Məhkəmə qərarları › İş №2(011)-6014/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6014/2025

14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6014/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı xx.xx.2007-ci il tarixdə vəfat etmiş xx.xx.1990-cı il təvəllüdlü mərhum oğlu X1 doğulduğu gündən vəfat edən günə kimi ona qulluq etməsi faktının müəyyən olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, hazırkı işə məhkəmə icraatında baxılmalı deyildir. Belə ki, ərizəçi konkret olaraq övladına qulluq etmə faktının müəyyən edilməsinə dair məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsində məhkəmənin müəyyən etdiyi fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların siyahısı göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum 12 aprel 2019-cu il tarixli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu tərəfindən də, qulluq faktının məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməz olması qeyd edilmişdir. Bu əsasa görə də, hesab edirlər ki, məhkəmə tərəfindən işə məhkəmə qaydasında baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı xx.xx.2007-ci il tarixdə vəfat etmiş xx.xx.1990-cı il təvəllüdlü mərhum oğlu X1 doğulduğu gündən vəfat edən günə kimi qulluq etməsi faktının müəyyən olunmasına dair ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum 12 aprel 2019-cu il tarixli Qərarı:

Məhkəmənin mövqeyi:

5. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.1ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

6. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.

7. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş xx.xx.1990-cı il təvəllüdlü mərhum oğlum X1 doğulduğu gündən vəfat edən günə kimi ona qulluq etməyim faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum 12 aprel 2019-cu il tarixli Qərarına əsasən müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. (§4)

9. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə hazırki ərizəyə baxmaqda səlahiyyətli olmadığından mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.

10. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

Məhkəmə xərcləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

12. Qeyd edilən qanunvericilik normasına əsasən, iddiaçının tələbi üzrə mülki iş üzrə icraata xitam verildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 100,60 manat dövlət rüsumu geri qaytarılmalıdır.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264cü maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə üzrə icraata xitam verilsin.

2. İddiaçı Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş ********** qəbz nömrəli 100,60 (yüz manat altmış qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar