Məhkəmə qərarları › İş №2(011)-5826/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5826/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5826/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Ərizəçi, Ərizəçi doğum haqqında şəhadətnaməsində babasının adının səhvən “Murad” kimi qeyd edilən baba adının “Muxtar” adı ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizəçi məhkəməyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etsə də, onun tələbi faktın müəyyən edilməsi ilə bağlı deyil. Belə ki, fakt həqiqətən baş vermiş hadisə, reallıqda mövcud olan hal deməkdir. Hüquqi əhəmiyyətli fakt isə yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Hüquqi faktlarla qanun fiziki və hüquqi şəxslərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hazırkı tələbi təhlil edərək məhkəmə müəyyən edir ki, doğum haqqında şəhadətnamədə baba adının dəyişdirilməsi və hər iki adın eyni şəxsə məxsus olması, olması hüquqi anlamda fakt deyil. Məhkəmə izah edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yalnışlıqara yol verildiyi halda şəxs hüquqi əhəmiyyəti ola faktın müəyyən edilməsi ilə bağlı deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən hakim, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar