Məhkəmə qərarları › İş №2(011)-5943/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5943/2021

12.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5943/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, boşdayanma müddətinə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin əmək müqaviləsinin ləğv edilməsi barədə 21 may 2021-ci İ tarixli əmrinin ləğv olunmasını, boşdayanma vaxtına görə əmək haqqının və mənəvi ziyana görə 10000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh müəssisədə 2020-ci ilin dekabr ayında icraşı direktor Z.Vəliyevin təklifi əsasında “hüquq məsləhətçisi” vəzifəsində işə qəbul olunmuşdur, cavabdehin İRŞ 09-05/21 nömrəli 21.05.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, onunla "xxxx" MMC ilə “hüquq məsləhətçisi” vəzifəsinə dair bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur, bu barədə əmr və əmək kitabçası yalnız 08.06.2021-ci il tarixdə ona təqdim edilmişdir, ona görə də həmin tarixdən bir təqvim ayı müddətində iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir, hesab edir ki, verilmiş əmr qanunsuzdur, belə ki, bağlanmış əmək müqaviləsi üzrə əmək fəaliyyətinə başladığı dövrdə cavabdeh müəssisənin işçilərinin sayı cəmi 4 nəfərdən ibarət olmuşdur, bu rəqəm 23.03.2021-ci il tarixinə rəsmi olaraq 41 nəfərə çatmışdır, 21.05.2021-ci il tarixində isə Cəmiyyətin işçilərinin sayı daha da artmışdır, işçilərin sayının çoxalması cavabdehin istifadəyə götürdüyü istehsalat sahəsində fəaliyyətinin olması ilə bağlı olmuşdur, onun, hüquqi şəxs kimi dövlət qeydiyyatı 2017-ci ildə olsa da, hal-hazırda apardığı təsərrüfat fəaliyyətini yalnız "xxxx" ASC və onun arasında istehsalat sahəsinin 10 il müddətinə götürülməsi barədə 27.11.2020-ci il tarixdə bağlanan müqavilə olmuşdur, işə qəbul olunduğu dövrdə cavabdeh təsərrüfat fəaliyyətini göstərmədiyi üçün gəlir əldə etmirdi, onun cari xərcləri, o cümlədən işçilərinə verdiyi əmək haqları götürülən kredit əsasında həyata keçirilirdi, lakin 2021-ci ilin mart ayından məhsulların istehsalı başladı və müvafiq olaraq cavabdehin maliyyə vəziyyəti yaxşılığa doğru artdı, yəni ştatların ixtisarı barədə əmrin verilməsinə heç bir zərurət olmadığı halda belə əmrin verilməsi ancaq formal xarakterli olmuşdur, onun işdən uzaqlaşdırılması ilə müəssisənin qanunsuz fəaliyyəti barədə dəfələrlə İcraçı direktor vəzifəsində olan Z.Vəliyev və direktir müavini T.Zülfüqarovanın bu barədə xəbərdarlıq etməsi olmuşdur, ixtisarın zəruriliyinə əsas otmadığı halda bağlanmış əmək müqaviləsini ƏM-in 70-ci maddəsinin b bəndinə əsasən ləğv etməklə cavabdeh əmək qanunvericiliyini pozmuşdur, bunu əsaslandırmamışdır, hüquq xidməti ilə bağlı bir ştat vahidindən ibarət bu vəzifənin ixtisar olması və yaxud işçilərin sayın azalması cavabdehin heç bir rəsmi sənədi ilə təsdiq edilmir, əmək müqaviləsinin ləğv olunması barədə əmrdə, onun asası kimi "xxxx" MMC-in İcraçı direktorun İE 19-05/21 saylı 07.05.2021 -ci il tarixli təqdimatı, 03tm-05/2021 № li xəbərdarlığı və həmin xəbərdarlığın göndəriş surəti əmrin verilməsi üçün əsas kimi göstərilmişdir, həmin rəsmi sənədlərdə Cəmiyyətdə işçilərin sayının azalması və ya ştatların ixtisar olması barədə cavabdehin əmrinin və müvafiq olaraq ixtisarın zəruriliyinin əsası yoxdur, ümumiyyətlə Cəmiyyət üzrə nə işçilərin sayının azalmasının, nə də ştatların ixtisar olmasının aparılması nəzərdə tutulmuşdur və bu barədə işəgötürənin rəsmi göstərişi və yaxud əmri olmamışdır. İddiaçı, həmçinin izahatında bildirdi ki, xəbərdarlığın iş yerində təqdim olunmaması və poçt vasitəsi ilə ona göndərilməsi, digər dəlillərlə birlikdə, ona qarşı vəzifəli şəxslərin qərəzli münasibətinin nəticəsidir, bu qərəzli münasibəti isə həmin xəbərdarlığın tərtib edilməsindən iki gün öncə, yəni 03.05.2021 -ci il tarixində baş vermişdir, həmin tarixdə istehsal sahəsində bir sıra qanun pozuntusunun yol verilməsi barədə Cəmiyyətin direktor müavini Turan Zülfiüqarovaya bildirmişdir, həmin pozuntu aradan qaldırılmadıqda gələcəkdə üçüncü şəxslərin Cəmiyyətə qarşı mülki iddia tələblərin ola biləcəyini, həmçinin Cəmiyyətə və onun vəzifəli şəxsinin inzibatı hüquq pozuntusu haqqında tənbeh olmasına zəmin yarana biləcəyini onun nəzərinə çatdırmış, direktor müavini isə bunun onun işi olmadığı haqda irad bildirmişdir, o biri gün bu haqda icraçı direktor- Zaur Vəliyeva bildirmış, bu hallar aradan qaldırılmazsa, onlar barəsində baş direktora yazılı məlumat verəcəyini həmin vəzifəli şəxslərin nəzərinə çatdırmışdır, lakin bundan sonra cavabdehin bu vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe göstərməyə başlamışdırlar. İddiaçı izahatında daha sonra bildirdi ki, o, xəbərdarlıq yazılan günü, ərazini mühafizə edən şəxslər tərəfindən istehsalat sahəsinə, yəni iş yerinə buraxılmamışdır, mühafizənin rəhbəri icraçı direktorun göstərişi əsasında iş yerinə buraxılmadığını bildirmişdir, bundan sonra Cəmiyyətin İnsan Resursları Şöbəsinin elektron poçtundan xəbərdarlıq məktubu daxil olmuşdur, həmin xəbərdarlıq məktubunda ona iki təqvim həftəsi ərzində vaxt verildiyi bildirilmişdir, lakin bundan sonra da o əsasız və qanunsuz olaraq iş yerinə buraxılmamışdır, daha sonra rəsmi olaraq elektron poçtuna 08.05.2021-ci ildə cəmiyyətin İcraçı direktoru tərəfindən imzalanmış 08.05.2021-ci il tarixli 05-03/21 saylı əmr daxil olmuş, ona verilən xəbərdarlığın, tərəfindən işçilər və rəhbərliklə daxili nizam-intizam qaydalarına riayət etmədiyi, yaşa və rəhbərliyə böyüklərə hörmət göstərmək, cəmiyyətin qəbul etdiyi ənənə və prinsiplərinə sadiq qalmaq, fabrikada qadağan olunmuş ərazidə şəxsi mobil telefonu ilə çəkilişlər apardığını və bununla əlaqədar Şirkətin daxili araşdırmasının davam etməsini nəzərə alaraq, xəbərdarlıq müddətinin bitməsinə qədər müvəqqəti olaraq iş yeri kimi Azura Ticarət Mərkəzi SEO KLUB ofisinə təhkim olduğu barədə bu əmrdə qeyd olunmuşdur, həmin əmr icraçı direktor- Zaur Vəliyev tərəfindən imzalanıb və onun əsası kimi direktor müavini T.Zülfuqarovanın təqdimatı göstərilmişdir, ƏM-nin 62-ci maddəsində olan hallar olmadığı halda, vəzifəli şəxs, yəni icraçı dirüektor Zaur Vəliyev qanunsuz olaraq onun işə buraxılmaması barədə göstəriş verməsi ilə yanaşı, bu əmri imzalamaqla əsasız və qanunsuz olaraq onu işdən kənar etmiş və qərəzli münasibətini rəsmən bildirmişdir, həmçinin onu məlum olmayan yerə təhkim və bundan əlavə ona aid olmayan hərəkətlərlə ittiham etməklə cavabdeh şərəf və ləyaqətini ləkələmiş və kollektiv arasında gözdən salmaq məqsədi ilə barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yaymışdır, bununla da ona mənəvi ziyan vurmuşdur, beləliklə Cəmiyyətin direktor müavinin təqdimatı əsasında icraçı direktor tərəfindən imzalanmış bu əmr təsdiq edir ki, əmək müqaviləsinin ləğv olmasının səbəbi cəmiyyətdə işçilərinin sayının azalması və ştat vahidlərinin ixtisar olunması deyil, bu iki şəxsin ona qarşı qərəzli münasibəti olmuş və nəticə etibarən bu münasibət nəticəsində onunla əmək müqaviləsinə xitam verilmişdir, həmçinin əmək müqaviləsinin ləğv olunması barədə əmrin forması və tərtibi qanunvericilik normalarının tələblərinə cavab vermir, Müəssisənin hüquqi ünvanı və onu imzalayan işəgötürənin atasının adı əmrdə qeyd olunmayıb ki, bununla da onun tərtibi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.1-ci hissəsinin tələblərinə cavab vermir, əmrin məzmunun birinci hissəsinin qeyd edilən “İddiaçı Hüquq xidməti bölməsinin Hüquq məsləhətçisinin əmək müqaviləsinə, 21.05.2021 -ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin” cümləsində qrammatik səhvə (məntiqi səhv) yanaşı bir sıra hüquqi səhvlər müəyyən edilir, 03.12.2020-ci il tarixli 06/.2020 saylı əmək müqaviləsinin 1.2-ci bəndində müqavilə üzrə vəzifəsinin Cəmiyyətin İdarə etmə aparatının Hüquq məsləhətçisi olduğu müəyyən edilir, lakin əmrdə yenə də Əmək Məcəlləsinin 84.1-ci hissəsinin tələbləri pozularaq, vəzifəsi əmək müqaviləsi üzrə göstərilməyib, həmçinin rəsmi olaraq 2021-ci ilin mayın 9-15-dək qeyri iş günlərinin elan olunduğuna baxmayaraq 21.05.2021-ci il tarixli işdən azad olunmaq barədə əmr verilmiş, yəni cəmi 10 təqvim günü (iki həftə deyil) ona müddət ayrılmışdır. İddiaçı izahatında daha sonra qeyd etdi ki, "xxxx" MMC tərəfindən, işgüzar münasibətlərdə Əmək Məcəlləsinin 83.2-ci maddəsi də pozulub, belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə sonuncu iş günü 21.05.2021-ci il göstərilsə də və qanunla həmin iş günün sonunda iş yerində əmrin surəti və əmək kitabçası təqdim edilməli olsa da, əmr və əmək kitabçası yalnız 08.06.2021-ci ildə qeyri-iş yerində Cəmiyyətin İnsan Resursları Şöbəsinin müdiri tərəfindən ona təhvil verilmişdir, onun həmin müəssisədə işlədiyi iş yerinə uyğun iş insan resrsları şöbəsidir ki, orada da bir ştat vardır və o da müdir vəzifəsindən ibarətdir, əslində isə şöbə olduğu üçün orada əlavə ştatlar olmalıdır, digər iş yerləri onun vəzifəsinə alternativ deyil, icraçı direktor Z.Vəliyev və direktor müavini T.Zülfüqarova isə ona qarşı qərəzli münasibətləri barədə işəgötürən V.Məmmədova müraciət etməmişdir, çünki onun digər böyük müəssisələrlə iş birliyi olduğundan həmin müəssisədə az-az olurdu və müəssisə əsasən T.Zülfüqarova tərəfindən idarə olunurdu, ona görə işəgötürənə müraciət etməyə zərurət görməmişdir, ona qarşı qərəzli olan Z.Vəliyev və T.Zülfüqarovadır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 10.08.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə İddiaçı "xxxx" MMC-və qarşı işə 21.05.2021 -ci il tarixli əmrin ləğv edilməsi, boş dayanma vaxtına görə əmək haqqı ödənilməsi və mənəvi ziyana görə 10.000 manat təzminatın ödənilməsi barədə iddia vermişdir, iddiaçı ilə cavabdehin rəhbərliyində (İcraçı direktor vəzifəsində) təmsil olunan Zaur Vəliyevin öncədən şəxsi tanışlığı olmuşdur, onlar bir neçə il əvvəl eyni şirkətdə çalışarkən tanışlıqları olub, sonra hər ikisi həmin şirkəti tərk etmişdir, icraçı direktor Z.Vəliyev iddiaçı ilə 2020-ci ilin dekabr ayında təsadüfən görüşərkən iddiaçının işsiz olmasını bilmiş və onu Cavabdeh-yə işə dəvət etmişdir, beləcə iddiaçı 03.12.2020 tarixində cavabdeh şirkətdə Hüquq məsləhətçisi vəzifəsində işə başlamışdır, işə başlarkən bütün şirkət heyəti "X6" İş Mərkəzinin 17-ci mərtəbəsində yerləşən ofisində işləmişdirlər, Bakının Qaradağ rayonun yerləşən uşaq bezləri və salfetlər istehsal edən zavodun icarəyə götürülməsindən sonra bütün heyət 01.03.2021 tarixindən zavoda keçirilmişdir və əmək fəaliyyətləri orada davam etdirilmişdir, həmin gündən də yeni iş yerində işçilərin davamiyyəti jurnalı yaradılmış və bütün işçilər oraya imza etməklə işə gəlmələrini təsdiq elmişlər, iddiaçı isə yeni iş ünvanına gəlməmiş, hər dəfə bir bəhanə etmiş, şirkətin işləri ilə ciddi məşğul olduğunu deyirdi, lakin rəhbərlik bunun heç də belə olmadığını bilirdi, buna baxmayarq iddiaçıya qarşı qərəz göstərib onu incitməmişdir, bütün bunlar ona görə edilirdi ki, iddiaçı icraçı direktorun tanışı idi, guya "X6" İş Mərkəzinin "CKO Club" adlanan ofisi tanımır, onun yeri ona məlum deyil, halbuki bu belə deyil, bunun əksini sübut edəcək çoxsaylı işçilər, xüsusilə iddiaçının özünün həmin ofisdə olan internet şəbəkəsinin kodunu soruşması ilə bağlı səs yazıları vardır, habelə iddiaçının həmin İş Mərkəzində giriş-çıxışı tam qeydiyyata da alınıb, iddiaçı işlədiyi dövrdə məhz Z.Vəliyevlə olan münsibətlərindən sui- istifadə edərək başqa rəhbər vəzifəli şəxslərin tapşırıqlarına səhlənkar yanaşmış, bir sıra tapşırıqları ümumiyyətlə icra elməmiş, onlara qarşı açıq hörmətsizlik göstərmişdir, hətta bir müddət sonra onun özünü şirkətə dəvət edən İcraçı director Z.Vəliyevi də ən əxlaqsız söyüşlərlə söyüb təhqir etməyə, ona müxtəlif səsli mesajlar göndərməklə hədələməyə başlamışdır, bir neçə dəfə isə Baş direktor müavini Turan Zülfüqarovaya şəxsi xarakterli, qısnama məqsədilə hətta gecə saatlarında mesajlar da yazmışdır və buna görə ciddi tənqid də olunmuşdur, iddaçıya bu ilin fevral ayında 2 türk vətəndaşı olan mütəxəssis üçün Dövlət Miqrasiya Xidmətindən müvafiq icazə alınması tapşırılsa da o, bunu tam 3 ay uzatmış, tapşırığı sona çatdırmamış, hətta bununla bağlı şirkətə problem yaratmışdır, sonda isə həmin iş şirkətin İnsan Resursları şöbəsinin rəisi Rövşən Kərimov tərəfindən cəmi 2 günə icra edilmişdir, iddiaçıya tapşırılan digər işləri - şirkətə məxsus əmtəə nişanlarına Əqli Mülkiyyət Agentliyindən Şəhadatnamə almaq məsələsini də icra etməmiş, bu iş şirkətin Satınalma və logistika şöbəsinin əməkdaşı Vüsal Hacıyev tərəfindən icra edilmişdir, iddiaçı işlədiyi müddətdə şirkətin maraq və mənafeyini güdməmiş, şirkət rəhbərliyini daim hədələmiş, başqa işçilərə pis nümunə olmuşdur, özünün iş yerinin ixtisara düşəcəyini biləndən sonra şirkətə guya təzyiq etmək üçün çəkiliş qadağan olunan yerlərdə, zavodun içində mobil telefonu ilə çəkilişlər aparmışdır, bununla bağlı isə iddiaçının əmək müqaviləsinin sonuna qədər digər ofisdə fəaliyyət göstərməsi və istehsalat sahəsinə buraxılmaması qərar alınmışdır, bütün bunları etməkdə məqsədi isə guya şirkətin mənafeyini düşünmək, guya şirkətdə olan gizlin cinayətlərin, qanunsuzluqların üstünü açmaq, şirkətə daxilindəki ‘‘qruplaşmaları’ dağıtmaq və s. olub. Vəkil həmçinin bildirdi ki, iddiaçının işinə sahlənkar və laqeyd münasibətinə, iş yerinə həftələrlə gəlməməsinə, habelə şirkət rəhbərliyini və əməkdaşları səsli mesajlar göndərməklə təhqir etməsinə baxmayaraq ona qarşı heç vaxt qərəzli münasibət olmamış, ona hər dəfə yenidən işini normal icra etməsi üçün imkan yaradılmış, hətta izahat belə alınmamışdır, icraçı direktor Z.Vəliyevin bundan xəbəri olsa da hər dəfə humanistlik edib ona qarşı sərt və ağır tədbir görmürdülər və "düzələcəyini" düşünürdülər, əgər iddiaçıya qarşı hər hansı qərəzli münasibət olsa idi onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin ”Ç" bəndi ilə xitam verilə bilərdi, lakin bunu etməmişdir, tam əksinə, iddiaçının ailə və maddi vəziyyətinin pis olması, ehtiyaclarının çoxluğu ilə bağlı çoxsaylı xahişləri və təkidləri əsasında 25.01.2021 tarixində onun əmək haqqını təxminən 2 dəfə yüksəltmişlər və yeni əmək haqqı 1690 manat kimi müəyyən edilmişdir, hətta işçi son aylarda əmək haqqından 500 manat avans alırdı və burada da ona maneələr yaradılmayıb. Bu hallar da ona qarşı hər hansı qərəzin olmadığını bir daha göstərir, şirkət kredit vəsaiti hesabına maliyyələşdiyindən və gəlirini özü öz hesabına təmin etməli olduğundan, habelə gəliri də əsasən ixracdan asılı olduğundan gəlir bəzən dəyişir və ya azalmışdır, 2021-ci ilin aprel ayı ərəfələrində isə şirkətin maliyyə vəziyyət pisləşdiyinə görə əmək haqlarının verilməsində ciddi problem yaranmışdır, hətta buna görə bu ilin may və iyun aylarının əmək haqları əməkdaşlara vaxtında verilməmiş, yalnız iyul ayının əvvəlində iki ayın əmək haqqı birdən verilmişdir, habelə bu il ərzində maliyyə çatışmazlığına görə təsisçi tərəfindən şirkətə azı 3 dəfə maliyyə yardımı edilmişdir, 26.04.2021 tarixli “Təsisçi ilə şirkət arasında borc müqaviləsi" əsasında şirkətə 3500 manat, eyni məzmunlu 22.06.2021 tarixli müqavilə əsasında 30.000 manat, eyni məzmunlu 09.07.2021 tarixli müqavilə əsasında isə 10.000 ABŞ dolları təsisçi borcu verilmişdir, bu fakt isə bir daha şirkətin real maliyyə vəziyyətindən xəbər verir və ixtisara gətirən hal kimi qiymətləndirilir, eyni zamanda şirkətin fəaliyyəti həmin ərəfələrdə zəiflədiyindən, hüquqi iş ciddi azaldığından, müqavilələrə və digər hüquqi sənədlərə rəy verilməsinə ehtiyac olmadığından, satış və marketinq bölümünün vahid standart müqavilə forması ilə işlədiyindən, habelə iddiaçının da bir hüquqşünas kimi özünü doğrultmadığından dolayı rəhbərlik qərarı gəlmişdir ki, bəzi ştatları, yəni hüquq məsləhətçisi ştatı daxil olmaqla 4 ştat vahidini ixtisar edilsin, iddiaçıdan başqa həmin ərəfədə məhz istehsalat sahəsində çalışan 3 nəfər işçi ilə də (H.Ə.Ağayev. V.F.Əliyev və E.Cavadlı) əmək müqaviləsinə xitam verilib, iddiaçı ilə ƏM-nin 77.1-ci maddəsinə tam əməl edilmişdir, özünün də qeyd etdiyi kimi, 03 may tarixindən sonra, yəni 04 may günündə onun elektron poçtuna xəbərdarlıq məktubu daxil olub və orada iki təqvim həftəsi vaxt verildiyi qeyd edilib, yəni iddiaçı bundan rəsmi qaydada xəbərdar olub, həmin xəbərdarlıq məktubunun iddiaçının almasından qəsdən yayınmasına görə xəbərdarlıq iddiaçının ünvanına rəsmi kuryer poçtu ilə, "ZAMAN Ekspress” şirkəti ilə də göndərilmiş və 07.05.2021 tarixində iddiaçı tərəfindən əldə edilmişdir, yəni iddiaçı qanunauyğun şəkildə hərtərəfli məlumatlandırılmışdır, iddiaçı da bunu etiraf edir və bildirişin ona vaxtənda rəsmi qaydada çatdığını bildirir, 21.05.2021-ci il tarixli Əmrdən də görünür ki, iddiaçıya orta aylıq əmək haqqı miqdarında müavinət verilmişdir, həmçinin cavabdeh Əmək Məcəlləsinin 84.2-ci maddəsinə də əməl etmişdir, belə ki, bank hesabından çıxarışdan da görünür ki, iddiaçının hesabına məhz son iş günü 21.05.2021 tarixində ümumilikdə 3497,74 AZN ödəniş edilmişdir, iş üzrə təqdim edilmiş rəsmi sənədlərdən də görünür ki. 21.05.2021 tarixindən bu günə qədər şirkətə heç bir hüquqşünas və ya bu kimi işlərlə məşğul ola bilən şəxs götürülməmişdir, bu isə bir daha təsdiq edir ki, şirkətin həqiqətən də hüquqşünas ştatına ehtiyacı yoxdur və iddiaçı həmin işə alternativ olan iş kimi insan resursları şöbəsini istəmişdir ki, həmin vəzifədə də boş ştat olmamışdır, həmçinin iddiaçı Z.Vəliyev və T.Zülfüqarovanın ona qarşı qərəzli olduğunu qeyd edir, lakin işçilərin işdən çıxarılması barədə əmrin verilməsi V.Məmmədovun səlahiyyətinə aiddir, V.Məmmədovun isə iddiaçıya qarşı heç bir qərəzi olmamışdır, Əmək Məcəlləsinin 84.2-ci maddəsinə görə Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri surəti və işçinin əmək kitabçası sonuncu iş günü işçiyə verilməlidir, cavabdeh iddiaçını qanuni şəkildə zamanında məlumatlandırmış və ona düşən son haqqhesabı son iş günündə vermişdir, əmrin surətinin alınması isə iddiaçının özü tərəfindən qəsdən həyala keçirilmirdi və uzadılırdı, əmək kitabçasının verilməməsinin isə obyektiv səbəbi olmuşdur, belə ki, iddiaçı mütəxəssis olan bir neçə Türkiyə vətəndaşlarına DMXdən müvafiq icazə almaq üçün şirkətin təsis sənədlərini, habelə şəhadətnaməsinin (VÖEN) əslini özü ilə götürmüşdür, lakin əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq bu sənədi qaytarmayıb və özündə saxlamışdır, bunu iddiaçı özü də səs yazısı ilə etiraf edir, bu fakt habelə işçinin dövriyyə vərəqəsində də baş mühasib və insan resursları şöbəsinin rəisi tərəfindən təsdiq edilir, Şəhadətnamənin əsli 11.06.2021 tarixində qaytarılmışdır, iddiaçının əmək kitabçası ilə müvafiq əmri isə onun özünə müvafiq uçot jurnalına imza etdirməklə 08.06.2021 tarixində rəsmən təqdim edilmişdir, belə gec təqdim edilməsinin izahı isə budur ki, iddiaçı şirkətə gələcəyini hər dələ söz versə də sonradan müxtəlif bəhanələrlə təxirə salmışdır, gəlməyəcəyini aşkar bildirməmişdir, əks halda xəbərdarlıq kimi əmri də kuryer poçtu ilə rəsmi qaydada göndərilə bilərdi. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında X3 şahid qismində ifadə verərərək bildirdi ki, iddiaçını əvvəlki iş yerindən tanıyır, o, şirkət qurulduqda hüquqşünasa ehtiyac olduğunu düşünmüş, iddaçının da işə ehtiyacı olduğunu bildiyindən, onunla əlaqə saxlayaraq nə işlə məşğul olduğunu soruşmuş və şirkətlə əməkdaşlıq etməyi təklif etmişdir, beləliklə iddiaçı müəssisədə işə başlamışdır, müəssisədə maddi sıxıntılar yarandığı üçün ixtisara getmək məcburiyyətində qalınmış, 3 nəfər işçi ilə yanaşı, məhkəmələrdə iş olmadığı və hüquqşünasa ehtiyac olmadığı üçün hüquqşünas ştatı da ixtisar edilmişdir, həmçinin iddiaçının iş zamanı Turan xanımla gecə 1-2 ərəfələrində qeyri-etik yazışmaları aşkar olunmuşdur və işdən ixtisara düşməsi ilə bağlı əmr verildikdən sonra iddiaçı onun özünü də hədələyərək, təhqir etmişdir. Z.Vəliyev qeyd etdi ki, əmək haqqının qaldırılması ilə bağlı iddiaçının özü ona müraciət etmiş, bildirmişdir ki, xərci çoxdur və insanlıq göstərərək, əmək haqqını qaldırmışdır ki, bəlkə bu onun üçün motivasiya olar daha yaxşı işləyər, iddiaçı bu proseslər başladıqdan sonra qeyri-etik davranışlar göstərdiyi üçün o da təqdimatda göstərilmişdir, ona qarşı hər hansı bir qərəzli mövqe olmamışdır, müəssisəyə buraxılmaması barədə göstəriş verməsinin səbəbi isə iddiaçının kommersiya sirri olmasına baxmayaraq müəssisədə çəkiliş aparması olmuşdur, əvvəlki münasibətləri xatirinə xəbərdarlıq etməmişdirlər. Z.Vəliyev həmçinin bildirdi ki, iddiaçıya işlə bağlı münaqişə yaratmamasını bildirmişdir, lakin nə o, nə də rəhbərlikdən heç kim ona ərizə yaz işdən çıx deməmişdir. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərərək bildirdi ki, iddiaçını hazırda çalışdığı müəssisədən tanıyır, İddiaçı onunla eyni vaxtda 2020-ci ilin dekabrda işə düzəlmişdir, müəssisənin vəziyyəti qənaətbəxş olmadığından direktor müavini Turan xanım təqdimat vermişdir, bu səbəbdən o İddiaçı özünə zəng etmiş, poçt, mail və vatsapp vasitəsilə də yazıb özünə bildirmiş, hətta məktubu surətli kuryerlə göndərmişdir, onu işə çağırsa da iddiaçı gəlməmişdir, o, Zaur Vəliyevlə dost idi, özünün məqsədi bir komanda kimi birgə işləmək olmuşdur, iddiaçı hətta idarənin əsasnaməsini itirmiş, müəssənin hüquqşünas rəyinin olması zəruri olan müvafiq sənədləri var ki, onlara imza atmaqdan imtina edir, bu prosesi dəfələrlə uzadırdı, müəssisədə Həmkarlar İttfaqı yoxdur, müəssisədə 42 ştat var, faktiki 36 işçi var, operator və istehsalat sahəsində qablaşdırma ixtisası üzrə 6 ştat boşdur, maliyyə vəziyyəti pisləşəndə yüksək əmək haqqına malik işçiləri çıxarmaq qərarına gəlinmişdir, həm də hüquqşünasa ehtiyac yox idi, işçilərlə əlaqə saxladıq bildirmişlər ki, əmək haqqını verə bilmirlər, onlar da öz xoşları ilə ərizə yazıb çıxdılar, müəssisədə tapşırıq və əmrləri Vüqar müəllim verir, müəssisədə hüquqşünas ixtisasına uyğun vəzifə yoxdur, sadəcə loqistika sahəsində 1 xanım işə götürmüşük, o da müqavilələrin qeydiyyatı ilə məşğuldur, iddiaçıya operator vəzifəsini də təklif edilə bilməzdi, çünki işə münasibətindən görürdüm ki,işləmək istəmədiyi görünürdü, Zaur bəy dedi ki, heç nə deməməyi, özünün ərizə yazıb çıxacağının dediyini bildirmişdir, barədə səs yazısı da var, İddiaçı bildiriş göndərəndə əmr yox idi, amma Turan xanım və Vüqar müəllimin təqdimatı var idi, həm də müəssisədə daxili audit yoxlaması var idi, işçilərin hansı vəzifəni yerinə yetirdiyi yoxlanırdı, ixtisar olduqdan, yeni işçi də götürülmüşdür, çünki şirkət yenidir, qarşıya fəaliyyət məqsədi qoyuldu və rəhbərlik də tapşırıq verdiyindən yüksək maaşlı işçiləri ixtisar etməli olmuşdurlar, hətta yüksək maaşlı bir işçinin də qanun əsasında maaşı azaldılmışdır, İddiaçıla 03.04.2021-ci il tarixdə parkda görüşmüş, rəhbərliyin göstərişi ilə ərizə hazırlayıb imzalaması üçün ona təqdim etmişdir, amma iddiaçı qışqırmış, Z.Vəliyevi yığmış, dələduzluq edərək ərizəni qaralamışdır ki, guya ərizə ona 01.07.2021-ci il tarixdə verilmişdir, bu barədə gəlib rəhbərliyə məlumat vermiş, qaralanmış ərizəni qeydə ala bilməyəcəyini demişdir, Məhkəmə iclasında X1 ifadə verərək bildirdi ki, həmin müəssisədə direktor müavinidir, onun İddiaçı qarşı heç bir qərəzli münasibəti olmamışdır, iddiaçının iş vaxtı ona etdiklərinə qarşı hər zaman susmuşdur, bir bəy bir xanıma nə yazırsa ona o dərəcə şəxsi sözlər yazmışdır, hətta işdə olan zaman otaqda tək olanda müqavilə göstərmək bəhanəsi ilə onu yanına çağırmış və ona qarşı nalayiq hərəkətlər etmiş, gecə saatlarında dəfələrlə yazıb narahat etmişdir, İddiaçı Z.Vəliyevlə yaxın olmuş, o da Zaur bəylə yaxın olduğundan, onun xatirinə susmuşdur, iddiaçı aşağı strukturda olsa da, direktor müavini olaraq onun əmrlərini icra etməmişdir, iş tapşırmaq üçün zəng etdikdə, bildirmişdir ki, Şuşadadır, bu barədə isə ondan icazə almamışdır, ixtisarla bağlı 04.05.2021-ci il tarixdə 2 həftəyə işdən çıxarılacağı barədə iddiaçıya bildiriş verilmişdir, müəssisəyə 23 gün sonra təzə işçi götürülməsinin səbəbi isə xammalın gəlməsi və operatora zərurət yaranması olmuşdur, marketinq mütəxəssisi ixtisasını da maaşı çox olduğu üçün ixtisar edilmişdir. T.Zülfüqarova həmçinin qeyd etdi ki, müəssisədə hüquqşünas ixtisasına uyğun bir vəzifə yox idi, bu barədə Zaur bəyin özünə də bildirmişdir ki, hüquqşünasa ehtiyac yoxdur, digər boş vəzifələr də İddiaçı təklif edilməmişdir, müəssisədə maliyyə vəziyyəti də yaxşı olmadığından işçilərə təklif edilmişdir ki, ərizə yazıb çıxsınlar, çünki 2-3 aya ixtisar olacaq, əgər başqa iş tapmasalar onları yenidən işə götürəcəklərini bildirmişlər. İş materiallarında olan "xxxx" MMC və İddiaçı Vahid oğlu arasında bağlanmış 06/2020 saylı 03.12.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Vahid oğlu Cəmiyyətin İdarəetmə aparatına Hüquq məsləhətçisi vəzifəsinə təyin edilməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC və İddiaçı Vahid oğlu arasında bağlanmış 03.12.2020-ci il tarixli əmək müqaviləsinə 001 №-li Əlavədən görünür ki, işçiyə hər ay 1690 manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 07.05.2021-ci il tarixli təqdimatdan görünür ki, Z.Vəliyev "xxxx" MMC struktur tərkibində olan Hüquq xidməti bölməsi öz tərkib hissəsi ilə birgə ( 1 ştat vahidi hüquq məsləhətçisi) “Mətbəx Dəsmalı və Tualet Kağızı xətti”-nin tərkib hissəsində olan 1 ştat vahidi Operator və “Uşaq bezi istehsalı xətti” nin tərkib hissəsində olan 2 ştat vahidləri ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan 01.07.20210-ci il tarixli ərizədən görünür ki, İddiaçı 01.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx"MMC tərəfindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, 03.12.2021-ci il tarixdən "xxxx" MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 21.05.2021-ci il tarixli əmrlə xitam verilmişdir, operator və qablaşdırıcı stat vahidləri ixtisar edilən İddiaçı ixtisasına, təhsilinə, iş təcrübəsinə, bilik və bacarığına uyğun olmamışdır, ona görə də təklif olunmamışdır. İş materiallarında olan 08.05.2021-ci il tarixli 1 №-li aktdan görünür ki, Cəmiyyətin Hüquq xidməti bölməsinin Hüquq məsləhətçisi vəzifəsndə çalışan İddiaçı işəgötürənin şəxsiyyətini ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtan və təhqirli ifadəəri, yalan məlumatları yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmək, mənəvi ziyan vurmaq məqsədi ilə "xxxx" MMC-nin rəhbərliyi və işçi personalı ilə davranışda daxili nizam intizam qaydalarını (mədəni və nəzakətlə rəftar göstərmək, yaşa və vəzifəyə, böyüklərə hörmət göstərmək, Cəmiyyətin qəbul etdiyi qaydalara riayət etmək, Cəmiyyətin ənənə və prinsiplərinə sadiq qalmaq) kobud şəkildə pozmuş, rəhbərlik tərəfindən ona verilən tapşırıqları və özünün əmək fünksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etməmiş, fabrikdə qadağa olunmuş ərazidə qanunsuz olaraq öz şəxsi mobil telefonu ilə çəkilişlər aparmış, xidmətinin əməkdaşlarına, mühafizə rəisinə müqavimət göstərmiş vasitəsi ilə rəhbərliyin ünvanına təhdidçi sözlərlə, hədə qorxu və küçə söyüşləri ilə) səs yazılar göndərdiyi qeyd olunmuşdur. İş materiallarında olan Turan Zülfüqarova tərəfindən verilmiş 04.05.2021-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı stat vahidinin qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisar olunması barədə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Turan Zülfüqarova tərəfindən verilmiş 08.05.2021-ci il tarixli 1E20-05/21 saylı təqdimatdan görünür ki, İddiaçı xəbərdarlıq müddətinin bitməsinə qədər müvəqqəti olaraq iş yerini AZUR Ticarət Mərkəzi 17-ci mərtəbəsi “CEO Club” ofisinə təhkim edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli Əmrdən görünür ki, Hüquq xidməti bölməsinin Hüquq məsləhətçisinin əmək müqaviləsinə 21.05.2021-ci il tarixindən AR ƏMnin 70—ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və məzuniyyətinin istifadə olunmamış dövrü 15 t.g. və ƏM 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, orta aylıq əmək haqqı miqdarında müavinət ödənilməsi əmr edilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 2 təqvim həftəsi əvvəldən rəsmi xəbərdar olunmuş, iş axtarmaq üçün hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyalarınızın icrasından azad olunduğu bildirilmişdir. İş materiallarında olan 05.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 2 təqvim həftəsi əvvəldən rəsmi xəbərdar olunmuşdur, iş axtarmaq üçün hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyalarınızın icrasından azad olunduğu bildirilmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli İRŞ 05-05/21 saylı Əmrdən görünür ki, Cəmiyyətin “Hüquq Xidməti bölməsinin tərkib hissəsində olan hüquq məsləhətçisi ştat vahidi 21.05.2021-ci il tarixindən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan poçt qəbzindən görünür ki, İddiaçı 07.05.2021-ci il tarixində xəbərdarlığı almışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişini surətindən görünür ki, 21.05.2021-ci il taixində "xxxx" MMC və İddiaçı Vahid oğlu arasında bağlanmış əmək müqaviləsinə İRŞ 09-05/21 saylı 21.05.2021-ci il tarixli əmrə əsasən işçilərin sayı və ya ştaları ixtisar edildiyi səbəbi ilə xitam verilmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli təsisçi ilə şirkət arasında bağlanmış borc müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi Ozbahceci Turan "xxxx" MMCyə 12 müddətinə 3500 manat borc verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan 22.06.2021-ci il tarixli təsisçi ilə şirkət arasında bağlanmış borc müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi Ozbahceci Turan "xxxx" MMCyə 12 müddətinə 30000 manat borc verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan 09.07.2021-ci il tarixli təsisçi ilə şirkət arasında bağlanmış borc müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi Ozbahceci Turan "xxxx" MMCyə 12 ay müddətinə 10000 ABŞ dolları borc verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan 21.05.2021-ci il tarixli "xxxx" MMC-ni İdarə aparatının Ştat Cədvəlindən görünür ki,müəssisədə 41 ştat vahidi vardır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh təşkilatda 03.12.2020-ci il tarixdə hüquq xidməti bölməsinin tərkib hissəsində olan hüquq məsləhətçisi vəzifəsinə qəbul olunmuşdur, işəgötürən V.Məmmədov tərəfindən verilmiş əmr ilə 21.05.2021-ci il tarixdə hüquq məsləhətçisi ştatı ləğv edilmişdir, iddiaçının tutduğu vəzifənin ixtisar olunması səbəbi ilə ona 2 həftəlik xəbərdarlıq müddəti və əmək haqqı saxlanılmaqla hər həftə 1 iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq edilmişdir, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21.05.2021-ci il tarixində xitam verilmişdir, ona son haqq-hesab (3497.74 azn) ödənilmişdir. Bununla belə əmək müqaviləsinin ləğv olunmasını istisna edən, həmçinin cavabdehin iddiaçıya qarşı qərəzli olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, İddiaçı “əmək müqaviləsinə xitam verilərkən Z.Vəliyev və T.Zülfüqarovanın qərəzli olması və s.” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar əmrin qanunsuz və əsassız olması barədə nəticəyə gəlmək üçün qəbul oluna bilməz. Belə ki, əvvəla, işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna müəssisənin rəhbəri - işəgötürən malikdir və qanunvericiliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi əsas hüquqları vardır, ikincisi iddiaçı, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Z.Vəliyev və T.Zülfüqarovanın ona qarşı qərəzliliyi nəticəsində işəgötürən V.Məmmədovun onu işdən azad etdiyini bildirsə də, qeyd edilənlər arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, “cavabdehdən 10000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, bunu təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və iddiaçı, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər iddia tələbinin “mənəvi zərər” hissəsində də təmin edilməməsi üçün yetərlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi əsas hüquqları vardır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslıdır, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hüquq pozuntusu törədilməmişdir və buna görə də iddia tələbi rədd edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci mafddəsin ə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə 21 may 2021-ci iİ tarixli əmrinin ləğv olunması, boş durma vaxtına görə əmək haqqı ödənilməsi, mənəvi ziyana görə 10000 manat təzminat ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar