Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5827/2020 02.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdehin vəkili Əhmədov Rövşən Bəkir oğlunun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa haqqında qərar qəbul edilməsi, ödənilməmiş orta əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən azad edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli 101/2020 saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. O, jurnalistdir. Daha çox idman jurnalistikası ilə məşğul olmuşdur. O, 2015-ci ildən 2018-ci ilə qədər “sportal.az” saytında çalışmışdır. İddiaçı 2018-ci ilin iyulun sonundan Cavabdeh MMC-yə daxil olan milli.az saytında jurnalist kimi fəaliyyətə başlamışdır. İddiaçı 2019-cu il 23 dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində Seçkilərin Monitorinqi və X1 vətəndaş cəmiyyəti təşkilatının könüllüsü kimi müşahidəçi olmaq üçün MSK-ya müraciət etmişdir və müşahidəçi kimi qeydiyyatdan keçmişdir. xx xxxxxx 2020-ci ildə seçki günü o, müşahidəçi olaraq Masallı rayonunun Şatıroba kəndində seçki məntəqəsində çox sayda qanun pozuntuları müşahidə etmiş və baş verən pozuntu halları ilə bağlı facebook profilində məlumatlar və tənqidi postlar paylaşmışdır. xx xxxxxx 2019-cu ildə iddiaçı işə getmiş, saytın baş redaktoru Anar İmanov və onun müavini Elçin Alıoğlu seçki pozuntularını facebook profili vasitəsilə ictimailəşdirdiyi üçün iddiaçıya irad bildirmişlər, ondan paylaşdığı şəkil və statusları silməsini tələb etmişlər. İddiaçı isə onların tələbini qəbul edə bilməyəcəyini bildirmişdir. İddiaçı 09 fevral növbədənkənar prezident seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsində müşahidəçi olmuşdur. Bu dəfə də baş vermiş qanunsuzluqlar və seçki pozuntuları ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edərək pozuntuları ictimailəşdirmişdir. Seçki bitdikdən sonra xx xxxxxx 2020-ci ildə iddiaçı yenidən işə getmişdir. Saytın rəhbəri Anar İmanov seçki günü baş verən pozuntularla bağlı sosial şəbəkələrdəki paylaşımlarına görə iddiaçıya növbəti dəfə iradını bildirmiş və bunun sonuncu xəbərdarlıq olduğunu diqqətinə çatdırmışlar. İddiaçı işini itirməmək üçün facebookda 3 ay xx xxx 2020-ci ilə qədər hakimiyyəti tənqid edən statuslar yazmağını dayandırmışdır. xx xxxxx 2020-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun həbs edilməsi ilə bağlı hadisələrdə iddiaçı onun həbsini qınayan statuslar və dəstək fotosu paylaşmışdır. İddiaçı xx xxx 2020-ci ildə növbəti dəfə Milli.az saytının baş redaktoru Anar İmanov ilə görüşmüş, o iddiaçıya onun işdən azad edilməsi ilə bağlı qərar veriləcəyini bildirmişdir. xx xxx 2020-ci ildə Anar İmanov iddiaçıdan öz ərizəsi ilə işdən çıxmasını tələb etmişdir. İddiaçı qəti şəkildə imtina etmişdir. xx xxx 2020-ci ildə artıq iddiaçıya işə çıxmağa icazə verilmədiyi üçün o İsmayıllı rayonuna getmişdir. xx xxxx 2020-ci ildə Anar İmanov iddiaçıya işdən azad olunduğunu bildirmişdir. İşdən azad edilsə də, ona işdən azad edilməsi ilə bağlı əmr verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin vəkili Əhmədov Rövşən Bəkir oğlu iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. O, izahatında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMCyə müxbir vəzifəsinə qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. İşçinin əsas vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə pozulmuş öhdəliklərin onun təqsiri üzündən baş vermədiyini, işdən azad edilməsinin əsasını siyasi görüşləri ilə bağlı etdiyi paylaşımların təşkil etdiyini bildirsə də, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. İddiaçı 2020-ci ilin 19 may tarixində heç bir əsaslı səbəb olmadan işə gəlməmiş, bununla da əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. İşəgötürən tərəfindən xx xxx 2020-ci il tarixdə iddiaçıya heç bir üzrlü səbəb olmadan xx xxx 2020-ci il tarixdə saat 09:00-dan 18:00-dək iş yerində olmadığı üçün xəbərdarlıq edilmiş, həmin bildiriş iddiaçı tərəfindən imza edilmişdir. xx xxx 2020-ci il tarixdə işəgötürən tərəfindən İddiaçı fəaliyyəti ilə bağlı Cavabdeh media şirkətinə xidməti məruzə edilmiş, onun öz vəzifə öhdəliklərini yerinə yetirməməsi, tapşırılmış işin öhdəsindən gəlməməsi, tutduğu vəzifədən kənarlaşdırılmasının məqbul hesab edilməsi qeyd edilmişdir. xx xxx 2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Daha sonra xx xxxx 2020-ci il tarixdə işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Cavabdeh təşkilat tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsində təsbit olunmuş hər hansı normanın pozulması müəyyən edilməmişdir. Mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və qanunauyğun olmuşdur. İddiaçı üzrlü səbəb olmadan işə gəlməməklə, öz vəzifə öhdəliklərini vaxtında və düzgün icra etməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş və işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə ləğv etməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə sübut olunmuşdur ki, iddiaçı cavabdeh şirkət tərəfindən onun barəsində çıxarılmış xx xxxx 2020-ci il tarixli əmrdən məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmişdir. Bu fakt iddiaçının özü tərəfindən də etiraf edilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə işdən azad olunduğunu bildiyi (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, 28 avqust 2020-ci il tarixdə, yəni 2 aydan çox müddət keçdikdən sonra ilk dəfə Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsi geri qaytarılmış, daha sonra iddiaçı eyni tələblə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, İddiaçı siyasi görüşləri əsas götürülərək işdən azad edilməsi halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı öz əmək vəzifələrini vaxtında və düzgün yerinə yetirmədiyindən, heç bir üzrlü səbəb olmadan işə gəlmədiyindən, əmək intizamını kobud surətdə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixli əmrlə xitam verilmişdir. Eyni zamanda iddiaçı əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür, odur ki, hazırkı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı-cavabdehin işdən azad edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli 101/2020 saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz işdən çıxarılması müddətindən başlayaraq işə bərpa olunduğu günə qədər olan dövr üçün ona orta aylıq əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5827/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5827/2020
02.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver