Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-60/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, nümayəndəsi X2, habelə vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə və əlavə tikintinin aparılmasına sərf olunmuş pulun müəyyən edilərək iddiaçıya düşən hissəsinin qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.
2. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürlüməsi barədə” xx.xx.2014-cü il tarixli 2 saylı Protokolundan çıxarışa əsasən cavabdeh "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş onun razılıq yolu ilə sözügedən MTKnın Bakı şəhəri, Əhmədli yaşayış sahəsi, Babək prospekti 94 ünvanında inşa etdiyi 16 mərtəbəli, 11 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 82 kv.m., yaşayış sahəsi 42 kv.m. olan 2 otaqlı 83 saylı mənzilə qeydə düşməsi təsdiq edilmişdir. 045803 nömrəli kassa mədaxil qəbzinə əsasən 21.771 manat mənzilə görə pay haqqı cavabdeh tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Bakı şəhəri Xətai rayonu, Babək prospekti 94, ev 11, mənzil 83 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 872, M16, m5) ünvanında yerləşən 76 kv.m.-dən ibarət mənzilə (bundan sonra – Mənzil) dair cavabdehin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Tərəflər nikaha daxil olmamışdan əvvəl, nişanlı olduqları vaxt Mənzildə tam təmir işləri aparılmış, həmçinin onların birgə nikahda olduqları müddətdə Mənzilin daxili otaqlarında yerdəyişmələrdən ibarət təmir işləri aparılmışdır.
İddia ərizəsinin və ona etirazların dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Bakı şəhəri Xətai rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin təmirinə çəkilmiş 40,800 manat məbləğində pul vəsaiti və birgə nikah müddətində mənzildə aparılmış əlavə tikintilərə və təmir edilməsinə çəkilmiş 8,900 manat məbləğində vəsaitin ½ hissəsi, yəni 4,445 manat olmaqla, cəmi 45,245 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından iki övladları var. Əvvəllər mehriban yaşamışlar. Cavabdeh son vaxtlar ailədə söz-söhbətlər yaratmış, onun bu hərəkətləri sonda ailnin dağılmasına səbəb olmuşdur. Nikahkları pozulmuşdur. Nişanlı olduqları dövrdə cavabdehin valideynləri tərəfindən Mənzil təmirsiz olaraq alınmışdır. Aralarındakı razılaşmaya görə Mənzilin tam təmirini öz öhdəsinə götürmüş və hımin vaxt Mənzilin tam təmirinə 48.800 manat pul xərcləmişdir. Evlilik dövründə isə iki otağı üç otağa dəyişdirmək üçün 8900 manat pul şəxsən onun tərəfindən ödənilmişdir. Hazırda həmin Mənzildə qeydiyyatdadır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeydbetmişdir ki, Mənzil onların birgə nikah dövründə deyil, iddiaçının öz vəsaiti hesabına alınmış, istifadə edilərək yararlı vəziyyətə gətirilmişdir. Təmir işləri onun atasının vəsaiti hesabına və onun rəhbərliyi ilə aparılmış, 2014-cü ilin fevral ayında təmirə başlanılmış, may ayında isə tamamilə bitmişdir. Bundan başqa, onların birgə nikah dövründə Mənzilə və ya onun təmirinə heç bir vəsait xərclənməmiş, əksinə yaşadığı evin 2019-cu ildən yığılıb qalmış 5 illik kommunal xidmət xərclərini onun atası Yusif Bayramov ödəmiş, bu barədə GÖHƏR” MTK-nın arayışı vardır. İddiaçının iddia etdiyi ev birgə nikah dövründə əldə edilmiş əmlak deyil və iddiaçı həmin mənzilin təmiri, mənzildə aparılmış əlavə tikintilər üçün heç bir vəsait xərcləməmişdir. Birgə nikah dövründə iddiaçının heç bir qazancı olmayıb, onun atasının etdiyi maddi yardım hesabına yaşamış, son bir il ərzində fəhlə işləmişdir. Cavabdeh nikahın pozulması barədə keçirilən məhkəmə iclasında Bravo supermarketdə işlədiyini və 560 manat əmək haqqı aldığını bildirmişdir. Bununla da, iddiaçı bir daha təsdiq edir ki, mənzilin təmir tikintisinə pul xrcləmək imkanı olmamaış, mənzilə görə yığılmış kommunal xidmət xərclərini isə onun atası ödəmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.
8. Cavabdeh vəkili və nümayəndəsi, habelə atası-nümayəndəsi məhkəmə iclasında yazılı etirazlarına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdilər.
9. İddiaçı tərəfindən dəvət olunmuş şahid X9 məhkəmə iclasında bildirdi ki, iddiaçını qohumu vasitəsilə 2014-cü ildən tanıyır. Evini 3 nəfər usta ilə birlikdə təmir edib. Təmir işləri 2014-cü ilin yaz-payız aylarında aparılıb. Ev mətbəxlə birlikdə 3 otaqdan ibarət idi. Evdə malyar işləri, kafel, metlax, divar kağızının, tavana alçipan və döşəmənin vurulması işlərini yerinə yetirmişlər. Təmir işlərinə görə pulu iddiaçı və onun qardaşı ödəyirdi. Tikinti materiallarını da iddiaçı alırdı. Təmir işlərinə görə ümumilikdə 9500 manat pul almışdır. Təmirin 1 kv.m. 300-320 manata hesablanırdı. Təmir orta keyfiyyətli idi. Hətta, həmin binanın 10-cu mərtəbəsində ev alan bir şəxs onun işini bəyəndiyi üçün onun da evini təmir etmişdi.
10. İddiaçı tərəfindən dəvət olunmuş şahid X3 məhkəmə iclasında bildirdi ki, iddiaçını tanıyır, qardaşı ilə birlikdə onun evində işləyib. Ev Babək prospektində Medikal Plazanın yanında idi. 16 mərtəbəli binada yerləşirdi. Elektrik işindən başqa bütün işləri görüblər. Elektrik işini balaca boy, ağsaqqal kişi yerinə yetirmişdi. Təmir işlərini qardaşı Haqverdi iddiaçının qardaşı Vüqarla danışmışdı. Mal-materialları iddiaçı alıb gətirirdi. İddiaçı ilə qardaşından başqa evə heç kəs gəlmirdi. Evin təmirinə görə 9000-10000 manat pul almışlar. Hamama qırmızılı-ağlı kafel-metlax vurmuşlar. Ev yataq otağı, qonaq otağı və mətbəxdən ibarət idi. Evi iddiaçı onlara öz evi kimi təqdim etmişdi. Təmir bir ay yarım davam etdi, iddiaçının toyu qabağı idi, ona görə də tez işləyirdilər. Divar kağızlarının rəngini xatırlamır. Qonaq otağından ümumi koridora çıxış var idi, onu da bağladılar. Hətta bir dəfə iddiaçı zəng etdi ki, vurduqları lambrin qopub, gedib yenidən vurdular. İşləyərkən qardaşı da mahnı oxuyurdu.
11. İddiaçı tərəfindən dəvət olunmuş şahid X5 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə eyni mərtəbədə yaşayan qonşusu olub. Təmir işini Haqverdi və onun qardaşı edirdi. Alınmamışdan əvvəl iddiaçının mənzilin, hətta saxlanc kimi istifadə edirdi. Təmir işləri aparılanda iddiaçı, qardaşı, atası və usta Haqverdi ilə qardaşından başqa heç kimi görməyib. 3 nəfər usta var idi. İddiaçı ona demişdir ki, təmir üçün kredit götürüb. Eyvanı sonradan birləşdirdilər. O, 2014-cü ildən həmin binada yaşayır. Təmir işləri 2016-cı ildə aparılıb. Mənzil 2 otaqlı idi. Hamamın metlaxı qara rəngli idi.
12. İddiaçı tərəfindən dəvət olunmuş şahid X6 (iddiaçının bacısı) məhkəmə iclasında bildirdi ki, evi cavabdehin atası alıb, təmiri isə onun atası və qardaşı (iddiaçı) edib. Ev təmir olunub, sonra cavabdehin cehizləri yığılıb. Mənzil iki otaq bir mətbəx idi, sonradan mətbəxi eyvana köçürüb, mətbəxi otaq elədilər. İkinci dəfə işər görülüəndə evli idilər, uşaqları da var idi. Evin təmirinə 9500 manat pul verilib. Pul veriləndə o, ailəli idi və atasıgildən ayrı yaşayırdı. Eşitdiyinə görə evdə iki usta işləyirdi.
13. İddiaçı tərəfindən dəvət olunmuş şahid X7 (iddiaçının anası) məhkəmə iclasında bildirdi ki, iddiaçını nişanladıqdan sonra evlə bağlı söhbətləri oldu. Onlar ayrıca ev almaq, ya da tikmək istəyirdilər, amma cavabdehin atası dedi ki, ehtiyac yoxdur ev var. Evin təmiri üçün "xxxx" ASC-dən 12500 dollar kredit aldı. 10000 dollar da əri aldı. İddiaçının da işi var idi, 3500 manat verdi, sonradan 4000 manat kredit aldı, 10000 manat da özündə var idi. Evin təmirinə 30000 manat xərcləri çıxdı, 9500 manat utalara pul verildi. Təmir işlərinə 2014-cü ilin aprel ayında başladılar.
14. İddiaçı tərəfindən dəvət olunmuş şahid X4 (iddiaçının atası) məhkəmə iclasında bildirdi ki, cavabdehin atası evi aldı. Qobu qəsəbəsində torpaq sahələri var idi, cavabdehin atasına təklif etdi ki, ya orada ev tiksinlər, ya da onu satıb başqa ev alsınlar. Sonradan razılaşdılar ki, cavabdehin atasının aldığı evi təmir etsinlər. Yoldaşı 12500 dollar, özü isə 10000 dollar kredit aldı, özlərində də 6000 manat var idi. 8000 manat isə Cəlal özü verdi. Təmir işlərinə cavabdehin tərəflərin evlənmələrinə razılıq alındıqdan sonra, 2014-cü ilin yanvar-fevral ayından başladılar. Mənzil əvvəl iki otaq, qonaq, yataq və mətbəx otaqlarından ibarət idi, sonradan 3 otaq etdilər. Təmir işlərinə 28000-30000 manat pul xərclənib. Təmirdə cavabdeh iştirak etməyib. Materialları “Dərnəgül” tikinti bazarından alıblar. Təmir işlərində əsasən iddiaçı özü iştirak edib, o arabir getmişdir.
15. Cavabdeh tərəfindən dəvət olunmuş şahid X1 məhkəmə iclasında bildirdi ki, 2014-cü ildə cavabdehin atası ilə tanış olmuşdur. O, bir gün metrodan çıxıb evə gedirdi, əlində tikinti üçün alətlər var idi, cavabdehin atası təsadüfən ona yaxınlaşıb evini təmir etməyi təklif etdi, o da qəbul etdi. Evin təmirini 8000 manata razılaşdılar. Təmirə 2014-cü ilin fevral ayının ortası başladı, üç ay davam etdi, may ayının ortası təhvil verdi. Mənzilin təmirini tək edib. Əvvəl elektrik, sonra suvaq işini yerinə yetirdi. Evə cavabdehin atasından başqa heç kəs gəlməyib. Mal-materialı o, özü alıb gətirirdi. Aldığı 8000 manat pulunu 5000 manatını materiala verib. Hamama ağ-qırmızı şahmat formasında kafel-metlax vurub. Mətbəxə metlax vurmayıb və qapıları quraşdırmayıb. Mənzilin neçənci blokda yerləşdiyi yadında deyil. Divar kağızını onun usta yoldaşı vurub. Döşəmə şam ağacından vurulub.
16. Cavabdeh tərəfindən dəvət olunmuş şahid X10 məhkəmə iclasında bildirdi ki, cavabdehin atasının evində fəhlə işləmişdir. Təmirə 2014-cü ilin fevral ayının 14-d başladılar, may ayında təhvil verdilər. Mal-materialı Yusif müəllim (cavabdehin atası) alırdı. O, hər gün yanlarında idi. İlkin olaraq divara ağadıcı vurulub, suvaq var idi. Elektruk ustası var idi. Mənzil 16-cı mərtəbədə yerləşirdi, üç otaq (qonaq otağı, yataq otağı, uşaq otağı), bir mətbəx, sanuzel otağından ibarət idi. Divar kağızını Fizuli usta ilə birlikdə vurdular. Evin təmirinə görə pulu cavabdehin atası verirdi, ondan başqa heç kəs gəlmirdi. 8000 manat pul vermişdi. Mətbəxə metlax, tavana isə alçipan vurmuşlar. Qapılar rəngli idi, çöl qapı qırmızı təhər rəngdə və dəmir idi.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
22. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
26. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. İddiaçının iddia tələbi cavabdehin mülkiyyətində olan və onların birgə nikaha daxil olmasından əvvəl alınmış Mənzilin təmirinə görə çəkilmiş xərcin qaytarılması ilə bağlıdır. İşin mübahisəsiz halıdır ki, Mənzil birgə nikah dövründə və tərəflərin qazancı hesabına əldə edilməmişdir. Həmçinin, o da mübahisəsiz haldır ki, Mənzildə birinci dəfə təmir işləri tərəflərin birgə nikaha daxil olmasından əvvəl aparılmış, lakin onlar nikaha daxil olduqdan sonra uzun müddət həmin Mənzildə yaşamış və həmin müddətdə ikinci dəfə Mənzilin daxili otaqlarında dəyişiklik edilmişdir. Mübahisə olmadığı vəziyyətdə baxıldıqda Mənzilin birinci təmirinə sərf edilmiş pul vəsaitinin xərclənməsi, tərəflərin həmin Mənzildə daimi birgə yaşayacaqlarını arzu edərək onların qarşılıqlı razılıqlarına (birinci təmirin iddiaçının etdiyi sübuta yetirildiyi halda) əsaslanmışdır. Mənzillin ikinci dəfə təmirinə çəkilmiş xərc isə, yenə də tərəflərin həmin Mənzildə daimi birgə yaşayacaqlarını arzu edərək birgə qazanclarının razılıq əsasında xərclənməsinə əsaslanır. Göründüyü kimi, hər iki halda tərəflərin Mənzilin təmir edilməsində və buna görə vəsait xərclənməsində razılıqları ilə ehtiva olunan hüquqi əsas mövcud olmuşdur. Hüquqi əsası şərtləndirən vacib əlamət isə onların nikaha daxil olaraq birgə ailə kimi yaşamaq istəyi ilə bağlı olmuşdur. Lakin sonradan tərəflərin ailə münasibətlərinə (birgəliklərinə) son qoyulması ilə Mənzilin təmirinə görə xərcin çəkilməsinə əsas verən hüquqi əsas aradan qalxmışdır. Odur ki, məhkəmənin qənaətinə görə tərəflər arasında mübahisəyə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının müdəaları tətbiq edilməlidir.
29. İddia ərizəsindən isə görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: tələbin birinci hissəsi Mənzilə dair birgə nikaha daxil olanadək çəkilmiş xərcin tam, ikinci hissəsi isə birgə nikah dövründə çəkilmiş xərcin yarısının qaytarılması ilə bağlıdır. Odur ki, hər bir tələbə ayrılıqda hüquqi qiymət verilməlidir.
30. İddia tələbinin birinci hissəsi ilə bağlı, əvvəldə də qeyd edildiyi kimi, Mənzilin təmirinin tərəflərin nikaha daxil olmasından əvvəl aparılması işin mübahisəsiz hallarındandır. Mübahisə isə təmirin kim tərəfindən aparılması ilə bağlıdır. Lakin tərəflər arasında nikaha qədər aprılmış təmir işləri ilə bağlı rəsmi yazılı sübutlar mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, mübahisə yalnız şahid ifadələri və onların mötəbərliyi əsas götürülməklə həll edilməlidir.
31. Məhkəmə baxışı zamanı Mənzilin təmirinin kim tərəfindən həyata keçirilməsi ilə bağlı həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş şahidlər dindirilmişdir. İddiaçının təqdim etdiyi şahidlər tərəflər arasında nikah bağlananadək Mənzilin təmirinin iddiaçı, cavabdehin təqdim etdiyi şahidlər isə cavabdehin atası tərəfindən edildiyini bildirmişlər. Bu kontekstdə şahid ifadələrinin mötəbərliyi işin təmirlə bağlı digər faktiki halları ilə müqayisə edilərək müəyyən edilməlidir.
32. İddiaçı tərəfindən təqdim edilmiş və Mənzildə usta işlədiyini bildirən şahidlər, Haqverdi və Tanrıverdi Mənzildə elektrik işlərindən başqa digər təmir (suvağın vurulması, kafel-metlax, şpaklyovka işləri, divar kağızının və polun vurulması) işlərini yerinə yetirdiklərini, Mənzilin 2 otaq (yataq və qonaq) və bir mətbəxdən ibarət olmasını, sanuzel otağına ağlı-qırmızılı kafel-metlax vurulduğunu, mətbəxin bir hissəsinə də metlax vurduqlarını, 3 nəfər işləməklə təmirin bir ay yarım davam etdiyini dedilər.
33. Cavabdeh tərəfindən təqdim edilmiş və Mənzildə usta işlədiyini bildirən şahid Fizuli Abdullayev də Mənzildə elektrik işləri də daxil olmaqla (otaq qapılarının quraşdırılması istisna olmaqla) Mənzildə təmir işərini tək yerinə yetirdiyini, Mənzilin iki otaq bir mətbəxdən ibarət olmasını, lazım olan mal-materialı özü aldığını bildirsə də, onunla birlikdə fəhlə işlədiyini iddia edən Sahil Hüseynov Mənzili 3 otaq bir mətbəxdən ibarət olmasını, təmir üçün mal-materialı cavabdehin atasının alıb gətirdiyini bildirmişdir. Bundan başqa, Fizuli Abdullayev elektik xəttinin çəkilməsi və suvağın da onun tərəfindən vurulduğunu bildirsə də, Sahil Hüseynov onlar işə başlayarkən Mənzildə suvağın olmasını və onların ilkin olaraq şpaklyovka vurduqlarını bildirmişdir.
34. Son iki bənddə göstərilən şahid ifadələrini müqayisəli təhlil etdikdə görünür ki, cavabdehin təqdim etdiyi şahidlərin ifadələrində kifayət qədər ziddiyyətli məqamlar vardır. Həmçinin, iddiaçı tərəfindən Mənzilin sanitar qovşağında əvvəl aparılan təmir işlərini əks etdirən CD dayışıcıda video görüntü təqdim edilmişdir. Həmin video görüntüdən də görünür ki, Mənzilin sanitar qovşağındakı (məhkəməyə təqdim edilmiş həm CD diskdəki vedo çəkilşdən, həm tərəfələrin və şahidlərin ifadələrindən, həm də ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, sanitar qovşağa vrurulmuş kafel-metlax ağlı-qırmızılı rəngdədir, bu hal həmin video çəkilişin Mənzildə aparılması qənaətinə gəlməyə əsas verir) usta işləyərkən mahnı oxuyur. Halbuki, şahid Tanrıverdi Alıyev məhkəmədə ifadə verərkən qardaşının işləyərkən mahnı da oxuduğunu bildirmişdir.
35. Şərh edilənlərə əsasən məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinin (xüsusilə, Tanrıverdi və Haqverdi qardaşlarının) daha ağlabatan və mötəbər hesab edir. Cavabdeh tərəfin təqdim etdiyi cəmi iki şahidin ifadələri arasında isə, yuxarıda şərh edilən ziddiyyətlər vardır. Həmçinin də, Mənzilin sanitar qovşağında əvvəl aparılan təmir işlərini əks etdirən CD dayışıcıdakı video görüntüdə ustanın işləyərkən mahnı oxuması iddiaçı tərəfindən təqdim edilən şahid Tanrıverdi Alıyevin məhkəmədə qardaşının iş görərkən mahnı oxuması ilə bağlı verdiyi ifadəni təsdiq edir.
36. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş digər şahidlərin ifadələrində müəyyən ziddiyyətlər olduğundan, məsələn şahid Cavid Əhmədov Mənzildə təmir işlərinin 2016-cı ildə aparıldığını bildirsə də, işin mübahisəsiz halıdır ki, təmir 2014-cü ildə aparılmışdır, şahid Vüsalə Azayeva ustalara verilən pulun dəqiq məbləğini göstərsə də, sonradan onun həmin vaxt ər evində olduğunu və atasıgillə birlikdə yaşamadığını bildirmişdir. Həmçinin, işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, şahidlər Sədaqət Qurbanova və Hikmət Qurbanov Mənzildə təmir işləri aparılarkən orada olmamışlar. Bundan başqa, təmir işlərinə Hikmət Qurbanov 10000 ABŞ dolları, Sədaqət Qurbanova isə 12000 ABŞ dolları məbləğində kredit aldığını bildirsələr də, işdə Hikmət Qurbanovla "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsində 10000 ABŞ dolları məbləğində kreditin istehlak məqsədi üçün alındığı müəyyən edilir. "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarından isə görünür ki, Sədaqət Qurbanova tərəfindən 12500 ABŞ dolları kredit xx.xx.2014-cü il tarixdə çıxarılmışdır. "xxxx" ASC-nin digər hesabdan çıxarış məlumatlarından isə görünür ki, Sədaqət Qurbanova tərəfindın 3092,2 manat kredit 2019-cu ildən başlayaraq ödənilməlidir.
37. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdehin nümayəndəsinin (atasının) səs yazısını əks etdirən CD diskdəki danışıqda sonuncu Mənzilin onun tərəfindən alınmasını ildirsə də, ilkin təmir işlərinin də onun tərəfindən alınmasını bildirmir.
38. Bütün bu şərh edilənlər isə nikahdan əvvəl Mənzildə təmir işlərinin iddiaçı tərəfindən aparılması barədə qənaətə gəlməyə tam əsas verir. Lakin məhkəmə Mənzildə nikahdan əvvəl təmir işlərinin iddiaçı tərəfindən aparılması qənaətinə gəlsə də, təmir xərci ilə bağlı iddia tələbi ilə razılaşmır. Belə ki, Mənzilin təmirinə həm birinci (2014-cü il), həm də ikinci dəfə çəkilmiş xərcin müəyyən edilməsi barədə məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilsə də, iş üzrə rəy vermiş hər iki ekspert yalnız mövcud bazar qiymətlərinə uyğun olaraq Mənziln təmirinə 30413 manat vəsaitin xərcləndiyini qeyd etmişlər. Ona görə də, məhkəmə hər iki ekspert rəyini mörəbər sübut kimi qəbul etmir.
39. Tərəflər birgə nikaha daxil olanadək Mənzildə aparılmış təmir işlərinə çəkilmiş xərcin hesablanması barədə cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyini məhkəmə daha əsaslı və ağlabatan hesab edir, çünki həmin mütəxəsis rəyində Mənzildə təmir işlərinə çəkilən xərc 2014-cü ilin bazar qiymətləri əsas götürülməklə 10380 manat hesablanmışdır. Həmçinin, həmin mütəxəsis rəyində Mənzildə əvvəl aparılan təmirə sərf olunmalı tikinti materialları və onların qiymətləri təfsilatlı şəkildə göstərilmişdir. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçının birinci tələbi qismən, Mənzildə tərflərin nikahına qədər aparılan təmirə 10380 manat pulun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, iş materialları əsasında xx.xx.2014-cü il tarixdə Mənzilin təmirsiz vəziyyətdə 21771 manat dəyərinin ödənildiyi halda, bir aydan sonra təmirinə 40800 manat, yəni təxminən Mənzilin dəyərini iki dəfəyə yaxın artıran təmir işlərinin yerinə yetirilməsi ağlabatan görünmür.
40. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə, Mənzilin daxilində dəyişiklərlə bağlı təmir işlərinin tərəflərin birgə nikah müddətində olduğu vaxt aparılması işin mübahisəsiz halıdır. Əksi sübuta yetirlmədiyi üçün həmin vaxt təmirə çəkilən xərcin tərəflərin birgə qazancları hesabına olması barədə qənaətə gəlmək də mümkündür. Beləliklə, Mənzilin daxili otaqlarının təyinatını (mətbəx və eyvanın) dəyişdirilməklə bağlı ikinci təmir işlərini yerinə yetirmək üçün tərəflər birgə vəsait xərcləmiş, təmir zamanı öz payına düşən pulun sərf ediləsinə razılıq verməkdə iddiaçının məqsədi həmin Mənzildə daimi yaşayaraq öz mənzil təlabatını ödəmək olmuş, lakin həmin təmir işləri başa çatdıqdan qısa müddət sonra (1 ildən sonra) tərfllərin nikahları pozulmaqla ailə münasibətlərinə xitam verilmiş, bununla da iddiaçı Mənzildə daimi yaşamaq istəyindən məhrum olmuş, cavabdeh isə təmirə çəkilmiş xərcin yarısı nisbətində iddiaçının hesabına əsassız varlanmışdır.
41. Lakin məhkəmə iddianın bu hissəsində də, tələb edilən pul vəsaitinin həcmi ilə razılaşmır. Belə ki, Mənzilin təmirinə ikinci dəfə 8900 manat pulun xərclənməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə təfəfindən ekspertiza təyin edilərkən bununla da bağlı ekspert qarşısında suallar qoyulsa da, hər iki ekspert rəyində həmin suallara cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh də ikinci təmirin, yalnız onun hesabına həyata keçirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut tədim etməmişdir.
42. Buna baxmayaraq iddiaçı ikinci təmirə 8900 manat xərləndiyini bildirsə də, özü məhkəmə iclasında bidirmişdir ki, Mənzildə ikinci təmirin edilməsindən əvvəl özlərində 3500 manat pul olmuş, 2200 manat da kredit (cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləindən də görünür ki, cavabdehə şəxsi istehlak məqsədilə 2200 manat pul verilmişdir) alıb təmir işlərinə başlamışlar. Odur ki, məhkəmə iddiaçının məhkəmə iclasında ikinci təmirlə bağlı etirafını əsas götürərək mübahisənin buna uyğun həll edilməsini ədalətli hesab edir.
43. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsi qismən, yəni ikinci dəfə Mənzildə aparılmış təmir işlərinə görə çəkilmiş 5700 manat xərcin yarısı, yəni 2850 manat pulun tutulması hissəsində təmin edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. 13 230 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Tərəflərdən ekspertiza xərci tutulmur. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı