Məhkəmə qərarları › İş №2(011)-5957/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5957/2025

15.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5957/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K- 14/2025 nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir: “xx.xx.2006-cı il tarixindən xx.xx.2025-ci il tarixinədək Şəmkir X20 İdarəsinin Şəmkir xidmət sahəsi üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 8-ci dərəcəli texnik vəzifəsində işləmişəm. xx.xx.2025-ci il tarixində işə düzəlməsinə mən köməklik göstərdiyim və X28 İdarəsinin Şəmkir xidmət sahəsinə təhkim olunmuş “DOST İş“ MMCnin sosial işçisi X11 üzrlü səbəb göstərmədən işə saat 10:30 radələrində gəldiyi üçün mənə həvalə edilmiş davamiyyət kitabına qol çəkmək istəyəndə Yeganə Əzimovaya icazə vermədim və ona İdarə rəisinin müavini Səbuhi Əliyevə işə gec gəlməsi ilə bağlı məlumat verməli olduğunu bildirdim. O isə mənə dedi ki, Əhmədağaya bildirmişəm, o deyib ki, qol çək. Mən isə Yeganəyə Əhmədağanın səlahiyyət sahibi olmadığını dedim. Bu zaman Yeganə Əzimova mənə qarşı təhqirə əl ataraq nalayiq sözlər işlətməyə başlamışdır, sonradan əl-qol hərəkətlərinə əl ataraq mənə xəsarət də yetirmişdir. Bundan sonra idarə rəisinin müavini məni və digər işçini otağına çağırdı, həmin gün başqa bir işçinin ad günü olduğundan tortkəsmə mərasimi idi və tortu mən kəsirdim, rəis müavini çağırdığı üçün təcili əlimdə getdim, bıçaq əlimdə idi, buna görə də rəis müavini elə başa düşdü ki, mən onun otağına məqsədli olaraq əlimdə bıçaq ilə gəlmişəm, lakin əlimdə bışaq ilə gəlməkdə mənim hər hansı bir məqsədim olmayıb, təsadüfən belə alındı. Digər işçi hadisə ilə bağlı mənim barəmdə Şəmkir RPŞ-yə şikayət etdikdən sonra mən də onun mənə xəsarət yetirməsi barədə Şəmkir RPŞ-yə ərizə ilə müraciət etdim. Həmçinin onun özü, atası Namiq Rəsulov, əri X29 X20 İdarəsinin rəisi Taleh Şamradovun qəbulunda olaraq mənim barəmdə həqiqətə uyğun olmayan yalan məlumatlar vermiş, mənim işdən çıxarılmağımı da tələb etmişlər. Şəmkir X20 İdarəsinin idarə rəisinin müavini Səbuhi Əliyev mənə gizli şəkildə onların mənimlə bağlı etdiyi şikayətə görə Şəmkir X20 İdarəsində mənim iştirakımla Həmkarlar Təşkilatının iclası olacağını və onların qərarı ilə mənim günahsız olacağımı bildirdi. Lakin bu belə olmadı. xx.xx.2025-ci il tarixində Şəmkir X20 İdarəsinin İcraya X3 şöbə rəisi X9 daxili telefon vasitəsilə mənimlə əlaqə yaradaraq məndən Şəmkir X20 İdarəsinin İnzibati binasına işçilərin işə davamiyyət tabelinin gətirilməsini tələb etdi. Sevinc Xəlilovanın tələbinə əsasən, mən Şəmkir X20 İdarəsinə yaxınlaşdım. Binaya daxil olar-olmaz Şəmkir X20 İdarəsinin Həmkarlar təşkilatının sədri Mansur Musayev mənim əlimə bir kağız parçası uzadaraq tez bununla tanış ol və imza at mənə ver dedi. Mən Şəmkir X20 İdarəsinə çatanda saat günorta 4 olardı. Mansır Musayevin əlimə tutuşdurduğu bu kağız sən demə mənimlə bağlı Həmkarlar Təşkilatının iclasının qurulması barədə xəbərdarlıq imiş. Tabel adı ilə məni Şəmkir X20 İdarəsinə çağırdılar, amma həmin gün saat 5-in yarısında Həmkarlar təşkilatı quruldu və həmin iclasda iştirak etdim. Mansur Musayevin mənə həmin qərarda iş vaxtı iş ahəngini pozduğum üçün məni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə guya əmək funksiyamı yerinə yetirmədiyimə görə mənim işdən azad edildiyimi bildirdi. Lakin işəgötürən məni işdən azad edərkən mənim şəxsiyyətimi, kollektivdə nüfuzumu, peşəkarlıq səviyyəmi nəzərə almamışdır. Mən işlədiyim müddətdə daim nizam-intizama riayət etmişəm, rəhbərliyin göstərişlərini yerinə yetirmişəm. Mənim işdən azad olunmağım ailə vəziyyətimin daha da ağır vəziyyətə düşməyinə səbəb olmuşdur. Mənim himayəmdə 4 azyaşlı övladım var, həyat yoldaşım heç yerdə işləmir, mən ailəyə yeganə qazanc gətirən şəxsəm. Ailəmin dolanacaq xərclərini təmin etmək üçün bankdan kredit belə götürmüşəm, hazırda mənim banka 17358 manat məbləğində borcum vardır. Lakin işəgötürən bu saydığım amillərin heç birini nəzərə almadan xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 nömrəli əmri ilə aramızda bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3- 1K-14/2025 nömrəli əmrdə mənim işdən çıxarılmağıma görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə istinad edilsə də, mənim işdən çıxarılmağıma səbəb olan hal izah edilməmişdir. Mən işdən azad olunarkən “DOST İş“ MMC-nin sosial işçisi X6 üzrlü səbəb göstərmədən işə gec gəlməsi ilə bağlı aramızda olan mübahisəyə görə işdən azad edilməsi bildirilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrdə bu əsaslandırma öz əksini tapmamışdır”. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınaraq, iddiasının təmin edilməsini və işə bərpa edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraicət edərək bildirmişdir ki, İddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl X4 iştirakla bağlı Cavabdeh hüquqi ünvanına xx.xx.2025-ci il tarixində, yəni əmrin iddiaçı tərəfindən əldə olunduğu tarixdən 4 aydan artıq müddət sonra ərizə ünvanlanmışdır, iddiaçı xx.xx.2025-ci il tarixində İMS-də iştirak edilməməsi barədə Arayışı əldə etmişdir, xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən işdən azad olunduğu tarixdən 4 aydan artıq müddət sonra aiddiyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etməklə əmək qanunvericiliyinin 296.2-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş 1 təqvim ayını ötürülmüşdür. Cavabdeh müvafiq tələb üzrə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən X12 şahid qismində ifadə verərək izahatında bildirmişdir: “xx.xx.2025-ci il tarixinə (dünənə) qədər qəza-dispetçer xidmətində texnik vəzifəsində işləmişəm. Yeganə ilə Sona arasında olan bu söz-söhbətə şəxsən şahid olmuşam, Yeganə Sonanın yanına otağa gələndə mən də otaqda idim, saat 10-11 arası olardı təxminən, Yeganə girdi otağa ki, tabeli ver mənə imzalayım. Sona da ona bildirdi ki, mənə tapşırılıb ki, gecikənə tabelə qol çəkməyə qoymayın. X17 Qaz İstismar İdarəsinin rəis müavini Səbuhi Əliyev özü bununla bağlı tapşırıq vermişdi. Yeganə Sonaya dedi ki, mən icazani Əhmədağadan almışam, Sona da ona bildirdi ki, Əhmdəağa o şöbənin adi bir mühəndisidir və səlahiyyət sahibi deyil. Yeganə ilə Sona arasında mübahisə elə buradan başladı, aralarında mübahisə oldu, Yeganə otaqdan çıxdı, sonra Əhmədağaya nə dedisə, Əhmədağa Sonanın otağına əsəbi şəkildə gəldi. Sona da ona başa saldı ki, Yeganəyə onun haqqında heçnə deməyib, sadəcə tabellə bağlı səlahiyyətinin olmadığını qeyd edib. Həmin gün bizdə texnik var idi, Tağıyev Azər onun 65 illiyini qeyd edirdik, işdə ad günü mərasimi keçirilirdi, hələ bu söz-söhbət yaranmadan qabaq. Mən otağa girəndə gördüm ki, Sona Yeganəyə deyir ki, gəl çıxaq çöldə sakitliklə həll edək, bu qədər kişinin içində səsimiz yayılır, ayıbdır. Yeganə təhqirə keçərək Sonanı otaqdan qovmağa çalışdı ki, çıx eşiyə qalma sən burda. Sona da burda ona reaksiya verərək onun siravi bir işçi olduğunu və heç kimi otaqdan qova bilməyəcəyini bildirdi. Sona çox təsirlənmişdi, mən də onu çıxartdım otaqdan çölə onu sakitləşdirməyə çalışdım. Sona ilə heç bir qohumluğum yoxdur, idarədə 26 ildir ki, mən işləyirəm, 19-20 ildir də Sona işləyir. Sonanın heç töhmətləri də çox deyildi, hansı ki o töhmətlərin ikisi Sonanı sonralar işdən çıxara bilsinlər deyə verilmiş töhmətlər idi. Sonra Sona getmişdi Həmkarlara, orada olarkən mənə ağlayaağlaya zəng vurdu və işdən çıxma xəbərini verdi. Ümumiyyətlə Sona məni idarənin neçə illik işçisi, bir ağsaqqal kimi sayırdı, hörmət edirdi. Mən həmin gün idarədə idim, Səbuhi müəllim özü çağırdı məni ki, Sona pis vəziyyətdədir, onu apar evə. Mənim maşınım var, Sona ilə də münasibətimiz yaxşıdır deyə elə Səbuhi müəllim mənə tapşırdı. Mən Sonanı aparanda yolda onu sakitləşdirməyə çalışdım”. İş materiallarından görünür ki, Şəmkir X19 İdarəsinin İdarə rəisi X22 rəisinin müavini Səbuhi Əliyev tərəfindən işçilər haqqında tədbir görülməsi barədə müraciət olunmuşdur. Müraciətin məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixində "xxxx" MMC tərəfindən Şəmkir XS-nə təhkim olunmuş yardımçı fəhlə X11 heç bir icazə olmadan işə vaxtında gəlməmiş, bundan sonra 10:00 radələrində işə gələrək tabelə imza etmək istəmiş, lakin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki Sona X2 Yeganə Namiq qızına işə gec gəldiyi üçün tabelə imza etməyə icazə verməmişdir. Sonra Şəmkir XS-nin inzibati binasının Sayğacların Qəbulu və İstismarı xidmətinə ayrılmış otağında Şəmkir XS-nin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızı ilə "xxxx" MMC tərəfindən Şəmkir XS-nə təhkim olunmuş yardımçı fəhlə X11 arasında tabelə imza etmək məsələsi üstündə mübahisə yaranmış və nəticədə Şəmkir XS-nin iş ahənginin pozulmasına səbəb olmuşdur. X26 XS-nin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızı və "xxxx" MMC tərəfindən Şəmkir XS-nə təhkim olunmuş yardımçı fəhlə X11 barəsində müvafiq tədbir görülməsinə münasibət bildiriıməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, bu Aktı imzalayanlar- Şəmkir RQİİ-nin Şəmkir XS-i üzrə SQ və İX-nin şöbə rəisi Qurbanov Sərdar, Şəmkir RQİİnin Şəmkir XS-i üzrə SQ və İX-nin mühəndisi Xasayev Səbuhi, Şəmkir RQİİ-nin Şəmkir XS-i üzrə QDX-nin texniki Əsgərov Mehman təsdiq etmişdirlər ki, xx.xx.2025-ci il tarixində saat 10 radələrində Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızı, SQ VƏ İX-i şöbəsinə yönəldilən sosial işçi X11 tebel imzası üstündə mübahisələri düşdü, əlbəyaxa oldular, QDX-nin texniki X13 yaxınlaşaraq onları ayırdı. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, İddiaçı və X6 cinayət işinin başlanmasının rədd olunması, İddiaçı və X6 əməllərində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Şəmkir RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AR DİN Şəmkir rayon Polis Şöbəsi tərəfindən Cavabdeh Şəmkir X20 İdarəsinin rəisi Taleh Şamradova göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-13- 110/2-2913/2025 saylı Təqdimatdan görünür ki, İddiaçı və X6 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, lakin onların əməllərində inzibati xəta tərkibi olduğundan barələrində AR İXM-nin 157-ci maddəsi üzrə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-nə göndərilmişdir. İddiaçı və X6 xidməti iş başında qanun pozuntularına yol verərək əmək intizamını pozmaqla İdarənin normal iş fəaliyyətinin qısa müddətə pozulmasına səbəb olan imzibati xəta əməllərini törətmişlər və onların hərəkətləri yol verilməz olduğundan və gələcəkdə bir daha onlar və ya digər əməkdaşlar tərəfindən bu kimi qanun pozuntularının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinin məqsədəmüvafiq olması bu təqdimatda qeyd olunmuşdur. İş materiallarında olan idarə rəisi Taleh Şamradov tərəfindən Şəmkir rayon X14 Bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyevə təqdim olunmuş Təqdimatın icrası haqqında məlumatdan görünür ki, İddiaçı və X11 ilə bağlı qanunamüvafiq tədbir görülmüşdür. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və tutduğu vəzifədən azad edilmişdir. X6 əmək müqaviləsinə isə "xxxx" MMC tərəfindən xitam verilmişdir. İş materiallarında olan Şəmkir X19 İdarəsinin İdarə rəisi X18 RQİİ-nin İnsan Resursları şöbəsinin şöbə rəisi X16 tərəfindən “İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmasına münasibət bildirilməsinə dair” Xidməti Yazıdan görünür ki, iş materialları üzrə nöqsana yol vermiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək üçün əsas yaranmışdır. Şəmkir RQİİnin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı ilə RQİİ arasında bağlanmış 461 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi üçün iş materiallarının Şəmkir RQİİ kollektivinin müzakirəsinə çıxarılmasına, Həmkarlar Təşkilatına göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Şəmkir X19 İdarəsində Həmkarlar Təşkilatı tərəfindən iclas keçirilmişdir. Həmin İclasın xx.xx.2025-ci il tarixli, 12 saylı Protokolundan görünür ki, gündəlikdəki məsələ Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızının əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi barədə olmuşdur. Şəmkir X19 İdarəsinin Həmkarlar Təşkilatının sədri X23 üzvlərinə HT-na daxil olmuş Şəmkir X20 İdarəsinin idarə rəisi cənab Taleh Şamradovun 14-2-2-13/2-225/2024 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə əlaqədar Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızı ilə əmək intizamına və idarədaxili intizam qaydalarına əməl etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xitam verilməsinə münasibət bildirilməsini xahiş etdi. Gündəlikdəki məsələ müzakirə edildikdən sonra Həmkarlar təşkilatı Heyəti qərara aldı: “Şəmkir RQİİ-nin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızı ilə RQİİ arasında bağlanmış 461 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, ləğv edilməsinə etiraz edilməsin. Qərarın icrasına nəzarət HT-nin sədri Mansır Musayevə həvalə olunsun.“ İş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində SOCAR Cavabdeh Şəmkir X20 İdarəsi Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinə 8-ci dərəcəli texnik vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 saylı İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrdən görünür ki, Şəmkir X19 İdarəsinin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində 8-ci dərəcəli texnik vəzifəsində çalışan İddiaçı Qurban qızı ilə RQİİ arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 461 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını yerinə yetirməməsi səbəbindən ləğv edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində öz imzası ilə həmin Əmrlə tanış olduğunu təsdiqləmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh Şəmkir X19 İdarəsində əmək hüquqlarının pozulması barədə AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətinə AR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətində baxılmışdır, işə bərpa olunmağı ilə əlaqədar Cavabdeh rəhbərliyinə, ya da məhkəməyə müraciət etmək hüququndan istifadə etməsi ona tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı 21 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X4 (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00072 saylı Arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Cavabdeh isə İMS-də iştirak etməmişdir. Ərizədə göstərilən mübahisənin predmeti xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya rüsumu və 10 manat kargüzarlıq xərci ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixində SOCAR Cavabdeh Şəmkir X20 İdarəsi Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinə 8-ci dərəcəli texnik vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2025-ci il tarixində saat 10 radələrində Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki İddiaçı Qurban qızı iş yerində və vaxtında digər işçi ilə mübahisə yaradaraq əmək intizamına və idarədaxili intizam qaydalarına əməl etməmiş, bu əməllərə görə İddiaçı əməllərində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati inzibati cərimə tətbiq olunmuşdur, həmçinin polis orqanı tərəfindən İddiaçı və digər işçinin əməlləri barədə qanunamüfaviq tədbirlərin görülməsi üçün onların işlədikləri yerə təqdimat verilmişdir, bundan sonra xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 saylı Əmrə əsasən, Şəmkir X19 İdarəsinin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində 8-ci dərəcəli texnik vəzifəsində çalışan İddiaçı Qurban qızı ilə RQİİ arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 461 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını yerinə yetirməməsi səbəbindən ləğv edilmişdir, işçi ilə əmək müqaviləsi ləğv edilməzdən əvvəl müəssisənin həmkarlar təşkilatının razılığı alınmışdır, İddiaçı xx.xx.2025-ci il tarixində öz imzası ilə həmin Əmrlə tanış olduğunu təsdiqləmişdir, tərəflər arasındakı mübahisə İddiaçı işə bərpa edilməsi barədədir, iddiaçı fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2025ci il tarixində Bakı 21 saylı Mediasiya Təşkilatına, xx.xx.2025-ci il tarixində isə məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında işdən azad edilmə barədə xx.xx.2025-ci il tarixli əmrin surətini iki gün sonra aldığını, yəni bu vaxtdan etibarən hüquqlarının pozulmasından xəbərdar olduğunu bildirmişdir, cavadbeh əmək mübahisələri ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar, həmçinin işdən çıxarma barədə əmrin qanunsuz olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə fərqli iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən (müdiasiya dövrü çıxılmaqla) 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də iddiaçı əmək müqaviləsinə xitam verilməklə hüququnun pozulduğunu xx.xx.2025-ci il tarixində bilmiş, mediasiyaya xx.xx.2025-ci il tarixdə, məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, işçi hüququnun pozulduğunu bildiyi xx.xx.2025-ci il tarixindən mediasiyaya müraciət tarixinə qədər 3 aydan artıq müddət keçirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin keçməsi baərdə ərizəsi əsaslıdır və ona görə ərizə nəzərə alınmalı iddia müddəti tətbiq edilməlidir. Məhkəmə, iddiaçının “daha əvvəl mediasiya təşkilatına müraciət etməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iddia müddətinin üzrlü səbəbi kimi nəzərə alına bilməz, çünki iddiaçıya işəgötürən müəssisə (Cavabdeh İB) məlum olduğu halda iddia tələbi ona yönəlməmiş, mediasiya icraatı da həmin iddia tələbinə uyğun olaraq həyata keçirilmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən, mübahisələndirilən əmrin qanunsuzluğuna dair hallar da müəyyən edilmir. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, iş yerində və vaxtında işçi digər işçi ilə mübahisə yaradaraq əmək intizamına və idarədaxili intizam qaydalarına əməl etməmiş, bu əməllər əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olnuş, həmçinin İddiaçı əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati inzibati cərimə tətbiq olunmuşdur ki, bu da əmək qanunvericiliyinə müvafiq olaraq işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi ilə onun əmək vəzifələrinin kobud şəkildə pozması hallarına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, X15 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin ... təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə” iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar