Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5780/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 69,33 kv.m, yaşayış sahəsi 46,73 kv.m olan yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X6 və X10 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 69,33 kv.m, yaşayış sahəsi 46,73 kv.m olan yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (övladları X7 və X11 ilə birlikdə) ünvan 3 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı mülkiyyətində ünvan 4 ünvanında mülkiyyətində 3 otaqlı, ümumi sahəsi 69,33 kv.m , yaşayış sahəsi 46,73 kv.m olan ev vardır. Həmin ev tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 07 avqust 2023 - cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı atası X12 ilə nikaha daxil olmuş və həmin evdə atasıyla birlikdə yaşayıb. Hal hazırda da o, həmin evdə uşaqları ilə birlikdə yaşayır. Cavabdehin yaşayış binasından istifadə hüququnun olması daşınmaz əmlakın dövlət ryestrində qeydə alınmamışdır. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının Cavabdeh ilə ailə münasibətlərinə 2022 - ci ildən xitam verilmişdir, lakin o, iddiaçının evində yaşadığı üçün ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Onların arasında başqa hər hansı bir razılaşma yoxdur. Ona görədə iddiaçı, onun həmin mənzildən çıxarılmasını istəyir. Sonda Vəkil1 ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə X12 arasında 26 yanvar 2008-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu WADQ şöbəsində 73 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlanmış və AZ-İ № 379204 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Sonuncuların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X11 qeyd olunan mübahisəli mənzildə anadan olmuşlar. X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh 2008-ci ildə nikaha daxil olduğu gündən həmin mənzilə köçmüş və halhazıradək orada övladları ilə birlikdə yaşamaqdadır. Eyni zamanda mübahisəli mənzil üzrə bütün kommunal xərcləri Cavabdeh ödəyir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2024-cü il tarixli ******* Ne-li Arayışına əsasən. X7 qeyd olunan mənzildə qeydiyyatdadır. Beləliklə, Cavabdeh və övladlarının qeyd olunan mənzilə istifadə hüququ yaranmışdır. Hal-hazırda Cavabdeh Tovuz rayon, Həsənli kəndində - ata evində qeydiyyatdadır. Lakin onun qeydiyyatda olduğu ünvana qayıtması mümkün deyil. Odur ki, Cavabdeh, X1 və X5 hal-hazırda başqa yaşayış yeri yoxdur. 20 noyabr 2022-ci tarixdə vəfat etmiş X2 qalmış mirasın qəbulu ilə əlaqədar arvadı Cavabdeh ərizəsi əsasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 36 saylı notariat ofisində vərəsəlik işi də açılmışdır. Sonda Vəkil2 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 69,33 kv.m olan ünvan 6 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, X7, X3, X8, X4 ünvan 6 ünvanında qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan ərizələrdən görünür ki, X3, X8 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1B, 69 saylı mənzilin İddiaçı adında özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 26 saylı qərarından görünür ki, X12 və ailəsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1B, 69 saylı mənzil ilə təmin edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1B, 69 saylı mənzil İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 26 saylı qərarı əsasında iddiaçının atası X12 və ailə üzvlərinin istifadəsinə verilmiş, Cavabdeh 2008-ci ildə İddiaçı atası Vaqif Həsənov ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə gəlin köçmüşdür, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X11 doğulmuşdur, Cavabdeh və uşaqları həmin vaxtdan mübahisəli mənzildə yaşamışlar və hazırda da orada yaşayırlar, Sevinc Həsənli həmin mənzildə qeydiyyatdadır, Vaqif Həsənov 2022-ci il tarixdə vəfat etmişdir, bundan sonra xx.xx.2023-cü il tarixdə mübahisəli mənzil evdə rəsmi qeydiyyatda olan şəxslərdən (X7, X3, X8) ikisinin (X3, X8) notarial qaydada razılığı əsasında İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır, iddiaçı, atasının 2022-ci ildə vəfat etməsi ilə tərəflər arasındakı ailə münasibətlərinə xitam verildiyini, cavabdehin mübahisəli mənzildə hər hansı hüququnun olmadığını bildirir və iddiaçının mübahisəli mənzildən çıxarılmasını tələb edir, cavabdeh, uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqlarının tanınmasını tələb edir. Bununla belə, Cavabdeh və uşaqlarının mübahisəli mənzilə istifadə hüququnu istisna edən, habelə onun həmin mənzildən çıxarılmasını əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı münasibətlər 2008-ci ildə (2009-cu il oktyabrın 1-dən əvvəl) yarandığından, mənzil isə həmin dövrdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmadan iddiaçının atasına-cavabdehin ərinə order əsasında məxsus olduğundan yaranmış mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələr tətbiq edilməklə həll olunmalıdır. Həmin maddənin tələbləri baxımından, cavabdehin və onun uşaqlarının mübahisəli mənzilə köçürülməklə orada yaşaması nəticəsində onların mübahisəli mənzildə istifadə hüququ yaranmış, onlar yaşayış sahəsində yaşamaqda davam etdiyindən ailə üzvləri sırasından çıxmasına baxmayaraq bu hüquq itirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə, ilkin iddia üzrə iddiaçının (vəkilinin) “tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin, qüvvədə olan Mənzil Məcəlləsinin 29.1 və 30.4-cü maddələrinin tətbiq olunması – iddiaçının mənzilin mülkiyyətçisi olması, cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi, cavabdehin mənzildən istifadə hüququna dair onun razılığının tələb olunması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla, iddiaçı, özünün mənzilin mülkiyyətçisi olması halına əsaslansa da, tərəflər arasındakı münasibətlər 2008-ci il tarixdə cavabdehin iddiaçının atası ilə evlənməsi və mübahisəli mənzilə köçməsi ilə yaranmışdır və həmin vaxt mənzilə ailə üzvərindən hər hansı birinin tam mülkiyyət hüququ olmamışdır ki, bu hal da tərəflər arasındakı mübahisənin iddiaçının əsaslandığı Mülki Məcəllənin normaları ilə tənzimlənməsini istisna edir, ikincisi, iddiaçı mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququnu atasına qərar (order) əsasında məxsus olmuş mənzilin özəlləşdirilməsi nəticəsində əldə etmiş, özəlləşdirmə aparılarkən isə həmin mənzildə faktiki yaşayan və mənzildən istifadə hüququ olan cavabdehlərin razılığı alınmaması, onun həmin mənzildən istifadə hüququnun xitamı üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, vəkilin bu barədə dəlilləri əsaslı deyildir və məhkəmə tərəfindən nəzərə alına bilməz. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il Qərarları). Konstitusiya Məhkəməsinin digər bir mövqeyinə görə, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il və xx.xx.2008-ci il Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir...Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X6 və X10 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 69,33 kv.m, yaşayış sahəsi 46,73 kv.m olan yaşayış evindən çıxarılması” barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh (övladları X7 və X11 ilə birlikdə) Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ev 18, 69 nömrəli mənzilə istifadə hüquqları tanınmalıdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumunları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X6 və X10 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 69,33 kv.m, yaşayış sahəsi 46,73 kv.m olan yaşayış evindən çıxarılması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh (uşaqları X7 və X11 ilə birlikdə) Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ev 18, 69 saylı mənzilə istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5780/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5780/2024
28.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver