Məhkəmə qərarları › İş №2(011)-5998/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5998/2023

05.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5998/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz əmrin ləğvi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz əmrin ləğvi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 noyabr 2020-ci il tarixində Cavabdeh MMC-nin “Bayıl” filialına işə qəbul olmuş, uzun müddət “Bayıl” filialında işləmişdir. 2023-cü ilin may ayında iddiaçını “Yasamal Mida” filialına göndərmişlər. Lakin iddiaçı Bayıl qəsəbəsində yaşayır, yolu uzaq olur, həmçinin 2-ci qrup əlilliyi var, iddiaçı "Bazarstore” MMC-nin ofisinə yaxınlaşıb müdriyyətə bunu bildirmişdir və xahiş etmişdir ki, onu evinə yaxın olan filiallarından birinə göndərsinlər. Müdriyyət ona bildirmişdir ki, əvvəl işlədiyi filiala, yəni “Bayıl” filialına işə qayıda bilər. İddiaçı xəzinədarlığa zəng edib bildirmişdir ki, müdriyyət onu həmin filiala işləməyə göndərir, onlar da məlumat vermişlər ki, səhəri günü saat 11:00-da işə çıxsın. İddiaçı işə çıxıb bir saat işlədikdən sonra filialın müdir müavini ona yaxınlaşaraq sual vermişdir ki, “sən burda neyləyirsən, səni bura kim göndərib?”, sonra da iddiaçıya “sən burda işləməməlisən” demiş və onu işləməyə qoymamışdır. İddiaçı baş ofisə müdriyyətə müraciət etmək üçün getmiş, lakin müdir iş yerində olmamış, iddiaçıya onun nömrəsini vermişlər, iddiaçı sonuncuyla əlaqə saxlaya bilməmişdir. Bir daha ofisə yaxınlaşmış, dəfələrlə zəng etsə də zənginə cavab verən olmamışdır. Yenə ofisə yaxınlaşarkan xahiş etmişdir ki, onun adından müdriyyətə məlumat versinlər, onu "Bayıl” filialinda müdir müavini işləməyə qoymamışdır, iddiaçıya bildirmişlər ki, məlumatı müdriyyətə çatdıracaqlar. İddiaçı Cavabdeh MMC-nin müdriyyətindən cavab gözlədiyi müddətdə öyrənmişdir ki, qeydiyyatda olduğu ünvana "Bazarstore” MMC məktub göndərib. Lakin Cavabdeh MMC-nin məlumatı olmuşdur ki, iddiaçı başqa ünvanda yaşayır, ona baxmayaraq məktubu qeydiyyatda olduğu ünvana göndərmişlər. Məktubda qeyd olunmuşdur ki, işə gəlməməyinin səbəbini 2 iş günü ərzində yazılı şəkildə onlara bildirməyini xahiş etmişlər. Lakin iddiaçı qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün vaxtında məktubu ala bilməmişəmdir. Məktubu əldə etdikdən sonra iddiaçı Cavabdeh MMC-nin ofisinə yaxınlaşmışdır və ona bildirmişlər ki artıq onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Cavabdeh MMC-nin ofisinə dəfələrlə müraciət etsə də, iddiaçıya onlara yazılı şəkildə ərizə yazib verməsi deyilməmişdir ki, hansı səbəbdən o, “Yasamal Mida” filialında işləmək istəmir. Bu məsələ ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və iddiaçıya məlumat vermişlər ki, müraciətə baxılacaq və iddiaçıya cavab telefon nömrəsinə zəng edilərək bildiriləcək. İddiaçıya zəng edərək bildirmişlər ki, bu məsələ ilə bağlı o, Mediasiya Şurasına müraciət etməlidir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbinə etiraz edərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında 23 noyabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentində “kassir” vəzifəsində işə qəbul edilmişdir. İş materiallarından görünür ki, cavabdeh təşkilatda pərakəndə satış departamentində “kassir” vəzifəsində çalışan İddiaçı xırda pul olmadığını bildirərək müştəriyə məhsulu satmaqdan imtina etmiş, bu səbəbdən Cavabdeh MMC tərəfindən 03 may 2023-cü il tarixli 133T saylı əmrlə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli aktdan görünür ki, iddiaçı 17 may 2023-cü il tarixdən heç bir üzrlü səbəb göstərmədən bütün iş günləri işə gəlməmişdir. İş materiallarında olan 31 may 2023-cü il tarixli 1973 saylı əmrdən görünür ki, Cavabdeh MMC-də pərakəndə satış departamentində “kassir” vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə xitam verilmişdir. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğudan görünür ki, iddiaçının ümumi xəstəlik səbəbindən ikinci qrup əlilliyi vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəyə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 158.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172.1-ci maddəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Araşdırılmış mülki iş materiallarından görünür ki, cavabdeh iddiaçının iş yerində davamlı olaraq olmadığını əsas gətirərək onunla əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə iclasında izahatı alınan iddiaçı bildirmişdir ki, cavabdehin Bayılda yerləşən filialına işə qəbul olunmuş və orada çalışmağa başlamışdır. Bir müddət sonra mağaza rəhbərliyi ona bildirmişdir ki, onun iş yeri dəyişdirilərək “Yasamal Mida” filialına keçməlidir. Daha sonra o, istinad olunan ünvan üzrə mağazanın filialına getmiş, mağazanın uzaqda olduğunu və onun görmə qabiliyyəti zəif olduğu üçün gedib-gəlməsini maneə yaradacağını aşkar etmişdir. O, bu barədə baş ofisə məlumat vermişdir. Baş ofisdən ona əvvəlki iş yerinə qayıda biləcəyi bildirilmişdir. Növbəti gün o, Bayılda yerləşən filiala gəlmiş, orada bir saat çalışdıqdan sonra mağazanın meneceri tərəfindən ona iş yerinin dəyişdirilməsi və bu filialda olmasının qanunsuz olduğu bildirilərək işdən xaric edilmişdir. İstinad olunanlara münasibətdə məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsi bağlanan zaman Məcəllədə müəyyən edilmiş 1-ci əlavədə təsbit edilən formaya əlavə edilməlidir. İstinad olunan əlavənin 1.2-ci bəndində qeyd edilir ki, müqavilədə iş yerinin adı, faktiki fəaliyyət göstərdiyi ünvan, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin adı kimi məlumatlar qeyd olunmalıdır. İş materiallarında mövcud olan tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, istinad olunan müqavilə qanunvericiliyin tələbləri pozulmaqla, yəni işçinin iş yerinin adı və ünvanı qeyd edilməməklə tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən işçinin iş yeri dəyişdirilərkən ona bu barədə məlumat verilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən cavabdeh təşkilatdan iddiaçının nəyə əsasən başqa iş yerinə keçirilməsi, keçirilməsinə əsas olan sənədlər tələb edildikdə cavabdehin nümayəndəsi belə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, işçinin iş yerinin dəyişdirilməsinin qanuni əsası mövcud olmalı və onu tənzimləyə sənədlər olmalı idi. İşçiyə iş yerinin dəyişdirilməsi barədə məlumatların şifahi qaydada bildirilməsi yolverilməzdir. Nə qədər ki, müqavilə əsasında iddiaçının iş yerinin hara olması (ünvan baxımından) dəqiqliyi ilə bildirilməmiş, daha sonra Bayıl filialından başqa filialı keçirilməsi hər hansı daxili əmrə və ya göstərişə əsaslanmadığından cavabdehin məhz bu əsasla işçi ilə müqaviləyə xitam verməsi qanunauyğun deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 31 may 2023-cü il tarixli əmr ləğv edilidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda iş fəaliyyətini davam etdirmək niyyətində deyildir. O, sadəcə onun barəsində tətbiq edilmiş Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndinə əsasən onunla müqaviləyə xitam verilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəfindən tərəflərə mübahisəni məhkəmədənkənar barışıq yolu ilə həll edilməsi təklif edilmiş, lakin cavabdeh tərəf buna razılıq verməmişdir. İddiaçı işə bərpa olunmasına və məcburi işburaxmaya görə vəsaiti tələb etmişdir. Odur ki, istinad olunan əmr ləğv edildiyindən iddiaçı sonuncu tutduğu vəzifəyə bərpa olunmalı, məcburi işburaxma müddətinə görə ona əmək haqqı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31 may 2023-cü il tarixli əmr ləğv edilsin və İddiaçı Cavabdeh MMC-də tutduğu pərakəndə satış departamentində “kassir” vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar