Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-584/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Mahmudali oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxalılma tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mahmudali oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxalılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzilindən çıxarılması, 100 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 200 manat və etibarnamə üçün ödənilmiş 12 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzili Yasamal rayonu X1 İcrayə Komitəsi tərəfindən 004532 nömrəli 09.07.1992-ci il tarixli orderlə ona və ailə üzvlərinə verilmişdir. Lakin Şuşa rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 ona verilmiş mənzili qanunsuz olaraq zəbt edərək, orada məskunlaşmışdığından bu günədək öz mənzilinə köçə bilməmişdir. Dövlət tərəfindən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət proqramı qəbul edilmişdir. Həmin proqramın icras ilə əlaqədar olaraq qaçqınlar və məcburi köçkünlərin mənzil, sosial və digər şəraitlərinin yaxşılaşdırılması məqsədilə onlar üçün ölkəmizin müxtəlif yerlərində qaçqın şəhərcikləri salınmış, müasir tipli evlər tikilmiş və qaçqın ailələri həmin mənzillərə köçürülmüşlər. Onun və ailəsinin mənzilə ehtiyacı olmasına baxmayaraq ayrılmış mənzildə məcburi köçkünlərin yaşaması səbəbindən uzun illərdir ki, öz mənzilində yaşaya bilmir. Bu isə konstitusion hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 004532 nömrəli 09.07.1992-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 mənzili İddiaçı Mahmudali oğluna və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 24.01.2022-ci il tarixli, 74 saylı arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 mənzili order əsasında İddiaçı Mahmudali oğluna məxsusdur. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 02.11.2021-ci il tarixli, 917 saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 mənzilində Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hazırkı mübahisənin həllində 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 10-cu və 28-ci maddələrində nəzərdə tutulur ki, Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər. Bu, eyni zamanda vətəndaşlara mənzillər üzərində sahiblik hüququnun verilməsini də özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165.1-ci maddəsinin tələbinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqca sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zülfəli Hüseynov Azərbaycana qarşı işi üzrə Avropa Məlakəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququrna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hər-hansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, Məhkəmədə müəyyən edilməmişdir...ərizəçi həddən artıq fərdi vük daşımağa məcbur edilmisdir. Səlahiyyətli orqanlar, məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsinin verilməsi üzrə cəmiyyətin ümumi marağı ilə ərizəçinin mülkiyyətdən dinc istifadə hüququ arasında tələb olunan ədalətli tarazlığı təmin etməmişlər. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus olan mənzili 20 il müddətində zəbt etmələri və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Mahmudali oğlunun qanuni sahibliyində və istifadəsində olan mənzil üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 200 manat məbləğini ağlabatan məbləğ hesab edir və iddia tələbini həmin hissədə təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.10.2021-ci il tarixli və 01.11.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı Mahmudali oğlu tərəfindən 100 manat dövlət rüsumu və etibarnamə üçün 12 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsümu və etibarnamə üçün ödənilmiş 12 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Mahmudali oğlunun qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzilindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat, 100 (bir yüz) manat dövlət rüsumu və etibarnamə üçün ödənilmiş 12 (on iki) manat tutularaq İddiaçı Mahmudali oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-584/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-584/2022
03.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver