Məhkəmə qərarları › İş №2(011)-5977/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5977/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5977/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixdə “X2” də mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçının tikilməkdə olan binasında ümumi sahəsi 65.0 kv.m olan 169 saylı mənzili (Bundan sonra – Mənzil) iddiaçıya verməyi, iddiaçı isə mənzili qəbul edərək, mənzilə görə 39 000 manat ödəməyi öhdələrinə götürmüşlər.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı mənzilin pulunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmidir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, tənha anadır, həm də xəstədir. Bir oğlu və bir qızı var. Onları tək başına min bir əziyyətlə böyütmüşdür. 2010-cu ildə Həzi Aslanov metrosu yaxınlığında, Məhəmməd Hadi 58 ünvanında yerləşən X2inin tikilməkdə olan binasında 65 kv m. sahəsi olan bir otaqlı mənzil almışdır. Mənzili aldığı zaman oğlu hərbi xidmətdə, qızı isə tələbə idi. Mənzilin pulunu çox böyük çətinliklə təkbaşına vermişdir. Mənzili almazdan qabaq layihədə binanın qarşısında olan boş sahədə istirahət mərkəzi və park olacağı qeyd olunmuşdu. Lakin son aralar layihədə istirahət mərkəzi kimi qeyd olunan ərazidə yeni hündürmərtəbəli (on bir mərtəbənin qarşısını kəsən) ticarət mərkəzi tikildi. Onun mənzilinin qarşısında tikilən yeni bina ilə ara məsafəsi 10 metrdən də az saxlanıldı. Tikilmiş binanın divarları onun mənzilinin qarşısını tam kəsib, mənzilə nəinki hava, hətta gün işığı belə düşmür. O, xəstədir, mənzilin qarşısının tam kəsilməsi, oraya havanın, günəş işığının belə daxil olmaması səbəbindən orada yaşaya bilmir. Çox çətinliklə aldığı mənzilin o vəziyyəti onun səhhətinə təsir edir. Özü evi ola-ola on ilə yaxındır ki, kirayədə yaşayır. Aldığı təqaüdlə hər ay kirayə pulu ödəyir. Mənzili sataraq başqa yerdə ev almaq istəyir. Oğlunun 36 yaşı var. Ev alıb onu evləndirmək istəyir. Evi olmadığı üçün onu evləndirə bilmir. Lakin evi sata bilmir. Çünki, mənzili almaq istəyənlərin hamısı evin qarşısının divarla tam kəsildiyini, mənzilə hava və gün işığının belə düşmədiyini söyləyirlər. O, mənzilin qarşısının tamamilə kəsilməsi səbəbindən onu sata bilməməyini dəfələrlə ASC-nin rəhbərliyinə məlumat vermişdir. Hələ bütün bunlar azmış kimi binanın rəhbərliyi mənzilin çıxarışını almaq üçün ona lazım olan sənədləri belə vermirlər. Həmin sənədləri vermək üçün ondan 1000 manat pul tələb edirlər. O, onlara kirayədə yaşadığını, bu neçə illərdə ona nə qədər maddi və mənəvi ziyan vurmaqlarını söyləyərək pulunun olmadığını söyləmişdir. Və hətta, insanlıq xatirinə mənzili satarakən həmin pulu ödəyəcəyini belə söyləmişdir. Lakin, bu da heç bir nəticə verməyib. Sonuncu bir ay müddətində onların ofislərinin əlaqə nömrəsinə (***-***-**-**) yüz dəfələrlə zəng etmişdir. Onlar nömrəni tanıdıqları üçün telefona cavab vermirlər. Məcbur qalıb, özü dəfələrlə həmin binada onların yerləşdiyi ofisə getmiş, qapıda olan nəzarətçilər isə onu içəri buraxmayıblar. Layihəni pozaraq, onun binasının qarşısını kəsərək tikdikləri binanı isə müxtəlif idarələrə külli miqdarda vəsaitlə icarəyə veriblər. Kimsə onun mənzilinin qarşısını kəsdiyi ticarət mərkəzindən hər ay külli miqdarda pul qazanacaq, o isə mənzili ola-ola kirayələrdə yaşamağa məcbur qalacaq. On iki il müddətində mənzili ola-ola kirayədə yaşamışdır, keçirdiyi əsəb sarsıntıları ilə bağlı nəinki Azərbaycanda, hətta, müxtəlif xarici ölkə xəstəxanalarında müalicə almışdır. Lakin, o, insanlıq xatirinə ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini istəmir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassız və yalandır. İddiaçı ilə aralarında olan müqavilənin şərtlərinə tam əməl edilmişdir. Hal hazırda həmin ərazidə bütün mənzillər tam tikilib vətəndaşların istifadəsinə verilmişdir. İddiaçıdan başqa bu məsələ ilə bağlı heç kim narazı və şikəyətçi deyillər. Həmin bina 2019-cu ildə Dövlətə tam hazır vəziyyətdə təhvil verilmişdir. Bununla bağlı Fövqəlada Hallar Nazirliyindən, Bakı şəhəri icra Hakimiyyətindən, Arxitektura və şəhər salma idarələrindən təhvil aktları ilə razılaşdırılmış və yaşayış üçün bina tam yararlı hesab edilmişdir. Sonralar həmin binada yaşayan vətəndaşların çox hissəsi mənzilləri üçün çıxarış alıb mülkiyyət hüquqlarına keçiriblər. Lakin iddiaçı ərizəsində qeyd etdiyi kimi guya ki, mənzilinə çıxarış ala bilməməsi və buna səbəbdə guya ki, iddiaçının ondan pul tələb etməsini hamısı bir bəhanədir. İddiaçı mənzilini hal-hazırda satmaq istəyir, lakin dəyərindən çox baha satdığı üçün həmin mənzili heç kim almır. Həmin mənzil 2012-ci ildə iddiaçıya 39.000 manata müqavilə əsasında satılmışdır. Hazırda iddiaçı əsassız olaraq mənzilin qiymətini dəyərindən qat-qat artıq satmaq fikrində olduğu üçün satılmır, buna görədə əsassız bəhanələr gətirərək iddiaçıya qarşı iddia qaldırmışdır.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, bina ilə cavabdeh tərəfindən tikilmiş obyekt arasında 15 metr ara var, indiki dövrdə buna icazə yoxdur. Mənzilin eyvanından baxanda divar görünür. Həmin tikili olmasaydı, o mənzilindən razıdır.

8. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək, bildirdi ki, hazırki tələblə bağlı sübutetmə yükü onun üzərinə düşür, o isə sübut edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

14. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

15. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

16. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatarını dinləyərək iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. İddiaçı aralarında bağlanmış Mənzilin alqı-satqı müqaviləsinə əsasən cavabdehdən aldığı mənzilin qarşısında başqa tikili inşa edildiyi üçün cavabdehə ödədiyi 120 000 manat pulun geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə görə ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etməsi mahiyyətcə cavabdehlə aralarında bağlanmış mənzilin tikintisi haqqında müqaviləsinin ləğv edilməsini özündə əks etdirir.

26. Mülki Məcəllədə müqavilənin ləğvi üçün üç şərt tələb olunur: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşmasıdır. Hazırki mübahisə üzrə bu hal, yəni tərəflərin razılaşması yoxdur.

27. İkinci şərt, müqavilənin bir tərəfin tələbi ilə pozulması ilə bağlıdır. Bu zaman müqavilənin ləğvini tələb edən tərəf sübut etməlidir ki, müqaviləni digər tərəf əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. Məhkəmə ikinci şərtlə bağlı bildirir ki, həmin şərtin mövcud olması üçün digər tərəf müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmalıdır. Hazırki mübahisədə isə bu hal mövcud deyil. Belə ki, tərəflər aralarında bağladıqları müqaviləyə əsasən, cavabdeh müqavilədə qeyd olunan Mənzilin iddiaçıya verilməsi, iddiaçı isə Mənzili qəbul edərək, sahənin haqqını vaxtında ödəməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. Müqavilənin hər iki tərəfi öz üzərinə düşən öhdəliyi icra edərək – cavabdeh Mənzili iddiaçıya təhvil vermiş, iddiaçı isə Mənzilin müqabilində müəyyənləşdirilmiş haqqı ödəmişdir. Həm də tərəflərin öz öhdəliklərini icra etməsindən uzun müddət, on iki il vaxt keçmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən olunur ki, bu müddət ərzində iddiaçı cavabdehin öz öhdəliyini icra etməməsi, yaxud qüsurlu icra etməsi barədə iddia irəli sürməmişdir.

28. Müqavilənin ləğv edilməsinin üçüncü şərti isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin bağlanması zamanı tərəflər arasında mövcud olmuş şəraitin, (hansı ki, müqavilənin icrası şərtləri həmin şəraitə uyğunlaşdırılmışdır) sonradan müqavilənin icrası zamanı dəyişməsini nəzərdə tutur ki, bu dəyişmə nəticəsində müqavilənin icrası ya mümkün olmur, ya da xeyli dərəcədə çətinləşmiş olur. Şəraitin əməmiyyətli dərəcədə dəyişməsini şərtləndirən hallar birbaşa müqavilənin sonradan icra edilməsinə təsir göstərən amillərdir. Ona görə də, qanun müəyyən edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisə üzrə həmin hal da mövcud deyil.

29. İddiaçının Mənzilə görə ödənilən puldan qat-qat artıq, yəni 120000 manat tələb etməsinin yeganə dəlili Mənzilin eyvanının qarşısında hündürmərtəbəli tikilinin inşa edilərək, onun Mənzilinə gün işığının düşməsinin qarşısını almaqla bağlıdır. İddiaçı bu dəlilinin əsası kimi ona istinad edir ki, cavabdehlə müqavilə bağlanarkən onlar razılığa gəlmişlər ki, binanın qarşısında park, əyləncə mərkəzi olacaq və bunun müqavilədə də qeyd olunduğunu bildirir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2010cu il tarixində tərəflər arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilədə belə bir razılaşma və ya əlavə bənd qeyd olunmamışdır.

30. Məhkəmə qeyd edir ki, müqavilə azadlığı müqavilənin məzmununu və öhdəliyinin hədlərini (müqavilə şərtlərini) müqavilənin bağlanması anında (yaxud bundan sonra yenə də tərəflərin razılaşması formasında) müəyyən etməkdə tərəflərə iradə sərbəstliyi verir. Bu ona dəlalət edir ki, heç bir tərəf müqavilədə nəzərdə tutulmayan öhdəliyi digər tərəfdən tələb edə bilməz, yaxud əvvəlcədən müəyyənləşdirilməmiş öhdəliyin icra edilməməsinə istinad edərək müqaviləni poza bilməz. Əks halda, bu müqavilənin məzmununun müəyyən edilməsi ilə bağlı iradə (müqavilə) azadlığını heçə endirmiş olar və mülki hüquq subyektlərinin bərabərliyi, eləcə də iradə sərbəstliyini nəzərdə tutan mülki qanunvericiliyin prinsiplərinə zidd olardı (Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələri).

31. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış müqavilədə cavabdehin nəzərdə tutulmayan öhdəliyinə istinad edərək (binanın qarşısındakı boş sahədə istirahət mərkəzi və park tikilməsi ilə bağlı) ondan pul tələb etməsi əsassızdır.

32. Məhkəmə bir halı da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsinin mənzilinə düşən günəş işığının tam kəsilməsinə səbəb olmasını bildirsə də, məhkəmənin bu halın ekspertiza təyin etmək yolu ilə müəyyən edilməsi təklifini rədd edərək, hətta israrla yekun qərarın çıxarılmasını tələb etmişdir.

33. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar