Məhkəmə qərarları › İş №2(011)-5676/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5676/2023

17.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5676/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X3 həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X3 həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq, satış meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Xeyli müddət işlədikdən sonra, başqa işverənin təklifi ilə razılaşaraq, yeni əmək müqaviləsi bağlamaq, hazırkı əmək müqaviləsinə xitam vermək zərurəti yaranmışdır. Bununla bağlı "xxxx" MMC-nin direktoru X4 mobil nömrələrinə dəfələrlə zəng etsə də, ünvanına əmək müqaviləsinin xitam edilməsi barədə pretenziya göndərsə də, nəticəsi olmamışdır. Bundan sonra "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron mformasiya sisteminə daxil edilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 xidmətinə müraciə etmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 xidməti xx.xx.2022-ci il tarixdə **********4 saylı məktubla cavab verərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olduğunu, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmadıqda, bu barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, cavabdehlə əmək münasibətləri 2020-ci ildə pozulmuş, sonuncu dəfə avqust ayının 3-5 tarixlərdə əmək haqqı almışdır. Cavabdeh "xxxx" MMC-nin sədri hazırda həbsxanadadır. Əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir. Məhkəmə iclası barədə cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri hazırki məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iddia tələbinə etiraz etmədiyini, hazırda həmin bildirişi ləğv edə bilmədiklərini, yalnız məhkəmə qətnaməsi əsasında mümkün olacağını bildirmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 05 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, barəsində aktiv əmək müqaviləsinin olması barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətində baxılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları” nın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən olan çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X5r. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı əmək müqaviləsi üzrə satış meneceri vəzifəsinə təyin olunmuş, aylıq əmək haqqı 143 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-45/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə təmir-tikinti sahəsində fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X2 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 288-ci maddəsinə əsasən Əmək Məcəlləsi əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllini nizama salır. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. (Maddə 292) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir.

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci bəndi)

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi) Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göstərilən Məcəllənin 69.1 və 69.2-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”–ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi əsasında sözügedən müəssisədə satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı X3 və cavabdeh X6 müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmadığına görə iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq imkanından məhrum edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-45/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin rəhbəri X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə təmir-tikinti sahəsində fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X2 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, cavabdeh tərəfindən əmək qanunvericiliyində işəgötürən üçün müəyyən edilmiş vəzifənin yerinə yetirilməməsi nəticəsində iddiaçı konstitusion hüququndan məhrum edilmiş, bu səbəbdən də o, başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilməmişdir. Cavabdeh müəssisənin rəhbəri azadlıqdan məhrum edilmə cəzasına məhkum olunduğundan, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış olan əmək müqaviləsinə xitam verilməli, Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X3 həvalə edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında 11 yanvar 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar