Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-566/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzərində real bölgünün aparılması” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.7 kv.metr olan 41 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 72, M7, m1) yaşayış sahəsi 29.6 kv.metr, köməkçi sahəsi 33.5 kv.metr olan 2 otağı iddiaçıya, yaşayış sahəsi 36.2 kv.metr, köməkçi sahəsi 3.4 kv.metr olan 3 otağı isə cavabdehə məxsus olmaqla müəyyən olunmuş mənzilə dair paylara uyğun olaraq real bölgüsünün aparılması, real bölgünün aparılması mümkün olmadıqda isə açıq hərracdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.7 kv.metr olan 41 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 72, M7, m1) 18 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. Mübahisə predmeti olan mənzilin yaşayış sahəsi 29.6 kv.metr, köməkçi sahəsi 33.5 kv.metr olan 2 otağı iddiaçının, yaşayış sahəsi 36.2 kv.metr, köməkçi sahəsi 3.4 kv.metr olan 3 otağı isə cavabdehə məxsusdur. Onların hər birinə ayrıca çıxarış verilmiş və paylı mülkiyyətləri təsdiqlənmişdir. Cavabdeh iddiaçının övladıdır. Buna baxmayaraq iddiaçı öz mülkiyyətində olan mənzildən rahat şəkildə istifadə edə bilmir. Paylı mülkiyyətdə olan mənzilin bir giriş qapısı və bir mətbəxi vardır. İddiaçı mənzil üzərində hər birinin payı müəyyən olunduğundan mənzilin satışını həyata keçirmək üçün ilk olaraq cavabdehə ona məxsus olan yaşayış sahəsi 29.6 kv.metr, köməkçi sahəsi 33.5 kv.metr olan 2 otaq üçün 85.000 manat məbləğində pulun iddiaçıya ödənilməsi halında əmlakın cavabdehə satılmasını təklif etmişdir. Lakin onun müraciətinə cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, izahatında mübahisəli mənzilin oğluna aid olan hissəsini ondan almağa maddi imkanının olmadığını bildirdi. Məhkəmə iclasında cavabeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında mənzilin atasına məxsus olan payını ondan almağa maddi imkanının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1, mənzil 41 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 72, M7, m1) yaşayış sahəsi 29.6 kv.metr, köməkçi sahəsi 33.5 kv.metr olan 2 otağı İddiaçı, yaşayış sahəsi 36.2 kv.metr, köməkçi sahəsi 3.4 kv.metr olan 3 otağı isə Cavabdeh paylı mülkiyyətindədir. İddiaçı cavabdehin atasıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Tikinti-Texniki Ekspertizasının 18 fevral 2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1, 41 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 72, M7, m1) mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlaklar ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırkı iş üzrə tərəflərin ümumi paylı mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının ona aid payının cavabdeh tərəfindən alınmasına dair hissəyə qiymət verərək hesab edir ki, həm məhkəmə iclasına gədər həm məhkəmə iclasında, iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh iddiaçının payını almaq üşün yetərli vəsaitinin olmamasını bildirmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1, 41 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 72, M7, m1) açıq hərracdan satılsın. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1, 41 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 72, M7, m1) satılmasından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə İddiaçı və Cavabdeh arasında bölünsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-566/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-566/2022
12.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver