Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5693/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsində 431 nömrə ilə qeydiyyata alınmışdır.
2. Tərəflər arasında bağlanmış nikah onların qarşılıqlı razılığı əsasında pozulmuş və nikahın pozulması xx.xx.2020-ci il tarixində 137 №-li akt qeydi ilə tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı cavabdehlə xx.xx.2020-ci ildə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2020-ci ildə formal olaraq rəsmi nikaha daxil olmuşlar. Cavabdehlə ailə həyalı qurmamışdır. Nikahları formal olaraq rəsmiləşdirilmişlər. Cavabdehlə qarşılıqlı razılıq əsasında xx.xx.2020-ci ildə 2 saylı Bakı Asan xidmət mərkəzində nikahları pozulmuşdur. Cavabdehlə ər-arvad münasibətlərinə daxil olmadıqları üçün nikahın etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh hal-hazırda Azərbaycandan kənardadır, orada ailə də qurub. İddiaçı özü də 1 ay bundan əvvəl yeni ailə həyatı qurub, ancaq nikahı rəsmiləşdirə bilməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi yeni ailə həyatı qurduğu xanımın bu barədə irad bildirməsidir.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 25.1 Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
11. Maddə 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
12. Maddə 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
13. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
14. Maddə 12.0. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
15. Maddə 27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır.
20. Ailə Məcəlləsində nikahın etibarsız sayılması əsaslarını müəyyən edən şərtləri iki qrupda təsnifləşdirmək olar: birinci, sonradan aradan qaldırılması mümkün olan etibarsızlıq şərtləri. Bunlara Ailə Məcəlləsinin 10.1-ci maddəsində göstərilən yaş həddi ilə (Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.), 11.1-ci maddəsində göstərilən nikaha girən tərəflərin yazılı razılığı və 13.3-cü maddəsində göstərilən qaydada müvafiq tibbi arayışın təqdim edilməsi ilə ( Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. ) bağlı olan şərtlər aiddir. Bu şərtləri ehtiva edən əsasların sonradan aradan qaldırılması ilə nikahın etibarlı sayılması mümkündür ki, bu hüquqi əsaslar Ailə Məcəlləsinin 27-ci maddəsində göstərilmişdir; ikinci, nikahın etibarsızlığına səbəb olan mütləq şərtlər. Həmin şərtlərin mövcudluğu nikahın bağlanmasına mane olur, nikah bağlandığı halda isə istisnasız olaraq onun etibarsızlığına səbəb olur. Bunlara aiddir, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanmış nikahlar (AM-nin 12.0.1, 12.0.2, 12.0.3, 12.0.3-1 və 12.0.4-cü maddələr).
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 28 mart 2016-cı il tarixli qərarında nəzərdə tutulmuşdur ki, nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi).
22. Məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu növ mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə ziddir.
23. Şərh edilənlərdən başqa, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən əsaslardan əlavə, nikahın etibarsız hesab edilməsini istisna edən daha bir imperativ qayda Ailə Məcəlləsinin 27.4-cü maddəsində göstərilmişdir. Belə ki, normada göstərilən dispozitiv şərtlər istisna olmaqla, əvvəllər pozulmuş nikahın sonradan etibarsız hesab edilməsini qanun qadağan etmişdir (§ 16).
24. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2020 tarixdə pozulmuşdur. Digər əsaslarla bərabər həm də bu halın özü hazırkı iddia tələbinin təmin edilməsi imkanını aradan qaldırmış olur. Məhkəmə qeyd edir ki, artıq pozulmuş və mövcud olmayan nikah etibarsız hesab edilə bilməz.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı