Məhkəmə qərarları › İş №2(011)-5718/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5718/2021

29.09.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5718/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi Bakı şəhər Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edərək məhkəməyə ərizə ilə müraciət etmiş və oğlu 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 18.09.1974-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 01 avqust 1991-ci il tarixində Xətai Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və həmin tarixdən Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinə kursant vəzifəsinə qəbul edilən X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən 23 fevral 1993-cü ildə Ağdərə rayonu ərazisində itkin düşmüşdür. Həmin vaxtdan bu günədək oğlunu görməmiş və onun barəsində heç bir məlumat almamışdır. Əyyubov Vadimin 1-ci Qarabağ Müharibəsi dövründə 13 fevral 1993cü ildən 23 fevral 1993-cü ilədək Ağdərə rayonu Aterna-Umudlu kəndi yaxınlığında aparılan döyüş əməliyyatında iştirak etməsi və 23 fevral 1993-cü ildə bu döyüşdə itkin düşməsi faktı Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinin 10 aprel 1997-ci il 423 nömrəli xəbərnamə (F-№21) əlavə edilmiş şəxsi heyətin qaytarılmaz itkilərinin adlı siyahısı, həmçinin Xətai Rayon hərbi komissarı tərəfindən verilmiş 16 aprel 1997-ci il 499 nömrəli arayışı ilə təsdiq edilmişdir. Beləliklə, oğlu Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi zaman 23 fevral 1993-cü il tarixində Ağdərə rayonu ərazisində itkin düşməsi və həmin vaxtdan bugünədək ondan xəbərin olmaması, onun həlak olduğunu güman etməyə əsas verir. Uzun illərdir oğlunun qayıtması həsrəti ilə yaşasa da artıq acı həqiqətlə razılaşın onun ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olub. Eyni zamanda Vadimə şəhid statusunun verilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmək qərarın gəlmişdir. Belə ki, “Şəhid adının abədiləşdirilməsi və şahid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası 03.09.1993-cü il tarixli, 697 nömrəli Qanunun 1-ci maddəsinə əsasən Şahid Azərbaycan Respublikası azadlığı, zeverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilənləri nəzərə alaraq əriznin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi teleqramla məhkəməyə müraciət edərək məhkəmədən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhər Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı oğludur. Qeyd etmişdir ki, bibisi oğlu Əyyubov Vadim və atası X5 Qarabağ Müharibəsində iştirak etmişdirlər. Bibisi oğlu Əyyubov Vadim 1993-cü ilin fevral ayından itkin düşmüşdür. X7 isə 03 mart 1993-cü il tarixində Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və itkin düşmüşdür. O vaxtdan indiyədək nə atasından, nə də Əyyubov Vadimdən heç bir xəbər yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin 14.09.2021-ci il tarixli, 1801 nömrəli məktubundan görünür ki, 18.98.1974-cü il təvəllüdlü X3 01.08.1991-ci il tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən Bakı Ali Məktəbinə müdavim kimi daxil olmuşdur. 23.02.1993-cü il tarixdə Ağdərə rayonunun Aterkə-Umudlu kəndində gedən döyüşlərdə itkin düşmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığının 16.04.1997-ci il tarixli Arayışından görünür ki, kursant X2 23.02.1993-cü il tarixində erməni işğalçıları ilə döyüşlərdə Ağdərə bölgəsində itkin düşmüşdür. İş materiallarında olan XİV-ЖГ seriyalı 410559 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, onun anası Ərizəçidır. İş materiallarında olan X1 SSSR vətəndaşı pasportunun surətindən görünür ki, X2 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 10 aprel 1997-ci il 423 nömrəli xəbərnamənin (F-№21) surətindən görünür ki, Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinin kursantı X3 23.02.1993-cü il tarixində Ağdərə rayonunda itkin düşmüşdür. İş materiallarında olan Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinin 10 aprel 1997-ci il tarixli 423 nömrəli xəbərnamə (F-№21) əlavə edilmiş şəxsi heyətin qaytarılmaz itkilərinin adlı siyahısından görünür ki, 18.09.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 23.02.1993-cü il tarixində Ağdərə rayonunda itkin düşmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasmda ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Normadan da görünur ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin ölümünə formal mülahizələrlə gümana əsaslanaraq, ölmüş elan edilə bilər. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Göründüyü kimi, ərizəçi X1 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Ərizəçi oğlu 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 312-316, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi - oğlu 18 sentyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuş oğlu X1 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar