Məhkəmə qərarları › İş №2(011)-5692/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5692/2021

08.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5692/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrumetmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 31.12.2020-ci il tarixdə vəfat etmiş X3 münasibətdə anası – X7 ləyaqətsiz vərəsə hesab olunması və onun vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 2009-cu ildə tanımış, 2010-cu ildən isə onunla ailə quraraq bir yerdə yaşamışdır. Sadəcə olaraq nikahları rəsmiləşdirilməmişdir. 2014-cü ildə X1 sağlamlığında problem yarandığından onu Çexiyaya müalicəyə aparmışdır. Orada 15 gün müalicədən sonra onu Almaniyaya, daha sonra İsveçrəyə aparmış və ölkəyə qayıtmışdırlar. 09 dekabr 2020-ci il tarixdə həyat yoldaşım X2 təkid və istəyi ilə onlar nikahların rəsmiləşdirdilrə. 2020-ci ilin mart ayından onun vəziyyəti daha da ağırlaşdığından o yataq şəraitinə düşdü. Keçən bu illər ərzində həyat yoldaşı X5 iddiaçı baxmış, ona qulluq etmişdir. Anası və bacısı heç vaxt onunla maraqlanmamış, qayğısına qalmamışlar. Bu səbəbdən də o, iddiaçıdan başqa heç kimi yaxınına buraxmamışdır. İddiaçı daim onun müalicəsi ilə məşğul olmuşdur. X6 31 dekabr 2020-ci il tarixdə ağır xəstəlik səbəbindən vəfat etmişdir. Onun yas mərasimini də, dəfnini də iddiaçı özü təşkil etmiş, xərclərini çəkmiş, onunla bərabər hörmət əlaməti olaraq onun atasının da qəbir daşını düzəltdirib qoydurmuşdur. Bütün bunlara görə bankdan kredit götürmüş, və hazırda da həmin kredit borcu qalmaqda davam edir. Mərhumun anası və bacısı ona yaxın gəlməmiş, yalnız dəfn günü evdə olmamağından istifadə edib mərhumun qızıl əşyalarmı gizli şəkildə götürüb oğurlamışlar. İddiaçı mərhum ilə ailə həyatı qurduqdan sonra birgə X2 mülkiyyətində və ona məxsus olan Bakı şəhəri. Xətai rayonu, Naximov küçəsi, ev 11. 221 saylı mənzildə yaşamışdılar. Bu mənzil onlara aid olmuş, orada yenidən qurma işləri də aparmışdılar. X6 son günlərində iddiaçıta deyirdi ki. çalış bu mənzili satma və satılmasına da icazə vermə, bu mənzil ondan iddiaçıya bir xatirə olaraq qalsın, əgər, çıxılmaz və çətin vəziyyətin olarsa, son anda bu mənzili satarsan. İddiaçı onun əhdinə və vəsiyyətinə sadiq qalaraq bu mənzili satmamağa qərar vermişdir. Mərhumun vəfatından sonra ərazi üzrə 40 saylı notariat kontoruna ərizə ilə müraciət edərək iddiaçının X2 vərəsəsi kimi tanınmağımı və ondan qalan mirasın sənədləşdirilməsi üşün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinii xahiş etmişdir. Daha sonra notariat kontorundan iddiaçıya bildirildi ki, mərhumuı anası da vərəsə kimi mirasdan pay almaq üçün notariat ofisinə müraciət etmişdir. İddiaçı qeyd edir ki, məhrumun anası X7 iddiaçı ilə bərabər vərəsə kimi mirasdan pay almaq hüququ yoxdur və ola da bilməz. Bunu mərhum son anlarında vəsiyyət tapşırığı olaraq iddiaçıya söyləmiş və əmlakının nəinki anasına, heç kimə verilməməsini xahiş etmişdir. İndi anlayır ki, mərhumun anası gizlicə notariat ofisinə müraciət edərək miras əmlakı mənimsəmək istəyir. Hesab edir ki, onun mərhumdan qalan miras əmlak üzərində payı ola bilməz, o, ləyaqətsiz vərəsə hesab edilməlidir. Belə ki, cavabdeh mərhum heç vaxt anası olan cavabdehlə normal münasibətdə olmamış, onu sevməmiş, ondan uzaq gəzmişdir. Cavabdeh də fürsətdən istifadə edərək onun ölün anında qızıl-zinət əşyalarını oğurlayıb götürmüş və ona qarşı qəsdən cinayət törətmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, iddianın əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 390234 nömrəli Nikah haqqında Şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sabiq oğlu ilə X2 nikahı 20.12.2020-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 131007 nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 31.12.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.01.2021-ci il tarixli 32 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlışdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 004003 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Naximov küçəsindəki 11 nömrəli yaşayış evinin 221 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisinin X-773 nömrəli, 03.09.2021-ci il tarixli məktubundan görünür ki, 31.12.2020-ci il tarixdə vəfat etmiş X2 ölümündən sonra vərəsələri İddiaçı və Cavabdeh tərəflərindən Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət daxil olmuş, notarius tərəfindən vərəsəlik işi açılmış və onlar miras qoyanın vərəsəsi kimi tanınmış, lakin vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisinin X-773 nömrəli, 03.09.2021-ci il tarixli məktuba əlavə edilmiş Cavabdeh 08.06.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, 31.12.2020-ci il tarixində qızı X6 vəfat etmişdir. Miras əmlak mənzildən ibarətdir. Ondan başqa digər vərəsə İddiaçı var. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni xahiş edir. Məktuba əlavə edilmiş İddiaçı 27.02.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, 31.12.2020-ci il tarixində arvadı X6 vəfat etmişdir. Miras əmlak mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Səhiyyə İdarəsi Zığ Sağlamlıq Mərkəzinin 28.09.2021-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh həqiqətən, 02.12.2020-ci ildə nevropotoloqun evdə baxışı olub, “Dissirkulyator ensefalopatiya, arterial hipertenziya” diaqnozu ilə müayinə olunub və mülkicə təyin olunub. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14.07.1967-ci il təvəllüdlü X6 31.12.2020-ci ildə ölmüşdür. Mərhum X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 11 saylı evin 221 saylı mənzili və mərhumun adına olan bank hesablarında vəsaitlər miras əmlak qalmışdır. İddiaçı və Cavabdeh mərhumun vərəsələridirlər. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarına istinadən qeyd edir ki, mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, şəxs ləyaqətsiz vərəsə hesab edilərək qanun və vəsiyyət üzrə vərəsəlik hüququndan bu şərtlə məhrum edilə bilər ki, o, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş olsun və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. Miras qoyanın son iradəsi və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi dedikdə, məsələn digər vərəsələri miras əmlakdan imtina edilməsinə məcbur etmə, vəsiyyətnamənin saxtalaşdırılması və ya miras qoyanı vəsiyyətnamənin ləğv edilməsi və ya dəyişdirilməsinə məcbur edilməsi kimi hərəkətlər başa düşülür. Bu əməllərin törədildiyi məhkəmə tərəfindən təsdiq edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq və məhkəmə prosesi zamanı verilmiş izahatlar və təqdim edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi hallarının məhkəmə tərəfindən təsdiq olunması üçün kifayət qədər əsas və səbəblər mövcud deyil. Məhkəmə iddiaya Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddianın əsası olaraq göstərdiyi dəlillər, yəni Cavabdeh qızı ilə normal münasibətlərinin olmaması, onun tərəfindən xəstə qızına qayğının göstərilməməsi, mərhumun son iradəsinin ona məxsus əmlakın anasına verilməməsi ilə bağlı olması, ümumiyyətcə miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, iddiaçı tərəfindən iddia ərizəsinin əsası olaraq Cavabdeh qızı ilə normal münasibətlərinin olmadığı, onun tərəfindən xəstə qızına qayğının göstərilmədiyi və mərhumun son iradəsinin ona məxsus əmlakın anasına verilməməsi ilə bağlı olduğu, cavabdeh tərəfindən mərhuma məxsus olmuş qızıl-zinət əşyalarının oğurlandığı göstərilsə də, iddiaçının bu dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi “Whatsapp” və SMS yazışmaları ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin yazışmaların həqiqiliyi müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək belə qənaətinə gəlir ki, İddiaçı Cavabdeh qarşı 31.12.2020-ci il tarixdə vəfat etmiş X3 münasibətdə anası – X7 ləyaqətsiz vərəsə hesab olunması və onun vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddiası əsassızdır iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 31.12.2020-ci il tarixdə vəfat etmiş X3 münasibətdə anası – X7 ləyaqətsiz vərəsə hesab olunması və onun vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar