Məhkəmə qərarları › İş №2(011)-579/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-579/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-579/2020 14.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddiaçının Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, yeni salınmış yaşayış kompleksi, F blok, mənzil 856 ünvanında yerləşən mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydalarını müəyyən edərək, mənzilin bir otağının iddiaçının istifadəsinə verilməsi və mənzilin mətbəxi, sanıtar qovşağı, dəhlizi və eyvanının ümumi istifadədə saxlanılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün olduğuna görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 856 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, yeni salınmış yaşayış kompleksi, F bloku, mənzil 856 ünvanında yerləşən iki otaqlı, 88,65 kv.m sahəsi olan mənzil verilmişdir. İddiaçı Cavabdeh və iki uşağı ilə birlikdə həmin mənzilə köçərərək orada yaşamağa başlamışdır. Lakin bir müddət əvvəl cavabdehlə iddiaçı arasında münasibətləri pozulmuşdur və cavabdeh ata-anası ilə birlikdə mənzilin giriş qapısının qıfılını dəyişmiş və iddiaçının mənzil daxil olması mümkünsüz olmuşdur. Cavabdeh iddiaçını mənzili buraxmamışdır. Bunun nəticəsində iddiaçının hüquqları pozulmuş, o, yaşayış yerindən qanunsuz olaraq məhrum edilmişdir. İddiaçının digər yaşayış yeri yoxdur. İddiaçı qeyd etmişdir ki, mənzil iki otaqdan ibarətdir. O, mənzilə köçürüləcəyi təqdirdə cavabdeh tərəfindən iddiaçının yaşayış sahəsindən istifadə edilməsinə törədiləcək maneələrin aradan qaldırılması üçün, mübahisəli yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilməlidir. Belə ki, mənzilin bir otağı iddiaçının istifadəsinə verilməli və köməkçi sahələr ümumi istifadədə saxlanılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında xx xxxxxx 2018-ci il tarixində 856 nömrəli “Xüsusi təyinatlı yaşayış shəsinin kirayə müqaviləsi”nin bağlanılmışdır. Həmin müqaviləyə əsasən kirayə verən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ərazisində yeni salınmış yaşayış kompleksi, F bloku, mənzil 856 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün müvvəqəti olaraq kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə kirayəçinin ailə üzvləri kimi Cavabdeh, X5, X2 göstərilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3972 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksinin, F blok, ümumi sahəsi 86,65 kv. Metr olan 856 nömrəli mənzilin naturada iki hissəy bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2., 2.4, 2.9-cü bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyil. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir: Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.4-cü maddəsinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə bağlanılmış xx xxxxxx 2018-ci il tarixli 856 nömrəli “Xüsusi təyinatlı yaşayış shəsinin kirayə müqaviləsi”nə əsasən mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksinin, F blok, ümumi sahəsi 86,65 kv. metr olan 856 nömrəli mənzildə yaşamaq hüququnu əldə etmişdir və Cavabdeh iddiaçının mübahisəli yaşayış sahəsində yaşamaq, həmin sahədən sərbəst istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Odur ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksinin, F blok, ümumi sahəsi 86,65 kv. metr olan 856 nömrəli mənzildə köçürülməlidir. Məhkəmə iddianın mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını müəyyən edərək, mənzilin bir otağının iddiaçının istifadəsinə verilməsi və mənzilin mətbəxi, sanitar qovşağı, dəhlizi və eyvanının ümumi istifadədə saxlanılması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, istifadə qaydasının müəyyən edilməsi dedikdə tərəflərin yaşayış sahəsindən bir-birindən təcrid edilmiş qaydada istifadəsi başa düşülür. Məhkəmə mübahisəli evin faktiki vəziyyətini, evə yalnız bir sanitar qovşağın və mətbəxin olduğunu, otaq qapılarının mövcud olmadığını nəzərə alaraq hesab edir ki, mübahisəli evin qonaq otağının iddiaçının istifadəsinə verməklə istifadə qaydalarının müəyyən edilməsi texniki cəhətdən mümkün deyil. Odur ki, iddia əsassız hesab edilərək təmin edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki-prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, yeni salınmış yaşayış kompleksi, F blok, mənzil 856 ünvanında yerləşən mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar