarışından ona sonuncu iş günü 1004,18 (bir min dörd manat 18 qəpik) manat vəsaitin son haqq-hesab təyinatı ilə köçürüldüyü məlum olmuş, lakin işəgötürən tərəfindən sənədlər təqdim olunmadığından köçürülən vəsaitin qanunvericiliyə uyğun olaraq hesablanıb-hesablanmadığına aydınlıq gətirilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024cü il tarixinədək dayandırıldığından İddiaçı müraciətində qeyd etdiyi məsələlərin yerində araşdırılması mümkün olmamışdır. İddiaçı müraciəti ilə əlaqədar aidiyyəti sənədlər Cavabdeh ASC tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə İddiaçı müraciətinə yenidən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməyi məqsədilə “Azenco" ASC-nin rəhbərliyinə müraciət etməyi məqsədəuyğun hesab edilir. İddiaçı müraciətində qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olmuş 2(011)-3968/2024 saylı mülki işdən görünür ki, İddiaçı “Azenco" ASC-yə qarşı hazırkı tələb ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə İddiaçı mülki işin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş hazırlıq iclasından geri qaytarılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli №200 saylı Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ç) bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmrə əsasən istifadə edilməmiş 26 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin qanunvericiliyə uyğun şəkildə ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. Tərəflər arasındakı mübahisə İddiaçı işə bərpa edilməsi barədədir. İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixli əmr ilə işdən azad edilmiş, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə müraciət etməsini bildirir, həmin mülki iş onun ərizəsi əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş hazırlıq iclasından geri qaytarılmışdır, iddiaçı fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlanılması üçün, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir, iddiaçı, işdən azad edilmə barədə xx.xx.2023-cü il tarixli əmrin surətini xx.xx.2024-cü il tarixdə aldığını, yəni xx.xx.2024-cü il tarixdə hüquqlarının pozulmasından xəbərdar olduğunu, ilk dəfə xx.xx.2024-cü il tarixdə, yəni vaxtında müraciət etdiyini, lakin əmək mübahisəsi zamanı mediasiya prosesinin tətbiqindən xəbərsiz olduğu üçün iddia ərizəsini geri götürdüyünü, bundan sonra mediasiyaya prosesinə riayət etməklə məhkəməyə ərizə verdiyini, cavabdehin “müddətin ötürülməsi” barədə mövqeyinin həqiqəti əks etdirmədiyini bildirir, cavadbeh iddia əmək mübahisələri ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Bununla belə, iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzisndə verilməsinə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməklə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, X2 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin ... təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “onunla əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" ASC-nin İdarə Heyətinin sədri Pərviz Hacıyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" ASC-nin İdarə Heyətinin sədri Pərviz Hacıyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 20/09 əhvəirş nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar