Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5700/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X11 Hərbi İnstituta qarşı “töhmətin və əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh X11 Hərbi İnstituta qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya və övladlarına qarşı qərəzçilik edilərək əsassız olaraq iddiaçıya verilmiş töhmətin götürülməsi, işdən çıxarma əmrinin bəndinin dəyişdilməsi və qanunsuz olaraq işdən çıxarıldığı gündən məhkəmədə baxılıb qurtarana kimi əmək haqlarının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 iyun 2019-cu ildə X11 Hərbi İnstitutunun İstilik Təsərüfatı idarəsində Buxar qazanı Operatoru vəzifəsinə qəbul edilmişdir. Həmin işdə heç bir xəta, səhlənkarlıq etməmişdir. Müharibə veteranı oğlu X4 həmin institutda Avtomobil bölüyündə baş təlimatçı vəzifəsində çalışırdı, institutun sabiq rektoru Füzuli Salahovun daxili əmri ilə nəqliyyat sahəsindən yeməkxana rəisi vəzifəsində keçirilmişdir. Qısa müddətdən sonra İnstituta leytenant rütbəli zabitinin gəlməsi ilə əlaqədar olaraq oğlu X4 həmin stalovadan əvvəlki işi yeri olan avtomobil bölyünə qayıtmasını istəmişdir. Lakin İnstitutun MTT rəisi X1 buraxmamış və bildirmişdir ki, hər ikiniz burada işləyəcəksiniz. Bir neçə gündən sonra oğlunun avtomaşınında 3 manat 40 qəpik dəyərində olan süd məhsulu tapıması ilə əlaqədar işi hərbi prokurorluğa göndəriləcəyini demişlər. İddiaçı bir valideyin kimi, institutun Baş Qərargah rəisi Polkovnik (vətən qəhrəmanı adını daşıyan) Nizami Mövlanovun qəbulunda olmuşdur. Oğlu ilə bağlı müraciət etmiş, Nizami Mövlanov iddiaçıya bildirmişdir ki, əgər sən və oğlun İnstitutda MTT-nin X9 üzünə dursanız mən həmin işdə sənin oğlunla bağlı hərbi prokurorluğa məlumat göndərməyəcəm. Oğlu və iddiaçı bildirmişdir ki, biz hallalıqla çörək qazanırıq, heç kəsin üzünə durmaqla işimiz yoxdur. X10 bildirdi ki, siz ki Elçin Salmanovun qeydinə qalaraq üzünə durmursuz, mən şəxsən Sizin hamınızı çörəksiz qoyaraq işdən çıxardacam. İddiaçının oğlu barədə Hərbi prokurorluğa göndərilmiş araşdırma ilə bağlı düzgün verilmiş qərara məhəl qoymadı və H.Əliyev adına Hərbi İnstitutdan 14 il döyüş bölgələrində xidmət etmiş, 2016-cı ilin aprel döyüşlərində və 44 günlük vətən müharibəsində iştirakçı olan oğlu hərbi gizir X3 hərbiyə yararsız 156 E maddəsi ilə işdən çıxarmışdır. Bundan sonra isə iddiaçıya qarşı qərəzçilik edərək buxar qazanı operatoru vəzifəsindən dəyişdirilərək hərbi institutun ən aşağı maaşı olan bağban işina keçirmişdir. İddiaçı Sənaye Pedaqoji Texnikomunu Fərqlənmə diplomu ilə bitirmiş, uzun illər istehsalat təlimi ustası (müəllim) işləmişdir. Ən azından iddiaçını çilingər işində saxlaya bilərdilər. Ancaq qərəzli olaraq Füzuli Salahov və Nizami Mövlanovun əmrləri ilə bağban işinə keçirilmişdir. Bağban işinə keçirildikdıən sonar hər gün səhər saat 06 tamamda X11 İnstitutda iş başında olurdu. Yeni iş yeri üzrə Mənzil İstismarı Xidmətinin rəisi Osman Hüseynov adlı yeni mayor təyin edilmişdir. Qərəzli olaraq tapşırıqla MİX rəisi Osman Hüseynov başqalarının yerinə başqa ərazilərə iddiaçını göndərmiş, iddiaçı bu barədə həmkarlar İttifaqının sədri Kazım Mirzəyevə dəfələrlə şikayət etmiş, Həmkarlar İttifaqının sədri isə bildirmişdir ki, əgər narazısana ver məhkəməyə, 2023-cü ilin oktyabr ayında bayram günləri iddiaçını əmək haqqı verilmədən işə çağırılmış, bu hal dəfələrlə təkrarlanmışdır, həmin bayram günlərində işə çıxdığı bonus adlanırdı və istənilən iş günü həmin bonusdan isdifadə edib işdən qala bilərdi. Bunun əsasında öd kisədinin ağrıması nəticəsində iddiaçınən şöbə rəisi olan Ofelya xanıma məlumat vermiş, o, isə bildirmişdir ki, sənin 2 günlük bonusun var, üzrlü olaraq bonus əsasında işə çıxmadığını əsas tutan MİX rəisi Osman Hüseynov iddiaçı barəsində raport yazaraq hüquq şöbəsinə məruzə etmişdir ki, iddiaçı guya özbaşına olaraq işə çıxmamış, əmr yuxarıdan olduğu üçün hüquq şöbəsinin rəisi Rəşad adlı şəxs işi araşdırmadan iddiaçıya töhmət vermiş, bunun əsasında əmək haqqının 20% kəsmişdir. İddiaçı dərhal bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ərizə ilə müraciət edərək qərəzçilik əsasında Nizami Mövlanovun iddiaçını işdən çıxarmaq istədiyini bildirmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayının 22-də Həmkarlar İttifaqının sədri Kazım Mirzəyev iddiaçını tanımayan yaşlı insanlarla iclas keçirərək qanunsuz olaraq işdən çıxarılmağı barədə 70 Ç maddəsi ilə işdən çıxarmış, qanunsuz olaraq işdən çıxarılmış oğlu İskəndər Səmədovun öhdəsində azyaşlı uşağı və Banka ipoteka krediti vardır. Hərbi İnstitutun rəhbərliyinin qərəzinə tuş gələrək hər ikisi işdən çıxarılmışdır. Ailəni dolandıra və Bank kreditini ödəyə bilmir, bundan sonra qərəzçilik əsasında digər oğlu X12 İnstitutun aviasiya kafedrasında töhmət verərək mənfi xasiyyətnamə yazaraq başqa hərbi hissəyə göndərmişlər. Hər yerə şikayət etməyinə baxmayaraq nədənsə hərbi prokurorluq Ulu Öndərin adını daşıyan İnstitutun rektoru Füzuli Salahovun tərəfini saxlayaraq ədalətli qərar verməmişdir. Əmək Məcəlləsinin 70 ç bəndi ilə şərlənərək qərəzçiliklə qanunsuz olaraq işdən çıxarıldığı üçün heç yerdə işə qəbul ola bilmir. Arvadı xəstə, oğlu işsiz, ailədə evə çörək pulu gətirən yoxdur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X11 Hərbi İnstitut tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli töhmətlərin və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan xx.xx.2024-cü tarixli 22 nömrəli əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işlədiyi bağban vəzifəsinə işə bərpa olunması, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər İddiaçı işləmədiyi günlərə görə aylıq əmək haqqısının və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, İddiaçı ilə cavabdeh X11 Hərbi İnstitut arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 372/3 nömrəli 20 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən etibarən X11 Hərbi İnstitutun Mənzil istismar xidmətində bağban vəzifəsində çalışdığı müddətdə, həmin müqaviləyə əsasən istirahət günləri həftənin şənbə və bazar günləri olmasına baxmayaraq, 27 oktyabr 2023-cü il tarixdə həftənin cümə günü, heç bir üzrlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrinin kobud şəkildə pozduğuna görə barəsində araşdırma təyin edilmiş və aparılan araşdırmanın nəticəsində ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “Töhmət” intizam tənbehi verilmişdir. Bundan başqa, İddiaçı, X11 Hərbi İnstitutun Mənzil İstismar xidmətində bağban vəzifəsində çalışdığı müddətdə, 18 yanvar 2024-cü il tarixdə paltarını dəyişdirdikdən sonra, 372/3 nömrəli əmək müqaviləsinə əsasən iş vaxtı (müddəti Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman) saat 17:00-da qurtarmasına baxmayaraq, xüsusi ayrılmış otaqdan saat 16:30-da, iş yerini, yəni işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yeri tərk edərək, İnstitutun nəzarət buraxılış məntəqəsinin yanına gedib orada Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunun 10.1.1-ci maddəsinin tələblərinin pozaraq təyin olunmamış ərazidə siqarət çəkməklə əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə barəsində araşdırma təyin edilmiş və araşdırmanın nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “Töhmət” intizam tənbeyi verilmişdir. Bundan sonra X11 Hərbi İnstitutun Həmkarlar İsttifaqı Komitəsinə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair təqdimat verilmiş və həmin təqdimat 22 yanvar 2024-cü il tarixdə Komitədə baxılaraq qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı 27 oktyabr 2024-cü il tarixdə həftənin cümə günü, heç bir üzrlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə əsas yaransa da, Humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən İddiaçı “Töhmət” intizam tənbehi verilmişdir. Lakin buna baxmayaraq İddiaçı növbəti dəfə 18 yanvar 2024-cü il tarixdə Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunun 10.1.1-ci maddəsinin tələblərini pozaraq təyin olunmamış ərazidə siqarət çəkməklə və təyin olunmuş vaxtdan əvvəl əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yeri tərk etməklə əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “Töhmət” intizami tənbeyi verilmiş, bundan sonra Həmkarlar İsttifaqı Komitəsinə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair təqdimat verilmiş və həmin təqdimat 22 yanvar 2024-cü il tarixdə Komitədə baxılaraq qəbul edildikdən sonra əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o, institutun həyətində olmuş, iddiaçı ona yaxınlaşdıqdan sonra onlar birlikdə siqaret çəkmişlər. Onların siqaret çəkdiyini rəhbərlik görmüş, bundan sonra onlar barəsində tədbir görüləcəyi bildirilmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 18 iyun 2019-cu ildə cavabdeh qurumda işə başlamışdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, 18 iyun 2020-ci ildə X11 Hərbi İnstitutunun İstilik Təsərüfatı idarəsində Buxar qazanı Operatoru vəzifəsinə qəbul edilmiş, 18 iyun 2021-ci il tarixdə əmək müqaviləsi 1 il müddətinə uzadılmış, 20 iyun 2022-ci il tarixdə təsərrüfat şöbəsində 1 il müddətin bağban vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli 372/3 saylı əmək müqaviləsindən görünür ki, iddiaçı X11 Hərbi İnstitutda MİX Təsərrüfat şöbəsində bağban vəzifəsində işə qəbul edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan təqsirkar şəxsin cəzalandırılması haqqında əmrin surətindən görünür ki, iş yerinə çıxmamaqla əmək intizamının pozuntusuna yol verdiyinə görə İddiaçı töhmət elan edilmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli təqdimatın surətindən görünür ki, 27 oktyabr 2023-cü il tarixdə İddiaçı səhhəti ilə əlaqədar iş yerinə gələ bilməyəcəyini bildirmiş, lakin 28 oktyabr 2023-cü il tarixdə işə gəldikdə heç bir tibbi sənəd təqdim etməmiş, bu səbəbdən Əmək Məcəlləsinin 186-cı maddəsi ilə ona töhmət elan edilmişdir. Bununla əlaqədar 2023-cü ilin noyabr ayında iddiaçının izahatı alınmışdır. Bundan başqa iş vaxtı 17:00-da bitməsinə baxmayaraq o, 18 yanvar 2024-cü il tarixdə 16:30-da iş otağını tərk edib 1 nömrəli nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən bankomatın yanına gəlmiş, təyin olunmamış yerdə siqaret çəkərkən institutun rəhbər şəxsləri tərəfindən aşkar olunmuş və bu səbəbdən Əmək Məcəlləsinin 186-cı maddəsi ilə ona töhmət elan edilmişdir. Bununla əlaqədar 19 yanvar 2024-cü il tarixdə iddiaçının izahatı alınmışdır. 22 yanvar 2024-cü il tarixli 22 nömrəli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli 22 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Mənzil İstismar Xidmətinin təsərrüfat şöbəsinin bağbanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 yanvar 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş, ona son haqq-hesab, istifadə etmədiyi əsas məzuniyyətə görə 12 təqvim günü üçün pul əvəzi ödənilmişdir. Əmrin əsası MİX-nin rəisi O.Ə.Hüseynovun 22 yanvar 2024-cü il tarixli raportu və X11 Hərbi İnstitutun Həmkarlar İttifaqı Komitəsinin 22 yanvar 2024-cü il tarixli 21 saylı protokolu olmuşdur. İddiaçı hüquqlarının pozulması ilə əlaqədar X6 Xidməti Bakı şəhər idarəsinə müraciət ünvanlamışdır. Hazırkı iş materiallarında iddiaçının işdən çıxarılmasına əsas olan hallar kimi cavabdeh tərəf onun vəzifə öhdəliklərinin lazımi şəkildə icra edilməməsi əsas gətirilərək barəsində intizam tənbehi tətbiq olunmuş və bu əsasla müqaviləyə xitam verilmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı cavabdehin nümayəndəsindən töhmətlə bağlı əmrlər tələb edilmiş, lakin nümayəndə yalnızca əmrdən çıxarışları məhkəməyə təqdim etmişdir. İstinad olunan əmrlərdən çıxarışlarda da əmrin tarixi və nömrəsi qeyd olunmamışdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 89.1-ci maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 45.1-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.5.-ci maddəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 70-ci maddəyə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186.4-cü maddəsinə görə işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 187.1-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Qərarı: Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh X11 Hərbi İnstitut tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli töhmətlərin ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, həm iddiaçı, həm cavabdeh tərəf iddiaçıya töhmət verilməsinə istinad etsələr də, iş materiallarında istinad olunan tarixlərə aid töhmət verilməsi ilə bağlı əmrlər aşkar edilməmişdir. İş materiallarında mövcud olan X11 Hərbi İnstitutun rektorunun əmrinin surətindən (əmrin nömrəsi və tarixi qeyd edilməmişdir) görünür ki, iddiaçı 27 oktyabr 2023-cü il tarixdə iş yerinə gələ bilməyəcəyini bildirmiş, lakin 28 oktyabr 2023-cü il tarixdə işə gəldikdə heç bir tibbi sənəd təqdim etməmiş, 13 noyabr 2023-cü il tarixli inzibati araşdırma nəticəsində Əmək Məcəlləsinin 186-cı maddəsi ilə ona töhmət elan edilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı halda cavabdeh tərəfindən intizam tədbirinin 13 noyabr 2023-cü il tarixdə görüldüyünə istinad edilsə də, bu tarixə aid hər hansı əmr məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında 06 noyabr 2023-cü il tarixli müxtəlif vəzifəli şəxslərin raportları və vəsatətləri mövcud olsa da, iddiaçının izahatının alınması görünsə də məhz töhmət verilməsi ilə bağlı əmrin tarixini müəyyən etmək mümkün deyil. Odur ki, məhkəmə iş materiallarında nömrəsi və tarixi bəlli olmayan 13 noyabr 2023-cü il tarixli inzibati araşdırma nəticəsində təqsirkar şəxsin cəzalandırılması haqqında əmri qanunsuz hesab edir. İddia ərizəsində 22 yanvar 2024-cü il tarixli töhmət verilməsi barədə əmrin ləğv edilməsi xahiş edilsə də, araşdırma zamanı cavabdehin nümayəndəsi əmrin tarixinin 19 yanvar 2024-cü il olduğunu bildirmişdir. İş materiallarında mövcud olan X11 Hərbi İnstitutun rektorunun əmrinin surətindən (əmrin nömrəsi və tarixi qeyd edilməmişdir) görünür ki, iddiaçı 18 yanvar 2024-cü il tarixdə təhkim olunduğu iş yerini vaxtından tez yəni 16:35-də tərk edərək institutun ərazisində təyin edilməmiş yerdə siqaret çəkməsi ilə bağlı 19 yanvar 2024-cü il tarixli inzibati araşdırma nəticəsində Əmək Məcəlləsinin 186-cı maddəsi ilə ona töhmət elan edilmişdir. Hazırkı əmrə münasibətdə məhkəmə qeyd edir ki, əmrin hansı tarixdə verilməsi qeyri-müəyyəndir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsindən məhkəmə tərəfindən tütün məmulatlarından istifadə edilməsi qadağan olunmuş ərazilərlə bağlı məlumat verilməsi xahiş edilsə də cavabdehin nümayəndəsi institutun ərazisində dəqiqliklə hansı ərazilərin qadağan olunmuş ərazi olması ilə bağlı məhkəməyə dəqiq məlumat təqdim edə bilməmişdir. Həmçinin işçinin vəzifə təlimatları ilə hansı sahələrdə siqaret çəkilməsinin qadağan olunması, iş saatlarında belə bir qadağanın olması, bu barədə işçiyə məlumat verilməsi ilə bağlı hər hansı istinada rast gəlinməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununun müddəaları yoxlanaraq müəyyən edilmişdir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində tütün çəkmək qadağandır, belə müəssisələrdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. Hazırkı işin araşdırması zamanı cavabdeh təşkilatın nümayəndəsi iddiaçının tütün məmulatlarından istifadə etdiyi və açıq havada yerləşən ərazinin tütün çəkmək üçün qadağan olan sahə olmasını sübuta yetirə bilməmişdir. Daha sonra iddiaçının iş paltarını dəyişib vaxtından əvvəl iş yerini tərk etməsi ilə bağlı əmrdə qeyd edilən hala münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh təşkilat qapalı müəssisə olmaqla ora giriş-çıxış xüsusi qaydada nəzarət altında saxlanılan müəssisədir. Yəni səhər işə gələn və axşam işdən çıxan işçilərə dəqiq nəzarət aparılmaqdadır. İş vaxtının bitmədən müəssisədən hər hansı şəxsin çıxması xüsusi razılıq əsasında həyata keçirilməkdədir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən görünür ki, iddiaçının iş vaxtı 08:00-da başlanır, 17:00-da bitir. Cavabdeh tərəfin istinadına əsasən iddiaçı 16:35də iş yerini tərk etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın inzibati ərazisini, yəni iş yerinin hüdudlarını tərk etməmiş, ərazidə tütün məmulatlarından istifadə etmişdir. Nəzərə alınsa ki, iddiaçının məşğuliyyət növü bağbandır, onun fəaliyyət göstərdiyi sahə də məhz açıq havada yerləşən ərazilərdir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, 19 yanvar 2024-cü il tarixli inzibati araşdırma nəticəsində Əmək Məcəlləsinin 186-cı maddəsi ilə iddiaçıya töhmət elan edilməsi ilə bağlı əmr qanunsuzdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki dispozitiv şərti nəzərdə tutulmuşdur: 1) işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) Məcəllənin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrindən birinin kobud şəkildə pozulması. Qeyd edilən müddəalardan da göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Məhkəmə istinad olunanlara əsasən qeyd edir ki, nə qədər ki, əmək müqaviləsinə xitam verilməsinə əsas iddiaçıya elan edilən iki töhmətin verilməsi olmuşdur, məhkəmə tərəfindən isə hər iki töhmətin verilməsi qanunsuz hesab edilmişdir, işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X11 Hərbi İnstitutun 22 yanvar 2024-cü il tarixli 22 nömrəli əmri qanunsuz hesab edilməlidir. Məhkəmə iddia tələbinin işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, məhkəmə araşdırması nəticəsində iddiaçının işdən çıxarılması barədə X11 Hərbi İnstitutun 22 yanvar 2024-cü il tarixli 22 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilmişdir, odur ki, iddia tələbi bu hissələrdə də təmin edilməli, İddiaçı X11 Hərbi İnstitutda tutduğu bağban vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddətinə görə ona əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Beləliklə, hazırkı iş üzrə iddiaçıya ödənişlərin verilməməsinin cavabdehin təqsiri üzündən olması iş materialları ilə təsdiq olunmadığından, iddia bu hissədə təmin edilə bilməz. Çünki iddiaçının hazırkı vəziyyətdə əmək haqqısının ödənilməməsi onun işdən azad edilməsi səbəbindən baş vermişdir. Məhkəmə iddia tələbinin İddiaçı ilə cavabdeh X11 Hərbi İnstitut arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı işdən görünür ki, iddiaçı 2019-cu ildən cavabdeh təşkilatda çalışır, onunla bağlanmış əmək müqaviləsi hər il 1 il müddətinə uzadılmışdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında yer alan mövqeyə münasibətdə də (Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır) məhkəmə qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə ilkin olaraq Buxar qazanı Operatoru, daha sonra isə bağban vəzifəsi olmuşdur. İstinad olunanlar iddiaçı tərəfindən görülən işin daimi xarakterə malik olmasının cavabdehə qabaqcadan bəlli olması halını istisna edir. Odur ki, iddia tələbi hazırkı hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X11 Hərbi İnstitut tərəfindən 13 noyabr 2023-cü il tarixli inzibati araşdırma nəticəsində təqsirkar şəxsin cəzalandırılması haqqında İddiaçı barəsində töhmət verilməsi barədə əmr və 19 yanvar 2024-cü il tarixli inzibati araşdırma nəticəsində İddiaçı barəsində töhmət verilməsi barədə əmr və iddiaçının işdən azad edilməsi barədə 22 yanvar 2024-cü il tarixli 22 nömrəli əmr ləğv edilməli, İddiaçı cavabdeh X11 Hərbi İnstitutda tutduğu bağban vəzifəsinə bərpa edilməli, cavabdeh X11 Hərbi İnstitut tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X11 Hərbi İnstitut tərəfindən 13 noyabr 2023-cü il tarixli inzibati araşdırma nəticəsində təqsirkar şəxsin cəzalandırılması haqqında İddiaçı barəsində töhmət verilməsi barədə əmr və 19 yanvar 2024-cü il tarixli inzibati araşdırma nəticəsində İddiaçı barəsində töhmət verilməsi barədə əmr və iddiaçı İddiaçı işdən azad edilməsi barədə 22 yanvar 2024-cü il tarixli 22 nömrəli əmr ləğv edilsin. İddiaçı X11 Hərbi İnstitutda tutduğu bağban vəzifəsinə bərpa edilsin. Cavabdeh X11 Hərbi İnstitut tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. X11 Hərbi İnstitutdan 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5700/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5700/2024
01.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver