Məhkəmə qərarları › İş №2(011)-5850/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5850/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5850/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs kimi AR Ədliyyə Nazirliyi 2 saylı Bakı “Asan Xidmət” X1ni cəlb etdiyi “doğumun qeydə alınması və ad verilməsi barədə” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs kimi AR Ədliyyə Nazirliyi 2 saylı Bakı “Asan Xidmət” X1ni cəlb edərək 02.06.2021-ci il təvəllüdlü övladlarının doğumunun qeydə alınması və ona “Muhəmmədəli” adının verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki,.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2.), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3.) iddialara baxılır. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizəsi üzrə tələbi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” X1 tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılmasından imtina olunması ilə bağlı olduğundan hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də ərizənin yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə izah edir ki, ərizənin qəbul etməkdən imtina edilməsi ərizəçiyə inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs kimi AR Ədliyyə Nazirliyi 2 saylı Bakı “Asan Xidmət” X1ni cəlb etdiyi “doğumun qeydə alınması və ad verilməsi barədə iddianın yolverilməzliyinə görə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçilərə izah olunsun ki, ərizənin ümumi məhkəmədə baxılmalı olmadığından qəbul etməkdən imtina edilməsi ərizəçiyə inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar