Məhkəmə qərarları › İş №2(011)-5973/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5973/2024

09.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5973/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi,işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh " Azəriqaz" İstehsalat Birliyinə qarşı əmrin ləğv edilməsi,işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mülki iş üzrə xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etsə də onun etibarnaməsinin qüvvədə olma müddəti bitmiş, ona görə də məhkəmə iclasında iştirakı məhkəmə tərəfindən nəzərə alınmamışdır.

3. İlk məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş həmin məhkəmə iclasında da iddiaçı tərəf- iddiaçı və yaxud onun nümayəndəsi (vəkili) iştirak etməmişdir. Növbəti məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsi və baxış iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

İşə baxan məhkəmənin mövqeyi:

6. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Mülki iş üzrə xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etsə də onun etibarnaməsinin qüvvədə olma müddəti bitmiş, ona görə də məhkəmə iclasında iştirakı məhkəmə tərəfindən nəzərə alınmamışdır.

8. İlk məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş həmin məhkəmə iclasında da iddiaçı tərəf- iddiaçı və yaxud onun nümayəndəsi (vəkili) iştirak etməmişdir. Daha sonra məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsi və baxış iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin mülki iş materiallarına əlavə edilmiş etibarnaməyə əsasən müəyyən edilmişdir ki, iddiaçının vəkilinin etibarnaməsinin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçının vəkili məhkəməyə ünvanladığı ərizəyə iddiaçının adından imza etmək səlahiyyətini təsdiq edən sənədi (etibarnaməni) əlavə etməmişdir. Odur ki, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ünvanlanmış ərizə imza etmək səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən məhkəmə tərəfindən nəzərə alına bilməz. Qeyd edilən hal məhkəmə tərəfindən iddiaçının məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməməsi kimi qiymətləndirilir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və iddiaçının iki baxış iclasında iştirak etməməsini bildirərək iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə araşdırmasının iddiaçının iştirakı olmadan aparılması qeyri-mümkündür və mülki iş baxılmamış saxlanılmalıdır.

9. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. (§5)

10. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılır.

11. Eyni zamanda prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən məhkəmə araşdırmasının davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.7, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi,işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar