Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5954/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada 41 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının (mülkiyyətçinin) söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 2 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 45,9 kv.m olan ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə, 2 ədəd ümumi 73 kv.m-dən ibarət 2 otaqlı tam təmirli olmaqla, cəmi 146 kv.m. mənzilləri və qarajı iddiaçının (mülkiyyətçinin) mülkiyyətinə verməyi, iddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər.
2. Həmçinin, müqavilə şərtlərinə görə, cavabdeh yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdırıaraq, müqavilə şərtlərinə əsasən mənzili təmir edib iddiaçıya təhvil verməyi (2.2.4-cü bənd), müvəqqəti yaşayış məqsədilə mənzil üçün ayda 400 manat olmaqla, 24 aylıq, cəmi 9600 manat kirayə haqqını müqavilə bağlanan vaxt tam olaraq iddiaçıya ödəmək (2.1.2-ci bənd), hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə, bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 2.1.2-ci bəndi, yəni ayda 400 manat olmaqla, 24 aylıq, cəmi 9600 manat kirayə haqqının ödənilməsi cavabdeh tərəfindən icra olunmuş, müqavilədə göstərilən müddətdə və ölçüdə mənzil iddiaçıya təhvil verilməmişdir.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər bir mənzilin sahəsi içəridən hesablanmaqla, 73 kv.m. olan iki ədəd 2 otaqlı, cəmi 146 kv.m olmaqla, tam təmirli mənzillərin (bundan sonra birlikdə - Mənzillər) və qarajın, 2021-ci ildən 2022-ci ilin sentyabr ayınadək 8000 manat ödənilməmiş kirayə haqqının, məhkəməyə müraciət etdiyi gündən mənzillərin ona təhvil veriləcəyi günədək hər ay 400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər bir mənzilin sahəsi içəridən hesablanmaqla, bir ədəd iki otaqlı 95 kv.m. və bir ədəd bir otaqlı 51 kv.m. olmaqla, cəmi 146 kv.m. tam təmirli mənzillərin və qarajın, 2021-2022-ci illər üçün 9600 manat ödənilməmiş kirayə haqqının, mənzillərin ona təhvil veriləcəyi günədək hər ay 400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh müqavilədə göstərilən ölçüdə və qaydada hər biri 73 kv.m. olmaqla, tam təmirli 2 ədəd 2 otaqlı, cəmi 146 kv.mdən ibarət Mənzillərin ona təhvil verilməsinə dair öhdəliyini yerinə yetirməmişdir. Cavabdehlə mübahisəni məhkəməyə qədər pretenziya qaydasında həll etməyə çalışsa da, cavabdeh bundan imtina etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı, habelə onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.
11. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının da mənzilinin yerləşdiyi yaşayış binasının yerində inşa edilmiş cavabdeh tərəfindən tikilmiş yeni yaşayış binasının ilkin lahiyəsində 73 kv.m.-dən ibarət mənzillərin olması nəzərdə tutulsa da, sonradan həmin lahiyə təsdiq edilməmişdir. Təsdiq edilmiş lahiyədə isə 73 kv.m. mənzillər layihələndirilmədiyi üçün inşa edilmiş binada bu ölçüdə mənzillər yoxdur. Bu səbəbdən iddiaçıya bir otaqdan ibarət hər biri 65 kv.m. olan iki mənzil və qalan ölçünün də kompensasiya şəklində pul əvəvzinin ödənilməsinə razıdırlar.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər .
17. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır.
22. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
23. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Tərəflər arasında mənzil tikintisinə dair xx.xx.2017-ci il tarixdə yazılı podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə isə cavabdehin müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən ölçüdə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müqavilədə göstərilən yekun ölçüdə) 2 ədəd mənzilin və qarajın (ölçüsü göstərilməyib) təhvil verilməsi, habelə kirayə haqqının verilməsini tələb edir, cavabdeh isə, sonradan təsdiq edilmiş lahiyə ilə müqavilədə göstərilən ölçüdə mənzillərin inşa edilməməsi səbəbindən öhdəliyin icra edilməsinin mümkün olmamasına əsaslanaraq iddianı qəbul etmir.
31. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada, öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edilir.
32. Tərəflər arasında qanuni əsaslarla yazılı formada podrat müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə konsensual, əvəzli müqavilədir, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Doğrudur, tərəflər arasında konkret muzdun ödənilməsi nəzərdə tutulmasa da, müqavilənin məzmunundan görünür ki, iddiaçı özünün mülkiyyətində olmuş 45,9 kv.m.-dən ibarət mənzilini söküntü üçün cavabdehə təhvil vermiş, cavabdeh isə bunun əvəzində həmin mənzilin də yerləşdiyi yaşayış evinin yerində 2 ədəd yeni mənzili tikirək iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, ödəniş muzd kimi nəzərdə tutulmasa da, müqavilədə göstərilən sifarişi əsasında ona yeni mənzil tikib təhvil verməsi əvəzində, iddiaçı öz mülkiyyətindən cavabdehin xeyrinə imtina etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır.
33. Tərəflər öhdəliklərinin həcmini də dəqiq müəyyən etməklə (müqavilələrin 2.1 və 2.2-ci bəndləri), bağlanılmış podrat mqaviləsində onları konkret göstərmişlər. Müqavilələrin 2.1-ci bəndində iddiaçının öhdəliyinin həddi bunlardan ibarət olmuşdur: söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldıması tarixinədək olan kommunal borcları tam ödəmək şərtilə mənzildə qeydiyyatda olan (2 saylı forma arayışda adları qeyd edilən) və 18 yaşı tamam olmuş şəxslərin bu müqavilə ilə tanış olduqlarına və müqavilənin “Mülkiyyətçi” ilə bağlanmasına etiraz etmədiklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələrini iddiaçıya verilməsini təmin etmək; söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, telefon nömrələrini cavabdehin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək; bina tikintisi dövründə müvəqqəti yaşayış yerinin və telefon nömrələrinin dəyişdirilməsi barədə mlumatı 3 gün müddəində cavabdehin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək. Müqavilələrin 2.2-ci bəndində isə cavabdehin öhdəliklərinin həddi müəyyən edilmişdir ki, bunlara, yuxarıda göstərilən ünvanda 73 kv.m-dən ibarət 2 ədəd, hər biri 2 otaqlı olmaqla, cəmi 146 kv.m.-dən ibarət tam təmirli mənzilləri, yeni tikilicək binanı bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində iddiaçıya təhvil vermək; hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə, podrat müqaviləsinin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin, yəni hər ay 400 manat kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilənədək uzadılmasını təmin etmək və s. daxildir (cavabdehin digər öhdəlikləri üzrə mübahisə yaranmadığı üçün onların sadalanmasına zərurət yoxdur).
34. İşin tədqiq edilmiş halları ilə iddiaçının müqavilədə nəzərdə tutulan öz öhdəliklərini tam icra etməsi müəyyən edilsə də, cavabdeh öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən ölçüdə Mənzilləri və qarajı, müqavilə müddətinin başa çatmasına baxmayaraq, iddiaçıya təhvil verməmişdir. Cavabdehin nümayəndəsi öhdəliyin icra edilməməsinin səbəbi kimi əvvəl tərtib edilmiş layihə sənədlərinin şəhərsalma norma və qaydalarına uyğun olmadığından təsdiq edilməməsini, bunun nəticəsində yeni lahiyə üzrə inşa edilmiş binada 73 kv.m. mənzillərin mövcud olmamasını bildirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş layihə sənədləri ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan binanın sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli (20 mərtəbəli) yaşayış binasının aidiyyəti dövlət orqanları tərəfində təsdiq edilmiş iççi layihəsində sözügedən yaşayış binasının 4,5,6,7,8,9,13,14 və 15-ci mərtəbələrində 73 kv.m.-dən ibarət mənzillər layihələndirilmişdir.
35. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir (§ 18).
36. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək, müqavilədə göstərilən ölçüdə (müqavilədə tikiləcək yeni binada mənzillərin inşasına dair lahiyə sənədləri aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilmişdir) Mənzilləri və qarajı iddiaçıya təhvil verməmişdir. İddiaçının öhdəliyini yerinə yetirməməsi isə onun iradəsindən kənar baş verən hər hansı bir halla əlaqədar olmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
37. Lakin məhkəmənin qənaətinə görə iddiaçı cavabdehdən ümumi ölçüsü müqavilədə göstərilən 146 kv.m.-ə bərabər olsa da, hər bir mənzilin sahəsi içəridən hesablanmaqla, bir ədəd iki otaqlı 95 kv.m. və bir ədəd bir otaqlı 51 kv.m.-dən ibarət mənzilləri tələb etməkdə haqlı deyil. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində onların öhdəliklərinin həcmi göstərilmiş və bunlar 33-cü paraqrafda qeyd edilmişdir. Müqavilə üzrə cavabdehin mənzillərə münasibətdə öhdəliyinin həcmi yuxarıda göstərilən ünvanda 73 kv.m-dən ibarət 2 ədəd, hər biri 2 otaqlı olmaqla, cəmi 146 kv.m.dən ibarət tam təmirli mənzillərin inşa edilərək iddiaçıya təhvil verilməsi ilə müəyyən edilmişdir. Yəni, cavabdehin öhdəliyinin həcmi xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə tikilərək təhvil verilməsi nəzərdə tutulan Mənzillərin ölçüsü və təhvil veriləcək mənzillərin vəziyyəti (tam təmirli) həddindədir. Cavabdehin nə göstərilməyən ölçüdə mənzillərin təhvil verilməsi, nə də mənzillərin sahəsinin içəridən ölçülülüb hesablanmaqla təhvil verilməsi barədə öhdəliyi müqavilədə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə əlavə öhdəliyin qoyulması onun məsuliyyət həddindən kənara çıxır ki, bu da Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə ziddir. Həmin müddəada göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Həmçinin, podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, podratçının öhdəliyinin həddi müqavilədə göstərilən işin həcmi ilə məhdudlaşır. Odur ki, cavabdehin öhdəliyinin həcmi iddiaçıya xx.xx.2017-ci il tarixli müavilədə göstərilən 73 kv.m-dən ibarət hər biri 2 otaqlı olmaqla, 2 ədəd tam təmirli mənzillərin verilməsi olduğu halda, onun üzərinə bir ədəd iki otaqlı 95 kv.m. və bir ədəd bir otaqlı 51 kv.m.-dən ibarət mənzillərin təhvil verilməsi öhdəliyinin qoyulması cavabdehin öhdəliyindən kənara çıxmış olur. Həm də, məhkəmə xüsusilə vurğulayır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində göstərilən 73 kv.m-dən ibarət ölçüdə Mənzillərin layihələndirilməsi və inşa edilməsi məhkəmə araşdırması zamanı müəyyən edilir.
39. Bundan başqa, məhkəmə qeyd edir ki, müqavilə tərəfinin üzərinə razılaşdırılmamış öhdəliyin qoyulması, müqavilənin məzmununun müəyyən edilməsi ilə bağlı iradə (müqavilə) azadlığını heçə endirmiş olar ki, bu da eyni zamanda mülki hüquq subyektlərinin bərabərliyi və mülki hüquq subyektlərinin iradə sərbəstliyini nəzərdə tutan mülki qanunvericiliyin prinsiplərinə zidd olardı (Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, mənzil fərdən müəyyən edilən (fərdi əlamətlərinə görə digər əşyalardan fərqlənən) əşyadır. Kreditor isə yalnız fərdi-müəyyən əşyanı öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini borcludan tələb edə bilər (§ 22). Odur ki, məhkəmə hesab edir ki, mənzillərə münasibətdə iddia tələbi tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 41 nömrəli müqavilədə göstərilmiş mənzillərin iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır.
40. Məhkəmə, həmçinin hesab edir ki, 2021-2022-ci illər üçün 9600 manat (400 manat x 24 ay = 9600 manat) ödənilməmiş kirayə haqqının, habelə mənzillərin ona təhvil veriləcəyi günədək hər ay 400 manat kirayə haqqının tutulması hissəsində əsaslıdır.
41. Belə ki, tərələr arasında bağlanmış sözügedən podrat müqaviləsinin 2.1.2-ci bəndindən görünür ki, cavabdeh 1 aylıq kirayə haqqı 400 manat olmaqla, 24 ay müddət üçün (müqavilənin 2.2.4-cü bəndində cavabdeh öhdəlik götürmüşdür ki, yeni tikilicək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzili təmir edib, iddiaçıya təhvil verəcək) 9600 manat kirayə haqqını iddiaçıya ödəmişdir. Eləcə də, müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, cavabdeh hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə, podrat müqaviləsinin 2.1.2-ci bəndində (kirayə ödənişi ilə bağlı bənd) nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilənədək uzadılmasını təmin edəcəkdir.
42. İşin mübahisəsiz halıdır ki, Mənzillər hələ də iddiaçıya təhvil verilməmişdir. Hətta, məhkəmə araşdırması zamanı Mənzillərin müqavilədə göstərilən müddətdə inşa edilməməsi də müəyyən edilmişdir. Mənzillərin iddiaçıya vaxtında təhvil verilməməsi isə, məhkəmə araşdırması zamanı əldə olunmuş nəticəyə əsasən, cavabdehin təqsiri üzündən baş vermişdir, çünki bu halı təkzib edən sübutları sonuncu məhkəməyə təqdim etməmişdir. Müqavilədə göstərilən ölçüdə mənzillərin layihələndirilməməsi və inşa edilməməsi ilə bağlı cavabdehin arqumenti isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı ki, bu barədə də yuxarıda ətraflı qeyd olunmuşdur.
43. Məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, kirayə haqqı ödənişinin mənzil təhvil verilənədək ödənilməsinin təmin edilməsi cavabdehin öhdəliyinə daxil olduğundan iddia həm 2021-2022-ci illər üzrə 9600 manat, həm də Mənzillər iddiaçıya təhvil verilənədək hər ay 400 manat kirayə haqqının tutulması hissədə təmin edilməlidir.
44. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilməsin. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət, 2 ədəd, 2 otaqlı, cəmi 146 kv.m.-dən ibarət tam təmirli mənzillər və qaraj "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. 2021-2022-ci illər üçün 9600 manat kirayə haqqı və ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət, 2 ədəd, 2 otaqlı, cəmi 146 kv.m.-dən ibarət tam təmirli mənzillər İddiaçı təhvil verilənədək hər ay 400 manat kirayə haqqı "xxxx" MMCdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə (mənzilin sahəsinin içəridən hesablanması, bir ədəd iki otaqlı 95 kv.m. və bir ədəd bir otaqlı 51 kv.m.-dən ibarət mənzillərin təhvil verilməsi hissəsində) təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı