Məhkəmə qərarları › İş №2(011)-5736/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5736/2021

02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5736/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07.07.2018-ci il tarixdə vəfat etmiş X2 onun xalası nəvəsi olması və miras qoyan X1 Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Çaparidze küçəsi ev 3, mənzil 20-də yerləşən, Azəraycan Respublikası ƏMDK tanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********23-05101-093007 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 1735 nömrəli reyestr kitabının 159488 nömrəli vərəqində 03.10.2012-ci ildə qeydə alınmış bir otaqlı mənzildən ibarət mirasın beşinci dərəcə qanun üzrə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsinin müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizə üzrə tələb qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın qəbul edilməsinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir, ərizə xüsusi icraat qaydasında verilmişdir, ərizəçi mirasın qəbul edilməsi ilə vərəsəlik şəhadətnaməsinin alınması üçün ılk növbədə mirasın açıldığı yerin notariat ofisinə, müraciətin nəticəsindən asılı olaraq müvafiq məhkəməyə müraciət etməli olduğu halda, ərizə ilə birbaşa məhkəməyə müraciət etmişdir ki, bu da ərizənin məhkəmə qaydasında baxılmasını istisna edir. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılmasının yolverilməzliyinə görə hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatının 2.2.2-ci bəndinə əsasən, dövlət notariat ofisləri inzibati orqan kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi müəyyən olunması nəzərdə tutulan hüquqi faktı əldə etməsi üçün əvvəlcə, maraqlı şəxs kimi cəlb edilmiş notariat ofisinə, bunun nəticəsindən asılı olaraq isə müvafiq məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı : Ərizəçi qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın qəbul edilməsinin faktının müəyyən olunması tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar