Məhkəmə qərarları › İş №2(011)-580/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-580/2021

05.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-580/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı tənbeh tədbiri barədə əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı axırıncı xəbərdarlıq edilməklə “şiddətli töhmət” verilməsi barədə “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli SOCAR**********0020A00045 saylı əmrinin ləğv edilməsi, vurulmuş maddi ziyana görə 5000 beş min manat və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh” İstehsalat Birliyi Baş Direktorun Satış və İstismar üzrə müavini Cavid Hüseynovun xx.xx.2020-ci il tarixli N: SOCAR**********0020A00045 saylı Əmrinə əsasən guya iddiaçı öz əmək funksiyasını yerinə yetirmədiyinə və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı 2017-ci ilin yanvar ayından Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi Texniki İstismarı Xidmətində Çilingər peşəsində işləyir, bu müddətdə daimi öz vəzifəsini vicdanla və‘‘Peşə Təlimatına” uyğun yerin yetirmişdir. xx.xx.2020-ci ildə Bakı şəhəri Səbail rayon Qaz İstismar Departamentinə Bakı Regional İstismarı Departamentindən Rejimlərə Nəzarət Xidmətinin işçisi Nizami adlı şəxs iddiaçının istifadəsində olan 055 *** ** ** nömrəyə zəng edib harada olduğunu soruşmuş və iddiaçı cavabında bildirmişdir ki, işləyir. Səhəri gün Nizami saat 10 radalərində Səbail rayon qaz idarəsinə gəlmiş və bildirmişdir ki, “Rejimlərdən” gəlib, birlikdə “rejimlərə" baxmağı təklif edir. Həınin vaxt iddiaçı ona bildirmişdir ki, iddiaçı çilingər kimi tək onunla baxış keçirmək üçün işlədiyi xidmətin rəhbərliyinə məlumat verməliydir və bununla əlaqədar rəhbərliyə bildirmişdir və xahiş etmişdir ki, Xidmətin Rəisinə zəng edib bu barədə ona məlumat versin və baxış keçirmək üçün çilingərdən əlavə usta və mühəndisin də iştirakı vacibdir. Nizami də öz növbəsində bildirmişdir ki, rəisləri Rauf müəllimə məlumat verdiyini demişdir. Həmin vaxt və xidmət göstərdiyi ərazidə mühəndis və usta olmadan, lakin rejimlərdən Nizami müəllimlə birlikdə qrafikində yazılan gün ərzində qrafiklə təyin olunmuş 9 tənzimləyici şkafları nəzarətdən keçirmişlər. Ünvanlar bunlardır: Ş.Şamil 14, Lermontov 107, Lermontov 113-117, Ş.Şamil 16, Ş.Şamil 18, B.Sərdarov 9,B.Sərdarov 14, B.Sərdarov 16, B.Sərdarov 17. Göstərilən Qaz şkaflarını nəzarətdən keçirdikdən sonra Həsən Abdullayev və İstiqlaliyyət 3-5 ünvanlarında yaşayan abonentlər iddiaçını çöldə görüb və ayrı-ayrılıqda yaxınlaşıb, bildirmişdirlər ki, mənzilə verilən qazın təzyiqi aşağıdır. Ona görə ondan kömək istədilər. Belə olan təqdirdə iddiaçı qazın təzyiqini aydınlaşdırmaq üçün Rejimlərdən gələn Nizami müəllimə bildirmişdir və razılıq əsasında göstərilən ünvana getmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Rejimlərdən gələn Nizami adlı şəxs Rəhbərliyə səhv məlumat vermiş və onun barəsində əsassız şikayət etmişdir. İşlədiyi müəssiənin Rəhbəri Rauf müəllim ondan izahat almadan və işin dəqiq araşdırılmasını aparmadan Xidmətin Rəhbərliyinə məlumat (təqdimat) yazmışdır. Bir neçə gündən sonra BRQİD-nin X1 Qəşəm adlı şəxs iddiaçının rəisi və ustasına iddiaçının Nizami rayon Departamentinə gəlməyini bildirmişdir. İddiaçı Departamentə gedərək Qəşəm müəllimlə tək-bətək görüşmüş və həmin vaxtı Qəşəm müəllim ondan izahat yazmağını tələb etmiş, lakin iddiaçı heç bir əsas olmadan nə üçün ona izahat yazmalı olduğunu bildirmiş və onun otağını tərk elmişdir. xx.xx.2020-ci ildə , Mərkəz TİX-nin rəisi Rauf müəllim, BRQİD-nın hüquqşünası iddiaçı ilə bağlı məsələni obyektiv araşdırmadan onun barəsində səhv rəy bildirmiş və ona görə “Azərqaz“ İB-nın müavini Cahid Hüseynov iddiaçı barədə səhv rəy əsasında axırıncı xəbərdarlıqla Şiddətli Töhmət vermişdir. İddiaçı barədə obyektiv araşdırma aparılmamış və xidmət etdiyi ərazidə sakinlərə verilən qazın tənzimlənməsi, paylayıcı qurğuların sazlığı, qaz təzyiqinin norması, boru kəmərlərində qaz sızma hallarının olub-olmaması və qaz istismarına nəzarətin səviyyəsi, qaz kəmərinin qoruq zonasınına əməl olunub-olunmamasına və.s. halların müəyyən edilməsi baxımından mühəndis və usta heyətinin izahatları götürülməmişdir. Eyni zamanda iddiaçıya qarşı tətbiq edilən intizam tədbiri onun nüfuzuna mənfi təsir etmiş və il ərzində müəssisənin xeyrinə gördüyü işə görə, əsassız qaz istifadə edənlərin qarşısını aldığına görə və qanusuz qaz istifadəçilərdən tutulan cərimə pulundan daxili qaydalara əsasən ona ödənilməli (05%-dən 10%-ə kimi) mükafatdan mərhum olmuşdur. Hazırda onun hesablamalarına əsasən həmin məbləğ 5000 manat təşkil edir. Həmçinin, cavabdehin əsasız əmri onun müəssisə daxili nüfuzuna mənfi təsir etmiş və kollektivdə nüfuzu aşağılanmışdır. Ona görə hesab edir ki, cavabdehin ona qarşı qərəzli hərəkəti onun mənəvi zərərçəkməyi kimi qiymətləndirilməlidir. Ona vurulmuş mənəvi zərəri 20.000 (iyirmi min) kimi qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İşçilərin vəzifə təlimatının yerinə yetirilməməsi barədə” xx.xx.2020-ci il tarixli Xidməti yazıya əsasən “Cavabdeh” İB-nin Mərkəzi rayonlar üzrə TİX-nin rəisi Rauf Qasımov, “Cavabdeh” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Zamin Mehrəliyevə müraciət edərək, 19 08.2020-cı il tarixində BRQİD-nın rejimlərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən TİX-nin qaz avadanlıqlarının təmiri və istismar üzrə çilingərləri X3 oglu və İddiaçı ilə birikdə xidmət etdiyi ərazidə qaz tənzimləyicilərə baxış keçirildiyi zaman neqativ hallar aşkarlanmışdır. Belə ki, qaz tənzimləyicilərdə çıxış hissəsində normadan artıq təzyiq olduğu məlum olmuşdur. İşçilər bərəsində ciddi tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verməyini xahiş edir. İş materiallarında olan “İntizam tənbehinin verilməsi haqqında” Xidməti yazıya əsasən “Cavabdeh” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Zamin Mehrəliyev, “Cavabdeh” İB-nin baş direktoru cənab Ruslan Əliyevə müraciət edərək, Birliyin BRQİD-nin Mərkəzi rayonlar üzrə TİX-nin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsinə münasibət bildirməyini xahiş edir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli İntizam tənbehinin verilməsi haqqında əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarına əməl etmədiyinə görə Birliyin BRQİD-nin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan “Müraciətə baxılması barədə” məktuba əsasən “Cavabdeh” İB-nin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Zamin Mehrəliyevə müraciət edərək bildirmişdir ki, “Cavabdeh” İstehsalat Birliyinə daxil olmuş Afət Zeynalovanın qeyd olunan ünvanda 2-ci sayğacın quraşdırılması ilə bağlı BRQİD-nin işçisi İddiaçı ödənilən məbləğ barədə (daxil olma:SOCAR**********10210033AZ00073 nömrəli. xx.xx.2020-ci il tarixli) müraciəti baxılması üçün göndərilir. Bununla əlaqədar olaraq müraciətin araşdırılması, zərurət olduğu halda müvafiq tədbirlərin görülməsi, nəticəsi barədə vətəndaşa və Birliyə cavab verilməsi Bakı Regional Qaz İstismarı Departamentinə tapşırılır. İş materiallarında olan İşdən öncə təlimatlandırma vərəqinə əsasən çilingər vəzifəsini yerinə yetirən İddiaçı xx.xx.2020-ci il tarixdə saat 9:00-dan 18:00-dək olan iş vaxtı üzrə təlimatlandırılmışdır. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin Baş direktorunun təsdiq etdiyi Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nərimanov, Nizami, Suraxanı, Xəzər və Mərkəzi (Səbail və Yasamal) rayonları üzrə Texniki İstismar xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin Peşə təlimatına əsasən çilingərin işinin xüsusiyyəti: Xidmət göstərdiyi ərazidə qaz xətləri və avadanlıqlara gəzmə üsulu ilə baxış keçirmək və nəzarət etmək; Şəbəkəyə ötürülən qazın təzyiqlərinin tənzimlənməsinə və rejimlərə nəzarəti təmin etmək; Xidmət göstərdiyi ərazidə qaz kəmərləri və avadanlıqlarında baş verən qaz sızmalarını aşkar etmək; Xidmət göstərdiyi ərazidə qaz kəmərlərinin qoruq zonasının pozulması hallarının qarşısını almaq və xidmət rəhbərliyinə məlumat vermək; Qaz kəmərlərinə qeyri-qanuni qoşulmalar və hər hansı müdaxilələrin olmasına yol verməmək aşkar edildiyi halda dərhal müvafiq tədbirlər görmək və xidmət rəhbərliyinə məlumat vermək; Qaz kəmərlərində baş vermiş qəza hallarının qarşısının alınması məqsədilə təhlukəsizlik tədbirləri görmək, xidmət rəhbərliyinə məlumat vermək; Yeni çəkilmiş qaz kəmərlərinin və avadanlıqlarının şəbəkəyə qoşulması hermetikliyinin yoxlanılması, onların üfürülməsi, qazın tənzimlənərək şəbəkəyə ötürülməsini təmin etmək; Xidmət göstərdiyi ərazidə istismardan çıxarılmış qaz xətləri və avadanlıqların qorunub saxlanılmasına nəzarət etmək. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” bildirişə əsasən “Cavabdeh” İstehsalat Birliyi Bakı X2 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli 19 nömrəli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatdığından AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən həmin müqavilə xx.xx.2021-ci il tarixdən etibarən ləğv ediləcək və tərəflər arasında əmək münasibətlərinə xitam veriləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirmədiyinə görə İddiaçı xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 183-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir: a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı; b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları; ç) əmək şəraitinin təmin edilməsi qaydaları; d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları; e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Mülki işin faktiki hallarına əsasən müəyyən edilir ki, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli İşdən öncə təlimatlandırma vərəqinə İddiaçı tərəfindən imza edilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, çilingər İddiaçı vəzifə öhdəliklərini, müəssisə daxilində deyil, xidmət göstərdiyi ərazidə qaz xətləri və avadanlıqlara gəzmə üsulu ilə baxış keçirərək yerinə yetimişdir. Cavabdeh “Cavabdeh” İB iddiaçının xx.xx.2020-ci il tarixdə xidməti ərazini tərk etdiyinə istinad etsə də, bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı vəzifə təlimatına zidd olaraq təhkim edilmiş xidməti ərazini iş vaxtı ərzində tərk etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, xx.xx.2020-ci il tarixində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, məhkəmə belə qənaət gəlir ki, işəgötürən “Cavabdeh” İstehsalat Birliyi tərəfindən cavabdeh barəsində qeyd edilən intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməməlidir. Belə ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsi və ya əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi faktı mülki işin araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək İddiaçı axırıncı xəbərdarlıq edilməklə “şiddətli töhmət” verilməsi barədə “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli SOCAR**********0020A00045 saylı əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbini vurulmuş maddi ziyana görə 5000 beş min manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən qeyd edilən halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia tələbini mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 20000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı axırıncı xəbərdarlıq edilməklə “şiddətli töhmət” verilməsi barədə “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli SOCAR**********0020A00045 saylı əmri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar