Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-57/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması, hüquqi yardım üçün ödənilmiş 800 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması, hüquqi yardım üçün ödənilmiş 800 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 21.07.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1426 nömrəli reyestr kitabının 130574 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də MA seriyalı ******* nömrəli çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. AR DİN Asan-1-in yaşayış yeri üzrə qeydiyyat haqqında 12.10.2020-ci il tarixli ******* saylı arayışına əsasən ondan başqa Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildə heç kəs qeydiyyatda yoxdur. xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1988-ci il tarixli Cavabdeh2 və onun ailə üzvləri hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, mənzilindən onun iradəsi xaricində özbaşına istifadə edən daha bir cavabdeh Sumqayıt şəhəri, X11 qəsəbəsi, Tağıyev-3.H/Ş, F.Qayıbov küçəsi ev 18, mənzil 65 ünvanında qeydiyyatda olan Cavabdeh3dır. Göründüyü kimi, cavabdehlərin və ailə üzvlərinin Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10, mənzil 165 ünvanında yaşaması onun mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. Məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 1987ci ildə Cəlilov Faiq Ziyafəddin oğlu ilə ailə həyatı qurduqdan sonra o, gəlin gələrkən qaynatasının 22 il müddətində yaşadığı ünvan 2 ünvanına köçmüşdür. Cehiz əmlaklarını da bu ünvana gətirmişdir. Hazırda da cehiz əmlakları uzun illər keçsə də hamısı bu mənzildə yerləşir. Oğlu xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 da bu evdə dünyaya göz açıb, hal-hazırda da bu mənzildə o, onun həyat yoldaşı, nəvəsi və o birlikdə yaşayırlar. Həyat yoldaşı Cəlilov Faiq Ziyafəddin oğlu da onunla birlikdə 2018-ci ilə kimi bu mənzildə yaşamışdır. Sonradan spirtli içki alüdəçisi olduğu üçün faktiki olaraq ondan ayrılaraq başqa ünvanda yaşayır. Qaynatasının ölümündən sonra xəbər tutmuşdur ki, mənzili öz qızı X8 adına keçirmişdir. 9 ildir mənzil onun adına qeydiyyatda olsa da, bir gün də olsun bu mənzildə yaşamamışdır, bu vaxtadək heç evin yerinin harada yerləşməsini bilmir. 2018-ci ilin iyul ayında isə mənzilə 10.000 manatdan çox pul xərcləyərək evi kapital təmir etdirmişlər. İşin hallarından da məlum olur ki, evin mülkiyyətçisi qayınatası hələ sağlığında evinə onu gəlin köçürərək buna razılıq vermiş, qayınatası, qayınanası, əri ilə o bu mənzildə yaşamışlar, onun orada yaşamağına qayınatası və qayınanası heç vaxt etiraz etməmiş, əksinə razılıq vermiş və onlar əri ilə birgə qayınatası Cəlilov Ziyafəddinlə birgə təsərrüfat işləri aparmışlar. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yuxarıda göstərilən məzmunda izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin gəlinidir. 2018-ci ildə mübahisəli mənzilə gəlin gəlmişdir. Mənzil pis gündə olmuş, toylarına qədər yoldaşı tərəfindən əsaslı təmir edilmişdir. Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 5 saylı evin 78 nömrəli mənzilində olmamışdır. Lakin bildiyinə görə orada faktiki olaraq, 13 nəfər yaşayır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür kı, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10,165 saylı mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1426 nömrəli reyestr kitabının 130574 nömrəli vərəqində 21.07.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzildə qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.05.2016-cı il tarixli, 2(011)-2713/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cəlilov Faiq Ziyafəddiıı oğlu, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 5 saylı evin 78 nömrəli mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul etməyərək, 30 ildən çox sözügedən mənzildə qeydiyyatda olduqlarını, hazırda Nəsimi rayonu ərazisində evdə müvəqqəti yaşadıqlarını, lakin ora heç bir hüquqlarının olmadığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.05.2016-cı il tarixli, 2(011)-2713/2016 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh2 cavabdehlər X4, Azərbaycan Respublikası ƏMDK-nə, Azərbaycan Respublikası ƏMDK-nin vanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat Kontoruna qarşı Bakı şəhəri. Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinin X2 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X2 adına 03.06.2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəli mənzilə dair X3 adına 20.11.2003-cü il tarixdə Bakı şəhəri 18 saylı DNK-da 2V-01- 154 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən X3 adma aparılmış qeydiyyatın ləğv edilməsi və iddiaçılar Cavabdeh1, Cəlilov Faiq Ziyafəddin oğlunun və Cavabdeh2 Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Faiq Ziyafəddin oğlu ilə nikahı Quba rayonu. Giləzi kənd XDS İK-də 02.07.1987-ci il tarixdə rəsmiləşdirməklə ailə həyatı qurmuş, nikaha daxil olduğu 02.07.1987-ci il tarixdən qaynatası X2 istifadəsində olan Bakı şəhəri. Xətai rayonu, Telnov küçəsi, 5 saylı evin, 78 saylı mənzilinə gəlin köçərək orda yaşayaraq qayınatası istifadə hüquqlarını tanımış və onlar həmin mənzilə daimi pasport qeydiyyatına alınmışlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar istifadə hüquqlarının olduğu və 1987- 1988-ci illərdən daimi pasport qeydiyyatında olduqları mənzildən hazırda faktiki olaraq məhrum edilmiş və həmin mənzilə buraxılmadıqlarından köçüb yaşaya bilmirlər. Onlar müvəqqəti olaraq ünvan 3 ünvanında yaşamağa məcbur edilmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 14.11.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsinin iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, iddiaçılar Cavabdeh1, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh2 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 23.04.2018-ci il tarixli, 2(102)- 2757/2018 saylı qərarından görünür ki, iddiaçılar Cavabdeh1, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 10320/2017 saylı 14.11.2017-ci i! tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(006)-804/2021 saylı qətnaməsindən görünür ki, lkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilkin iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, Mir Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilindən Cavabdeh1 istifadə hüququnun tanınması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı “dəymiş maddi zərərin ödənilməsi və s.”tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 23.06.2021-ci il tarixli, 2(103)-5624/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(006)- 804/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, lkin və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 27 avqust 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə baxışı zamanı işin aradırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10,165 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 14.11.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsi ilə Cavabdeh1, Cəlilov Faiq Ziyafəddin oğlunun və Cavabdeh2 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 23.06.2021-ci il tarixli, 2(103)-5624/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qərarını onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçının irəli sürdüyü dəlillər onun 1987-ci ildən qaynatasına məxsus evə köçərək iddia edilən ünvanda əri ilə yaşaması olmuşdur ki, iddiaçının başqa ünvanda qeydiyyatda olması və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə istifadə hüquqlarının olması əsası ilə oraya köçürülməsinin qət edilməsi digər sübutların mötəbərliyin şübhə altına almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Bundan başqa, iddiaçı X3 cavabdehlər Cəlilov Faiq Ziyafəddiıı oğlu, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işdə cavabdehlər iddia tələbini qəbul etməmiş, bunu, 30 ildən çox sözügedən mənzildə qeydiyyatda olduqları, hazırda Nəsimi rayonu ərazisində evdə müvəqqəti yaşadıqları, lakin ora heç bir hüquqlarının olmadığı ilə əsaslandırmışdırlar. Eyni zamanda, iddiaçılar Cavabdeh1, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh2 cavabdehlər X4, Azərbaycan Respublikası ƏMDK-nə, Azərbaycan Respublikası ƏMDK-nin vanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat Kontoruna qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən aparılmış qeydiyyatın ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair” işdə iddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilov Faiq Ziyafəddin oğlu ilə nikaha daxil olduğu 02.07.1987-ci il tarixdən qaynatası X2 istifadəsində olan Bakı şəhəri. Xətai rayonu, Telnov küçəsi, 5 saylı evin, 78 saylı mənzilinə gəlin köçərək orda yaşayaraq qayınatası istifadə hüquqlarını tanımış və onlar həmin mənzilə daimi pasport qeydiyyatına alınmışlar. Həmin mənzildə 1987-1988-ci ildən daimi pasport qevdiyyatındadırlar. Belə olan halda məhkəmə, Cavabdeh1 tərəfindən iddia ərizəsinə qarşı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşımışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10,165 saylı mənzilin X8 mülkiyyətində olması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir qanuni əsas olmadarı həmin mənzildə yaşamaları müəyyən olunmuşdur. Sadalanalara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsinə əlavə olunmuş 23.10.2020-ci il tarixli və 13.10.2020-ci il tarixli qəbalərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu və hüquqi yardım üçün Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 800 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 800 manat cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə iddiaçı X8 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 800 (səkkiz yüz) manat cavabdehlərdən alınıb iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-57/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-57/2022
28.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver