Məhkəmə qərarları › İş №2(011)-5743/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5743/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5743/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulma faktının və ata qrafasında Mahmudov Həsən, milliyyəti Azərbaycanlı, ana qrafasında X5, milliyyəti Azərbaycanlı olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1962- ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi naməlum vəziyyətdə itmişdir. O, yaranmış müharibə şəraiti ilə bağlı Azərbaycan Respublikasına köçmüş və məskunlaşmışdır. Hal-hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ondan doğum haqqında şəhadətnamə tələb olunur. Bununla bağlı 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa olunmasını xahiş etmişdir. Lakin, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/7-M-15xx-xx/2023 saylı məktubu ilə, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlərin təqdim olunmadığı üçün doğum haqqında akt qeydinin bərpa olunmasından imtina edilmişdir. Hal-hazırda mövcud olan müharibə şəraitində oraya sorğu göndərilməsinin qeyri-mümkün olması səbəbindən doğum haqqında akt qeydinin bərpa olunması üçün, onun Ermənistanda xx.xx.1962-ci il tarixdə anadan olmağı barədə doğum faktının tanınması məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi nümayəndəsi X6 məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı oluduğundan təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən Ərizəçi xx.xx.2023-cü il tarixində ünvanlanmış məktubdan görünür ki, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər təqdim olunmadığına görə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan AZ İ № 021722 saylı, xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixində Xanlar rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ İ № 372916 saylı, xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixində Xanlar rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi nikahı xx.xx.1987-ci il tarixində bağlanmışdır. Nikah haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Günəşli kəndində anadan olduğu qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 nikahı xx.xx.1964-ci il tarixində bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur, bacısı onun yoldaşıdır. Ərizəçinin doğum tarixini bilmir. Onların uşaqlığı bir yerdə keçib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi 1962-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Günəşli kəndində anadan olmuş, atası X12, anası isə X9 olmuşdur. Odur ki, ərizəçinin doğumun qeyd edilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi atası X13 milliyəti azərbaycanlı, anası X11 və milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar