Məhkəmə qərarları › İş №2(011)-5660/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5660/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5660/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikası, Çəmbərək rayonu, Toxluca kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. İş materialları əsasında müəyyən edilmişdir ki, ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 82184183 nömrəli bildirişin surətindən müəyyən olunur ki, ərizəçi xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış massivi, 28 saylı evin, 52 saylı mənzilində qeydiyyata alınmışdır. Ərizəçi ərizəsində yaşayış yerini ünvan 1 ünvanı qeyd etmiş və bunu təsdiq edən sənəd olaraq ünvan 2 tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən arayış ərizəçinin yaşayış yerini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Birincisi, həmin arayışda ərizəçinin xx.xx.1989-cu il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. İkincisi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində hansı sənədlərin yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər hesab olunduğu dəqiq şəkildə qeyd edilmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin MKİS-i tərəfindən verilmiş arayış qeyd olunan qanunvericilik normasında göstərilmədiyindən həmin sənəd şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün əsas hesab edilə bilməz. Göründüyü kimi ərizəçi nə hazırda, nə də sonuncu yaşayış yeri kimi Bakı şəhəri Xətai rayonunun inzibati ərazisinə qeydiyyatda deyildir. Ona görə ərizənin mümkünlüyü məsələsi yoxlanılarkən ərizəçinin Bakı şəhəri Xətai rayonunda qeydiyyatda olmadığı müəyyən edildiyindən ərizənin icraatı mümkün sayılmamalıdır. Bununla yanaşı, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etsə də, qeyd olunan hüquqi faktın təsdiq edilməsinin ona hansı məqsədlə lazım olduğunu ərizəsində göstərməmişdir. Mülki Prosessual Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərazi aidiyyəti normalarına riayət edilmədiyindən, eyni zamanda, forma və məzmun tələbinə əməl edilmədiyindən, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün Ərizəçi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edilən zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Məhkəmə qeyd edir edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 114.1.3, 152.1.3, 309.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul dövlət büdcəsindən ona geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar