Məhkəmə qərarları › İş №2(011)-5922/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5922/2024

30.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5922/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nın cavabdehlər Cavabdeh1 və Abdullayeva (Qasımova) Rövşanə Şamil qızına qarşı (Qaçqınların və X5 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ cavabdehlər Cavabdeh1 və Abdullayeva (Qasımova) Rövşanə Şamil qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən 3 saylı tələbə yataqxanasının 93 nömrəli otağının qanunsuz olaraq zəbt etmiş cavabdehlər xx.xx.1996-cı il təvəllüdlü X2 və onun arvadı xx.xx.2003-cü il təvəllüdlü Abdullayeva (Qasımova) Rövşanə Şamil qızının otaqdan çıxarılmaları və otağın açarlarının komendata təhvil verilməsi və onların məzillə təmin olunması vəzifəsini Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Dövlət Dəniz Akademiyası” X20nin ünvan 2 ünvanında yerləşən 3 saylı yataqxanasında Respublikanın müxtəlif rayonlarından məcburi köçkün statusu olan vətəndaşlar məskunlaşmış ve bu səbəbdən “Azərbaycan Dövlət Dəniz Akademiyası” X20 və “Azərbaycan Dənizçilik Kolleci” X20 ehtiyacı olan tələbələri xeyli müddətdir ki,yataqxanada yaşamaq hüququndan istifadə edə bilmirlər. Hal-hazırda qeyd olunan ünvanda məskunlaşmış Füzuli rayonundan məcburi köçkün X10 “ADDA” X21 məxsus 3 saylı yataqxananın 93 nömrəli otağını özbaşına qanunsuz olaraq, Cavabdeh1, onun həyat yoldaşı X3 və onların övladı xx.xx.2023-cü il təvəllüdlü X4 istifadəsinə vermişdir. Hazırda həmin otaqda bir sıra qanunsuz təmir və tikinti işləri aparılır. Bu barədə vətəndaşa və Xətai rayon Polis İdarəsinə məlumat verilmiş, Akt tərtib edilmişdir. Adı çəkilən şəxslərin mənzillə təmin olunub olmadığı haqqında AR-nın Qaçqın və X9 üzrə Dövlət Komitəsinə xx.xx.2024-cü il tarixdə müraciət olunmuşdur. Tərəflərindən cavabdehlərə otağın boşaldılması barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, bildiriş şəxsən Cavabdeh1 tərəfindən imzalansada, onlar bildirişə əhəmiyyət verməmiş, əksinə təmir işlərini davam etdirmişlər. Sözügedən bina qəzalı vəziyyətdədir, orada tikinti təmir işləri aparılarkən hər an sakinlərin həyat və sağlamlıqları təhlükə altında qala bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz edərək, izahatlarında bildirmişlər ki, qaçqın olmaları ilə bağlı sənədləri iddiaçıya təqdim etmişlər. Hazırda Ağdam rayonunda evləri tikilir. 3-5 il onlara vaxt lazımdır, evləri təhvil verildikdən sonra ordan çıxacaqlar. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan: İş materiallarında olan “Mygov” portalından verilmiş arayışdan görünür ki, Cavabdeh1 məcburi köçkün statusu vardır. İş materiallarında olan Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) PHŞ tərəfindən X6 və X8 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onların məskunlaşdığı 2 otaqdan 1-ni qanunsuz və əsassız olaraq məcburi köçkün olmayan və həmin binada yaşamayan şəxsiyyət vəsiqəsi komendata təqdim edilən (X11, AA 4040686, 1RP0GBZ, xx.xx.1959-cu il təvəllüdlü) şəxsin istifadəsinə verildiyi qeyd olunmuşdur. Özbaşına yataqxanaya məxsus otağı heç bir hüquqmüəyyənedici sənəd olmadığı halda başqa şəxslərin istifadəsinə verilməsi əsassızdır və hüquqi məsuliyyət yaradır. İş materiallarında olan Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, X15 İdarəsinin məktubu və Dənizçilik Akademiyasının təsdiq edilmiş siyahısı əsas götürülərək X18 İdarəsinin Dənizçilik Akademiyasının Tədris korpusunun yataqxanasına texniki pasport verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 93 nömrəli otaq həmin yerdə yaşayan Səlimov Daşqın tərəfindən Cavabdeh1 və onun həyat yoldaşı X3 istifadəsinə verilmişdir. Hazırda həmin otaqda çürümüş qapını və bir sıra təmir işləri aparılır. Onlara izah olundu ki, yataqxanada yalnız qanuni əsaslarla yaşamaq mümkün olur. Qeyd olunan ki, Səbuhi və onun həyat yoldaşı Rövşanə həmin otaqda müvəqqəti yaşamaq istəyirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ADDA-nın prorektoru ünvan 5 ünvanında yerləşən 3 nömrəli yataqxanasında 4-cü mərtəbədə istifadəsində olmaqla müvəqqəti olaraq yaşayan X10 həmin mənzilin iki otağından birini özbaşına olaraq naməlum şəxsə verməsi barədə Bakı şəhəri Xətai RPİ-nin TŞ-yə müraciət etmiş, lakin müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından cinayət işin başlanılması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, AzərbaycanRespublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyəthüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını və məhkəmə iclasında tərəflərin verdiyi izahatları məcmu şəkilində qiymətləndirərək, hesab edir ki, iddia cavabdehlərin mənzildən çıxarılması və açarların kommendata təhvil verilməsi hissəsində əsaslıdır. Buna görə də iddia yalnız həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 3 saylı yataqxana iddiaçı Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nin balansındandır. Adıçəkilən yataqxananın 3 nömrəli otağında Cavabdeh1 və onun arvadı Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Məhkəmə xüsusilə vurğulayır ki, hazırda mübahisə predmenti xüsusi təyinatlı yaşayış sahəsi olan yataqxananın yaşayış sahəsidir və mülkiyyətçi adından çıxış edən orqan isə Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-dür. Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsini təmin edən 157.2-ci maddəsinin mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin müəyyən olunması zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması. Hazırkı mübahisədə isə yuxarıda adıçəkilən hər üç şərt ödənilmişdir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlərin həmin yataqxana otağından istifadə hüququnu göstərən müqavilə mövcud deyildir. Belə ki, məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir/ Mülki prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məhkəmə iddia tələblərinin “cavabdehlərin mənzillə təmin olunması vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” hissəsində hesab edir ki, əsaslı deyildir. Belə ki, iddia tələbinin bu hissəsi inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Hər hansı inzibati orqanın üzərinə öhdəlik qoyulması ümumi məhkəmənin səlahiyyətləri xaricindədir. Odur ki, iddia tələbləri bu hissədə təmin edilməməlidir. İddia həmin hissədə həmçinin ona görə təmin edilməməlidir ki, cavabdehlərin mənzillə təmin olunması barədə iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, məcburi köçkün və qaçqınların yaşayış sahəsi, habelə müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi qaydası qanunvericiliklə tənzimlənmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə məcburi köçkünlərin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin balansında olan mənzil fondundan evlə təmin edilməsi ilə bağlı müraciət hüququ elə məcburi köçkünlərin özünə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, ünvan 6 ünvanında yerləşən 3 saylı yataqxananın 3 nömrəli otağına hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin bu otaqda yaşamaları iddiaçının otağa olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbləri qismən təmin edilməli və cavabdehlər həmin otaqdan çıxarılaraq, otağın açarlarını yataqxananın komendatına təhvil verməlidirlər. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Abdullayeva (Qasımova) Rövşanə Şamil qızı ünvan 6 ünvanında yerləşən 3 saylı yataqxananın 3 nömrəli otağından çıxarılaraq, otağın açarlarını yataqxananın komendatına təhvil versinlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar